Keçid linkləri

Təcili xəbərlər
2018, 16 İyul, Bazar ertəsi, Bakı vaxtı 00:51

«Kəndin kənarında bir meşə zolağı salmışdılar. Ötən qış əhali soyuqdan ölməmək üçün o meşə zolağındakı bütün kövrək ağacları doğrayıb yandırdı. Düzdür, insafsız hərəkətdir, ancaq inanın ki, adamlar bunu etməsəydi, özləri soyuqdan qırılacaqdı».

Cəlilabadın Xəlilli kənd sakinləri AzadlıqRadiosuna kənddəki mavi yanacaq problemindən söz açırlar.

ODUNUN BİR METRİ 16 MANATADƏK QALXIB

Kənd sakini Tapdıq Eyvazov deyir, Xəlilli ilə rayon mərkəzi arasında vur-tut 7 kilometr var. Bir ildən çoxdur ki, kəndin kənarından keçən qaz borusu vasitəsilə qonşuluqdakı kəndlərə mavi yanacaq ötürülür. Ancaq Xəlillinin özündəki evlər qazlaşdırılmayıb:

«Bura dağlıq ərazi deyil, bu kəndi qazsız qoymağa səbəb yoxdur. Şükür, qaz xətləri quraşdırmağa bütün texniki imkanlar var. Nədənsə, bu imkanlardan qonşu kəndlər üçün istifadə edirlər, bizə çatanda deyirlər, imkan yoxdur. Hamarqışlaq, Allahverən, Xəlilli – bu üç kənd bir-birinə bitişikdir. Xəlillidən keçib gedən qaz borusu vasitəsilə hər iki kəndə qaz ötürülür, Xəlillinin özü isə qazsızdır».

Kənd sakini Vüqar Məmmədov deyir, ötən qış Xəlillidə odun da baha olub. Buna görə də sakinlər kəndin kənarındakı yeni salınmış meşə zolağına «hücum ediblər»:

«Əvvəlkinə nisbətən ötən qış odunun qiyməti baha oldu – bir metrəsini 12 manata satırdılar. Qar yağanda qiymət 15-16 manatadək qalxırdı. Bir metrlik odun soyuq havada heç iki günə yetmir. Biz gələn qışı da eyni vəziyyəti yaşamaq istəmirik. Havalar isinib, gəlsinlər, o ana xətdən kənddəki evlərə də qaz xətti çəksinlər. Yazığıq, zülm çəkdiyimiz bəsdir. İşıq bahadır, odun yoxdur, heç olmasa, qulağımızın dibindən keçən qaz xəttindən qaz çəksinlər. Daha qırmağa meşə zolağı da yoxdur, keçən il axırına çıxmışıq».

«LAP AZ QALIB»

Cəlilabad rayon İcra Hakimiyyətindən «Qaynar xətt»ə bildirilib ki, Xəlillinin qazlaşdırılmasına lap az qalıb:

«O kəndin qonşuluğundakı kəndlərdə qazlaşdırılma işləri başa çatıb. Böyük bir layihədir, həyata keçirilir. Bu layihədə Xəlillinin qazlaşdırılması da nəzərdə tutulub».

Qurumdan bildiriblər ki, bu ilin sonunadək kənddə qazlaşdırma işləri aparılacaq, sakinlərə də qırmaqdan ötrü meşə zolağı axtarmağa səbəb qalmayacaq.

Xəlillidə azı 150 ailə təsərrüfatı var.

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

XS
SM
MD
LG