Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 04:54

Heyvanlar çayın suyundan içib xəstəlik tapır


İnəklər
İnəklər

«66 yaşım var, ağlım kəsəndən rayonun mərkəzinə yaxın yerlərdəki əkin sahələri, bostanlar, həyətlərdəki meyvə ağacları bu çayın suyu ilə suvarılıb. Mal-qara bu sudan içib. Ancaq indi çayın axıb keçdiyi yerlərdə üfunətdən dayanmaq olmur...».

Bunu AzadlıqRadiosuna Cəlilabad sakini Ərşad Süleymanov deyir.

Мişarçay yaşayış yeri Cəlilabad rayon mərkəzindən 1.5 km aralıda, eyniadlı çayın sahilində yerləşir. Sakinlər son vaxtlar çayın suyunun çirkləndirilməsindən narazıdırlar.

QUŞÇULUQ TƏSƏRRÜFATLARININ ÇİRKAB SULARI...

Mişarçayın suyundan, əsasən, rayon mərkəzinə yaxın ərazilərdəki təsərrüfatlarda istifadə olunur. Ancaq verilən məlumatlara görə, son illər sənaye müəssisələrinin və əsasən də quşçuluq təsərrüfatının çirkab suları bu çaya axıdılır. Nəticədə çayın suyunun hətta təsərrüfatlardan ötrü də yararsız hala düşdüyü söylənir. Fermerlər bu suyu əkin sahələrinə də buraxmağa ehtiyat edirlər ki, məhsul ekoloji baxımdan çirklənər.

Rayonun başqa sakini İdris Verdiyev deyir, iş o yerə çatıb ki, bu suyu içən mal-heyvan da zəhərlənir:

«İNDİ BU SUDA ÜZƏN QAZ, ÖRDƏK DƏ YEYİLƏSİ DEYİL»

«Örüşdəki heyvanlar çayın suyundan içib xəstəlik tapır. Üfunətdən çayın axdığı yerlərə yaxın küçələrdən ötüb keçmək olmur. Əsasən də yayın cırhacırında çayın ətrafındakı evlərə həşəratlar darışır. Həyətimizdə saxladığımız qazı, ördəyi çoxaldıb satır, dolanırdıq. İndi bu suda üzən qaz, ördək də yeyiləsi deyil. Hamısı xəstəlik mənbəyinə çevrilib. Daha bazara qaz, ördək çıxarmağa qorxuruq».

Bakı-Astara magistral yolu Cəlilabad rayonu ərazisində bu çayın üstündən keçir. Sakinlərin deməsinə görə, son vaxtlar yolu bu çayın üstündən düşən sürücülər də həmin ərazini keçənədək «beyin çatladan» iydən gileylənirlər.

Sakinlərin şikayətlərinə hələlik ərazidəki quşçuluq təsərrüfatlarının münasibətini öyrənmək mümkün olmayıb. Ancaq problem rayon icra hakimiyyətinin diqqətindədir.

İCRA HAKİMİYYƏTİ NƏ DEYİR?

Cəlilabad Rayon İcra Hakimiyyətindən «Qaynar xətt»ə bildirilib ki, çayın yaxınlığında fəaliyyət göstərən quşçuluq fermasına dəfələrlə xəbərdarlıq olunub. Lap yaxın günlərdə həmin fermanın çirkab suları kanalizasiya boruları ilə axıdılacaq:

«Əslində, bu problem köhnə borular sıradan çıxdığı üçün yaranıb. Hazırda yeni borular çəkilib, bir neçə günə kanalizasiya sisteminə qoşulacaq».

İcra hakimiyyətindən deyiblər ki, əgər lap yaxın günlərdə problem həll olunmasa, quşçuluq təsərrüfatının fəaliyyəti dayandırılacaq, sahibi cəzalandırılacaq.

Ancaq icra hakimiyyəti həmin təsərrüfatın adını açıqlamayıb.

XS
SM
MD
LG