Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 07:52

'Axı mən uşağı məktəbə ac və ayaqyalın necə göndərim?'


Foto: arxiv
Foto: arxiv

“Q günlərdə Prezident Administrasiyasına getmişdim...”

“Müəllimə zəng vurur ki, “uşağı təcili məktəbə göndər, dərs proqramından geri qalır”. Axı mən uşağı məktəbə qarnıac və ayaqyalın necə göndərim?”.

Buna da bax: Pensiyası yubanan təqaüdçü: Formula-1 keçirdilər... (VİDEO)

Cəlilabadda – Məhəmməd Hadi küçəsində yaşayan keçmiş Qarabağ döyüşçüsü Çingiz Təhməzov dərdli adamdır. Dolanışıq giley-güzarı o həddə çatıb ki, tanışının mobil telefonundan danışır və danlağına da qatlanır:

“A kişi, qısa elə, onsuz da gətirib çörək verməyəcəklər!.. Qısa kəs, kontur gedir, axı!..”.

“Palçıqdan bir otaq düzəldib girmişik içinə, hamımız xəstəyik...”

Bəlkə də bu səbəbdən, o, sanki dünyaya sığmayan müşküllərini, dilidolaşa-dolaşa, adda-budda cümlələrlə yarımca dəqiqəyə anlatmağa çalışır:

Buna da bax: Cəlilabad sakini: İş yerləri məmur qohumlarınındır

“Uşağı məktəbə yollamağa ayaqqabısı, geyimi yoxdur. Qazımız, işığımız da yoxdur. Yaşadığımız yeri görsəniz, deyərsiniz burda insanmı yaşayarmış?!. Sovet vaxtı palçıqdan bir otaq düzəldib girmişik içərisinə... Hamımız xəstəyik. 159 manat sosial yardım alırıq, 4 nəfərik. Heç dərmanlarımızın yarısına çatmır. Yoldaşım 4 dəfə əməliyyat olunub, ağır xəstədir. Özüm ürək, böyrək xəstəsiyəm. Ayaqlarım şişib balta-balta olub, dərman ala bilmirəm. Axı hansını deyim?”.

“Kontur bitdi, əsas məsələni de!..”

Yenə kənardan müdaxiləçinin səsi eşidilir: “Kontur bitdi, əsas məsələni de. Hamımızın adından de ki, hara gedirik, qapılar üzümüzə bağlıdır. Hökümət bizdən üz çevirib”.

Çingiz Təhməzov “Akkord” şirkətinin tikinti işlərindən birində fəhləlik edib, ancaq 5 aydır maaşını ala bilmir. Yerli qaz idarəsi qaldığı yerə qaz xətti çəkilməsinə 400 manat istəyir:

“O günlərdə Prezident Administrasiyasına getmişdim. Mühafizəçilər töküldü üstümə, məni tuta bilmədilər. Qaçıb girdim binaya, sizə dediklərimi qışqıra-qışqıra dedim, yığışıb məni atdılar çölə...”.

Buna da bax: Narkotik - Azərbaycanın «ümummilli ittiham maddəsi» - infoqrafika

“Bir də yazsan, cibindən tiryək çıxacaq...”

Çingiz Təhməzov deyir, yazdığı şikayətlər qayıdıb Cəlilabadın icra hakimiyyətinə gəlir. Burada da onu çağırıb haqqında “tədbir görəcəkləri”ylə hədələyirlər:

“Çağırdılar, getdim. Dedilər, “bəsdir yazdın, onsuz da yazdıqların qayıdıb bizə gəlir. Bir də yazsan, cibindən tiryək çıxacaq”. Məni narkotiklə hədələyirlər. Canımı qoymağa yer tapmıram, bunlar deyirlər, cibinə narkotik atarıq. Biz hara gedək? Deyirəm, bizə sahib çıxmasanız, başqa ölkəyə gedəcəyik. Deyirlər, başqa ölkələrin sənin kimi bomjları çoxdur, bir də səni neynirlər. Biz savadsız olsaq bilirik ki, dövlət vətəndaşın əlindən tutmalıdır, onu tiryəklə hədələməməlidir. Sabah dava qızışsa, yenə biz vuruşacağıq, onlar öz balalarını çoxdan xaricə ötürüblər...”.

Hələlik, reaksiya yoxdur

Kontur bitdi, əlaqə kəsildi... Yoxsa kim bilir, Qarabağ veteranının giley-güzarı hələ nə qədər sürəcəkdi...

Cəlilabad rayon İcra Hakimiyyətindən veteranın gileylərinə, hələlik, heç bir reaksiya yoxdur.

XS
SM
MD
LG