Keçid linkləri

Təcili xəbərlər
2018, 17 Oktyabr, çərşənbə, Bakı vaxtı 03:10

Çeçenistanda namus qətlləri baş qaldıra bilər


Çeçenistan prezidenti Ramzan Kadyrov

«Novaya gazeta» yazır ki, Çeçenistanda qeyri-ənənəvi cinsi oriyentasiyaya görə şübhəli bilinən sakinlər kütləvi saxlanır. Qəzet artıq yüzlərlə kişinin saxlandığını qeyd edir. Qəzetə qətlə yetirilən üç nəfərin adı bəlli olsa da, qurbanların daha çox olduğu bildirilir.

TANINMIŞLAR DA SAXLANIR

Həbslər barədə məlumatlar artıq Çeçenistan Respublikasının XİN-i, respublika rəhbərinin administrasiyası, Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) Çeçenistan üzrə idarəsi, Çeçenistan prokurorluğu və yerli LGBT fəalları tərəfindən təsdiqlənib. Fəalların bəziləri həbsdən buraxılan kimi ölkəni tərk ediblər. Bəziləri isə dostları və yaxınlarının həbsindən sonra ölkədən gediblər. Həbslər təkcə Qroznıda yox, müxtəlif yaşayış məntəqələrində aparılır.

Saxlanılanlar arasında Çeçenistan müftiliyinin üzvləri, o cümlədən respublika rəhbərinə yaxın tanınmış, nüfuzlu şəxslər və iki tanınmış çeçen teleaparıcı da var.

Şübhəsiz ki, bu adamlar öz cinsi oriyentasiyalarını hər hansı formada sərgiləməyiblər. Qafqazda bu, ölümə bərabərdir. Ancaq insanlar arasında sosial məsafələrin son dərəcə qısa olduğu ənənəvi çeçen cəmiyyətində belə şeylərin üstü tez açılır.

«ƏN KİÇİYİNİN 16 YAŞI VAR»

Çeçen sosial şəbəkə istifadəçiləri messencerlərdəki qapalı tematik qruplardan təcili çıxır, hesablarını bağlayırlar. Ancaq bəziləri risk qarşısında belə, digərlərini təhlükə barədə xəbərdar etməyə çalışırlar.

Belə xəbərdarlıqlardan birində deyilir: «Təəssüf ki, çoxları öldürülüb. Təkcə gənclər yox, hətta yaşı 50-dən yuxarı kişilər də öldürülüb. Onların arasında Çeçenistanda tanınmış şəxsiyyətlər də var. Adlarını çəkmək istəmirəm. Ən kiçiyinin 16 yaşı var. Bizim kəndimizdəndir... Son dərəcə ehtiyatlı olun və şübhəli yazışmalarınızı pozun».

Məktubda həmçinin deyilir ki, rieltorları mənzillərə kameralar yerləşdirməyə məcbur edir, bu yolla qurbanlara qarşı kompromat toplayırlar.

Moskvada gey-parad.
Moskvada gey-parad.

«NAMUS QƏTLİ»

Bircə şübhəyə görə də olsa, homoseksual oriyentasiyaya görə təqib edilən Çeçenistan sakinlərinin həyatda qalmaq şansları çox azdır.

Saxlanmanın səbəbini ailəyə bildirmək yetər ki, həmin şəxsin qohumları rəsmi instansiyalara müraciət etməsinlər. İnsanlar yaxınlarının saxlandığını və qətlə yetirildiyini də səylə gizlədirlər.

Saxlanılanlardan bəzilərini «günahları» sübut edilmədiyinə görə buraxırlar. Ancaq bu halda onları öz qohumları qətlə yetirə bilər. Çeçenistanda bu günə qədər qədim «namus qətli» adəti qalmaqdadır.

«Novaya gazeta»nın xüsusi xidmətlərdəki mənbələri həbsləri «profilaktik təmizləmə» adlandırır və onu informasiya dalğası ilə əlaqələndirirlər.

BİLDİRİŞLƏRDƏN SONRAKI «TƏMİZLƏMƏ KAMPANİYASI»

Martın əvvəlində Rusiya LGBT fəalları, GayRussia.ru layihəsinin iştirakçıları apardıqları ümumrusiya məhkəmə kampaniyası çərçivəsində Şimali Qafqaz federal dairəsinin dörd şəhərində gey parad keçirmək istədiklərini bildirmişdilər. Onlar Nalçik, Çerkesk, Stavropol və Maykop administrasiyalarına bildirişlər göndərmişdilər.

GayRussia.ru fəallarının Qafqazda gey parad keçirmək niyyəti KİV-ə sızandan sonra Qafqazda kütləvi etirazlar baş qaldırıb, çıxış edənlər yüksək aqressiya göstəriblər. Sosial şəbəkələrdə homoseksualların qətlinə çağırış dolu videolar yayılmağa başlayıb.

Məhz bu zaman Çeçenistanda «profilaktik təmizləmə» əmri verilib və iş real qətllərə qədər böyüyüb.

Nikolai Alekseyev
Nikolai Alekseyev

GayRussia.ru layihəsinin rəhbəri, LGBT fəalı Nikolai Alekseyev «Novaya gazeta»ya deyib ki, Rusiyanın müxtəlif şəhərlərində parad keçirmək haqda ərizələr verməklə, o, öz konstitusion hüquqları, toplaşma azadlığı və gey təbliğatına qadağanın ləğvi uğrunda mübarizə aparır. «Əvvəllər icazəsiz gey paradlar keçirirdik, ancaq indi keçirmirik. Dövlətin aksiyalarımıza razılıq verməsinə və iştirakçılarımızın təhlükəsizliyini təmin etməsinə nail olmağa çalışırıq», – o deyib.

İDDİALAR VƏ TƏZMİNATLAR

Alekseyev ictimai fəaliyyətindən başqa, ölkənin ən müxtəlif yerlərində qaldırdığı məhkəmə iddiaları ilə məşhurdur. Hər dəfə hökumət ona aksiya keçirməyə icazə verməyəndə, o, məhkəmə iddiası qaldırır. Daha sonra iş Avropa İnsan Hüquqları Məhkəməsinə göndərilir.

2011-ci ildə Strasburqda Alekseyev-in ilk iddiası təmin olunub. Məhkəmənin onun üçün müəyyənləşdirdiyi təzminat 29 min avro olub.

Hazırda Avropa məhkəməsi onun daha iki iddiası ilə bağlı kommunikasiyalara başlayıb. Heinrich Böll Fondunun «Gender proqramı»nın koordinatoru Irına Kosterina-nın sözlərinə görə, bu iki iddia təmin edilərsə, təzminatın ümumi məbləği 100 min avroya çata bilər.

Alekseyev deyir ki, indi üçüncü «misli görünməmiş miqyasda» şikayətlər dalğası hazırlanmaqdadır. Güman ki, Qafqaz şəhərlərinin administrasiyalarının rədd cavabları da bu şikayətlərə daxildir. Onun sözlərinə görə, bir ildən də az müddət ərzində məhkəmə iddiaları Rusiyanın 89 regionundan 78-ni əhatə edib, ölkənin 95 şəhərində gey paradlar qanunsuz sayılıb. LGBT fəalı bütün regionlar üzrə şikayətlərin Avropa İnsan Hüquqları Məhkəməsinə göndəriləcəyini söyləyir.

Alekseyev təşəbbüsünün Çeçenistanda həbslər və qətllərlə nəticələndiyindən xəbərsiz olduğunu bildirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG