Aprelin 17-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə Amerika Birləşmiş Ştatları dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Derek Hoqan arasında telefon danışığı olub.
Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatına görə, telefon danışığı zamanı, iki ölkə arasında əməkdaşlıq gündəliyində duran aktual məsələlər, regionda cari vəziyyət, o cümlədən Azərbaycan və Ermənistan arasında sülh gündəliyi müzakirə mövzusu olub.
XİN-in bildirməsinə görə, Ceyhun Bayramov “Ermənistanın hələ də silahlı qüvvələrini Azərbaycan ərazisindən çıxarmadığını, Azərbaycanın erməni sakinlərin reinteqrasiyasiya səylərinə maneçilik törətdiyi” barədə məlumat verib.
“Derek Hoqan bölgədə davamlı sülhün, təhlükəsizliyin bərqərar edilməsi üçün Azərbaycan və Ermənistan arasında normallaşma prosesinin uğurla nəticələnməsinin, mövcud məsələlərin danışıqlar yolu ilə həllinin vacib olduğunu bildirib. ABŞ-ın sülh prosesinə dəstək verməyə hazır olduğunu diqqətə çatdırıb” - məlumatda vurğulanıb.
Bu fikirlərə, hələlik, Ermənistanın rəsmi qurumlarının münasibəti bəlli deyil.
Amma onlar buna qədər öz silahlı qüvvələrini Qarabağdan tam çıxarmadıqları haqda deyilənləri qəbul etməyiblər.
Üstəlik, Azərbaycanın reinteqrasiyasiya ilə bağlı təkliflərinə cavab olaraq Qarabağda separat,; rejimin təmsilçiləri deyib ki, “Qarabağın müstəqilliyinin alternativi yoxdur”.
Son illər Azərbaycanla Ermənistan müəyyən fasilələrlə həm Rusiya, həm də Avropa İttifaqının (Aİ) vasitəçiliyi ilə sülh danışıqları aparır. Amma, hələlik, tərəflər arasında sülh sazişi imzalanmayıb.
Xatırlatma
Azərbaycan 2020-ci ildə, 44 günlük müharibə nəticəsində Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.
Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.
1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olmuşdu.
1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.