Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:12

Cənub bölgəsində meşə yanğını hələ söndürülməyib


Azərbaycan, Yardımlı meşələrində yanğın, Amfibiya təyyarəsi yanğını söndürür, 6 iyul 2018
Azərbaycan, Yardımlı meşələrində yanğın, Amfibiya təyyarəsi yanğını söndürür, 6 iyul 2018

İyulun 5-də gecə saatlarında Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin çətin keçilən dağlıq meşə fondu ərazisində başlamış yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Bu barədə bu gün, iyulun 6-da Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) yaydığı məlumatda bildirilir.
Məlumatda qeyd edilir ki, onlarla bərabər Fövqəladə Hallar Nazirliyinin canlı qüvvəsi, helikopter və aviasiyası da yanğın söndürülmə işlərinə cəlb olunub.

“Havanın isti və küləkli olması yanğının tam söndürülməsində çətinliklər yaradır. Nisbi rütubətin 23 faiz, küləyin sürətinin 14 m/san və yüksək temperatur rejimi işlərin aparılmasına əngəllik yaratsa da yanğın söndürülmə işləri davam etdirilir”

Nazirlik habelə bildirir ki, Masallı, Yardımlı, Cəlilabad rayonlarının sakinləri də yanğının söndürülməsinə yaxından kömək göstərirlər.

Dünən iyulun 5-də səhər saatlarında isə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yaymışdı ki, Yardımlı rayonunun Şıxlar kəndi yaxınlığında çətin keçilən dağlıq ərazidə meşə zolağında yanğın baş verib.

FHN həmçinin bildirirdi ki, yanğın söndürülmə işlərinə "Mi-17" helikopteri və “BE 200 ÇS” amfibiya təyyarəsi ( həm quruda, həm də suda enib, qalxa bilən təyyarə-R) cəlb olunub.

Cənub bölgəsində meşə yanğını, 6 iyul 2018
Cənub bölgəsində meşə yanğını, 6 iyul 2018

FHN-nin bu gün, iyulun 6-da yaydığı məlumatda da qeyd edilir ki, yanğının söndürülməsinə Cəlilabad rayonunun Fətullaqışlaq kəndi istiqamətindən də başlanıb.

“Hava şəraitinin küləkli və relyefin çətin keçilən dağlıq ərazi olması yanğınsöndürmə işlərində bəzi çətinliklər yaradır. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin 100 nəfər canlı qüvvəsi, 3 ədəd yanğınsöndürmə texnikası, Aviasiya dəstəsinin “BE 200 ÇS” amfibiya təyyarəsi, "Mi-17" yanğınsöndürmə helikopteri, ETSN-nin Meşə Təsərrüfatı İdarəsinin 180 nəfər əməkdaşı və 60 nəfər yerli əhali yanğınsöndürmə işlərinə cəlb olunub”

Yardımlı meşələrində yanğın söndürülür, 6 iyul 2018
Yardımlı meşələrində yanğın söndürülür, 6 iyul 2018

XS
SM
MD
LG