Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 17:56

İlqar Məmmədovun oxuduğu universitetin başı dərddə


CEU
CEU

Aprelin 4-də Macarıstanda qəbul olunmuş qanun maliyyəçi George Soros-un əsasını qoyduğu universiteti ölkədən çıxmağa məcbur edə bilər. Bu plan Budapeştin özündə də, xaricdə də narazılıq yaradıb.

Baş nazir Viktor Orban ötən həftə demişdi ki, Mərkəzi Avropa Universiteti (CEU) diplomların verilməsi zamanı qaydaları pozub. Universitet bu iddiaları təkzib edir.

Hökumət deyir ki, qanunun məqsədi xarici universitetlərdəki inzibati çatışmazlıqları aradan qaldırmaqdır. «Reuters» xəbər agentliyi bunu müstəqil institutlara təzyiqlərin artması kimi dəyərləndirir. Belə ki, Orban-ın müttəfiqlərinin ədliyyə, media və mərkəzi bank üzərində təsiri güclənməkdədir.

Macarıstanda və xaricdə çoxları hesab edir ki, qanun məhz CEU-nu ölkədən qovmaq niyyəti güdür. Baş nazir Viktor Orban bu təhsil ocağına liberal müxalifətin qalası kimi baxır. Parlamentdəki səsvermədən sonra CEU-nun vitse-prezidenti Liviu Matei jurnalistlərə deyib ki, bu addım AB ölkəsində akademik azadlığa görünməmiş hücumdur.

G.Soros
G.Soros

«AGENTLƏR»

ABŞ və Avropadakı liderlər universitetə, akademik azadlığa dəstəklərini bildiriblər. Amma Orban-ın humanitar məsələlər üzrə naziri parlamentdə deyib ki, Soros-un dəstəklədiyi qurumlar hökumətə zərbə vurmaqdadır.

«George Soros-un Macarıstanda və bütün dünyada işlək qurumları, sadəcə, kəşfiyyata işləyən mülki şəxslərdir və hədəfləri fəaliyyətimizi əngəlləməkdir», – nazir Zoltan Balog deyib.

1991-ci ildə Budapeştdə yaradılmış CEU-nun 1400 tələbəsi var. Universitet qanuni fəaliyyət göstərdiyini, qəbul edilən qanunun konstitusiyaya uyğunluğunu mübahisələndirəcəyini deyir. Universitetin rektoru Michael Ignatieff mətbuat konfransında söyləyib ki, Orban hökumətini qərarının əksinə inandırmaqdan ötrü beynəlxalq kampaniya təşkil edəcək.

Ignatieff hazırda Vaşinqtonda konqresmenlər, hökumət üzvləri, dövlət katibinin müavini Thomas Shannon-la görüşlər keçirir. «Macarıstan prezidentinə sayqıyla müraciətimizdə bu qanunvericiliklə bağlı konstitusion məsuliyyətinin tətbiqini istəyəcəyik. CEU-nu xilas etməyə çalışmaqla Macarıstanda bütün ali təhsil qurumlarının akademik azadlığı uğrunda savaşırıq», – o deyib.

Budapeştdə CEU-ya dəstək aksiyası.
Budapeştdə CEU-ya dəstək aksiyası.

BİRLƏŞMİŞ ŞTATLAR MƏYUSDUR

Bazar günü minlərlə tələbə, professor və universitet tərəfdarı Budapeştdə yürüşə çıxaraq, hökumətdən qanun layihəsinin ləğvini tələb edib. Almaniya prezidenti Frank-Walter Steinmeier dünən – aprelin 4-də Avropa Parlamentini insan haqlarının müdafiəsinə çağırıb, CEU-nun adını özəlliklə vurğulayıb.

Qanun tələb edir ki, xarici universitetlərin həm Budapeştdə, həm də öz ölkələrində filialları olsun. CEU Budapeştdə fəaliyyət göstərən, amma okeanın o tayında filialı olmayan yeganə beynəlxalq kollecdir. Xarici universitetlər o halda Macarıstanda dərəcə, diplom verə bilərlər ki, hökumətləri, CEU-nun durumunda Birləşmiş Ştatlar qanun qüvvəyə minəndən 6 ay ərzində bu məsələylə bağlı razılaşma imzalasın.

ABŞ Mərkəzi Avropa Universitetini hədəfləyən bu qanunvericiliyin sürətli qəbulundan məyusluğunu bildirib. «Birləşmiş Ştatlar bu təhsil ocağının müstəqilliyi və Macarıstanda maneəsiz işindən ötrü çalışacaq», –ABŞ-ın müvəqqəti işlər vəkili David Kostelancik deyib.

«Qanun layihəsinin peşəkar əsaslandırması sıfır dərəcəsindədir», – keçmiş təhsil naziri, sosialistlərdən deputat Istvan Hiller parlamentdə deyib.

17 Nobel laureatı daxil olmaqla, 500-dən artıq akademik təhsil ocağına dəstək bildiriblər.

CEU
CEU

«MƏRKƏZİ AVROPA UNİVERSİTETİNİN SAQASI»

Karneqi Fondunun saytında fondun aparıcı əməkdaşı Judy Dempsey-nin məqaləsi belə adlanır.

Müəllif baş nazir Orban-ın məhz Soros-a qarşı kampaniyasına diqqət çəkir. Orban ölkəiçi və xaricdən gələn etirazlara belə cavab verib ki, ABŞ hökumətinin yaxşı niyyətdən həvəslənəcəyini düşünür və «heç kəsin əndişələnməsinə ehtiyac yoxdur».

«Əndişəyə doğrudan da ehtiyac yoxdur», – yazan müəllif əsrlər boyunca Mərkəzi Avropadakı universitetlərin yüksəksəviyyəli təlim-təhsil mərkəzləri statuslarını saxlamağa çalışdıqlarını vurğulayır. Amma bəzi akademiklərin tədris işi çətinləşincə, mühacirətə də əl atıblar.

«İndi Belarusda da belədir. Prezident Alyaksandr Lukashenka rejimini tənqid edən tələbələr qonşu Polşa və ya Litvada təhsil alır, Avropa Birliyindən dəstək görürlər. Bəs Macarıstanda necə olacaq? Orban, doğrudanmı, bütün dünyadan tələbə və mühazirəçiləri cəlb edən, ideyalar, bilik həvəsi, müstəqillik yayan təhsil ocağından qorxur?», – müəllif yazır.

Qeyd edək ki, CEU-nun məzunları içində azərbaycanlı ictimai-siyasi fəallar da var. Həbsdə olan REAL lideri İlqar Məmmədov, keçmiş «siyasi məhbus» Rəşadət Axundov həmin məzunlar sırasındadır.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG