Keçid linkləri

2024, 12 Oktyabr, şənbə, Bakı vaxtı 17:39

Cəmil Həsənlinin qızının işi üzrə yeni ekspert rəyi açıqlanıb


Günel Həsənli
Günel Həsənli

.

Milli Şuranın sədri Cəmil Həsənlinin qızı Günel Həsənlinin işi üzrə təkrar ekspertizanın rəyi məlum olub. Rəy noyabrın 6-da Bakı Apellyasiya Məhkəməsində açıqlandı. Sənəddə göstərilib ki, Günel Həsənlinin törətdiyi yol qəzası nəticəsində 87 yaşlı Ədilə Səlimova az ağır xəsarət alıb.

EYNİ RENTGENOQRAM, FƏRQLİ TARİXLƏR

Hakim Əflatun Qasımovun sədrliyilə keçirilən məhkəmə iclasında Günel Həsənlinin vəkili Adil İsmayılov ekspert rəyinə etiraz etdi. Vəkil bildirdi ki, 9 oktyabr 2014-cü il tarixli birinci rəydə 19 may 2014-cü il tarixli rentgenoqrama istinad edilmişdi. Həmin vaxt isə heç Günel Həsənlinin təqsirləndirildiyi yol qəzası baş verməmişdi.

Vəkilin sözlərinə görə, budəfəki ekspert rəyində isə 19 sentyabr 2015-ci il tarixli rentgenoqrama istinad olunub. Həmin tarixdə isə zərərçəkmiş Ədilə Səlimova, ümumiyyətlə, rentgen müayinəsindən keçməyib:

“Belə görünür ki, hər iki rəydə eyni rentgenoqrama istinad olunur, amma fərqli tarixlər göstərilir. Həmin rentgenoqram da işin içində yoxdur ki, bilək, söhbət nədən gedir”.

Rəy verən ekspertlərin kimliyilə bağlı da vəkildə müəyyən suallar yarandı:

“Bu rəyin müəllifi də müdafiə tərəfinin ibtidai istintaq və əvvəlki məhkəmə proseslərində mübahisələndirdiyi əvvəkli rəyin müəllifi Ceyhun Allahverdiyevdirmi? Çünki əvvəlki rəyin altındakı imza “C.Allahverdiyev”di. Bu rəyi də “Ç.Allahverdiyev” imzalayıb. Ad tam yazılmadığından bizdə şübhə yaranır ki, eyni adamdırmı? Əgər belədirsə, bu, çox ciddi qanun pozuntusudur”.

Məhkəmə iclasının sonuna qədər iki rəyi eyni, yoxsa fərqli adamların verdiyini müəyyənləşmədi.

Adil İsmayılov tarixlər arasındakı ziddiyyətin, rəy vermiş ekspertlərin kimliyinin müəyyənləşdirilməsi barədə vəsatət qaldırdı. Lakin məhkəmə vəsatəti təmin etmədi.

ZƏRƏRÇƏKƏN DİNDİRİLMƏLİDİ

Hakim Əflatun Qasımov iş üzrə məhkəmə istintaqının yekunlaşmasını və çıxışlar mərhələsinə keçməyi təklif etdi. Lakin Günel Həsənlinin vəkili buna etiraz etdi. Bildirdi ki, əvvəlcə məhkəmədə zərərçəkmiş Ədilə Səlimovanın da iştirakı təmin olunmalı, onun fikri dinlənilməlidir.

Məhkəmə noyabrın 13-də davam edəcək.

Yasamal rayon Məhkəməsi fevralın 22-də avtomobil qəzası ittihamı ilə Günel Həsənlini 1 il 6 ay müddətinə məntəqə tipli həbsxanada cəza çəkməyə məhkum edib. Bugünkü proses də həmin hökmdən verilən apelyasiya şikayəti əsasında keçirilib.

Cəmil Həsənli özünün siyasi fəaliyyətinə görə qızının cəzalandırıldığını bildirib.

Zərərçəkən 87 yaşlı Ədilə Səlimova isə mətbuata deyib ki, özünü yaxşı hiss etmədiyi üçün müvazinətini itirərək yıxılıb və bu zaman Günel Həsənli avtomobili ilə ona yüngülcə toxunub. Sürücü daha sonra onu həkimə aparıb və rentgen müayinəsi zamanı hər hansı xəzarət qeydə alınmayıb.

XS
SM
MD
LG