Keçid linkləri

2024, 12 Oktyabr, şənbə, Bakı vaxtı 16:39

Azərbaycan-Çexiya biznes forumu keçirilib


“Azərbaycanda xidmət, rabitə, ticarət, tikinti və başqa sahələrdə 25 çex kapitallı şirkət fəaliyyət göstərir. Çex şirkətləri Azərbaycanda ümumi dəyəri 2 mlrd. dollardan çox olan dövlət layihələrinə podratçı qismində cəlb ediliblər”.

Bu gün, sentyabrın 12-də Bakıda keçirilən Azərbaycan-Çexiya biznes forumundakı çıxışında iqtisadiyyat naziri Şahin Mustafayev belə deyib.

Naziriliyin məlumatına görə, forumda rəsmi şəxslərlə yanaşı, turizm, səhiyyə, logistika, bank, xidmət, sığorta, maşınqayırma, energetika və başqa sahələrdə fəaliyyət göstərən 130-a yaxın iş adamı iştirak edib.

Azərbaycan və Çexiya arasında müxtəlif sahələri əhatə edən 25 sənədin imzalandığını deyən Şahin Mustafayev qeyd edib ki, son illər iki ölkə arasında ticarət dövriyyəsi artıb:

“Çexiyanın Cənubi Qafqaz ölkələri ilə ticarət dövriyyəsinin 85 faizi Azərbaycanın payına düşür. Qarşılıqlı investisiya qoyuluşları həyata keçirilib və bu sahədə əməkdaşlığın genişləndirilməsi imkanları böyükdür…Gəncə avtomobil zavodu və Çexiyanın “Tatra” şirkəti arasında Azərbaycanda yük maşınlarının yığılması barədə razılaşma var”.

Nazir daha sonra deyib ki, Azərbaycan stabil ölkədir:

“Azərbaycan regionun siyasi və iqtisadi mərkəzidir, burada müasir infrastruktur yaradılıb, tranzit potensialı genişdir. Cənubi Qafqazda ümumi daxili məhsul (ÜDM) istehsalının 60 faizindən çoxu Azərbaycanın payına düşür”.

Çexiyanın sənaye və ticarət naziri Marta Novakova isə öz növbəsində Azərbaycanın onun ölkəsinin ənənəvi tərəfdaşı olduğunu deyib. O, bildirib ki, çex şirkətləri Azərbaycanla əməkdaşlıqda maraqlıdır.

Biznes forum çərçivəsində iş adamları arasında ikitərəfli görüşlərin keçirildiyi, işgüzar əlaqələrin genişləndirilməsi imkanlarının müzakirə olunduğu qeyd edilib.

XS
SM
MD
LG