Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 08:02

Avtomobili olmayan cəbhəçi radara necə düşüb?


Radar
Radar

AXCP Suraxanı rayon şöbəsinin fəalı Amil Məmmədzadənin 30 sutka inzibati həbs cəzası alması haqda məhkəmə qərarından apellyasiya şikayəti verilib. Bu haqda AzadlıqRadiosuna onun vəkili Əsabəli Mustafayev məlumat verib.

Vəkil deyir ki, məhkəmə qərarında Amil Məmmədzadənin avtomobilinin cəriməsi ilə əlaqədar küçədə saxlanılarkən polislərə müqavimət göstərdiyi yazılıb. Halbuki, bu adamın ümumiyyətlə, avtomobili yoxdur.

«HƏTTA RADARA DÜŞSƏYDİ BELƏ..»

«Guya Amil Məmmədzadənin adına olan avtomobil radara düşüb, polis əməliyyatçıları da bu məsələni aydınlaşdırmaqdan ötrü onu küçədə saxlayıb, bölməyə aparmaq istəyiblər, Amil onların bu tələbinə tabe olmayıb. Hakim qərarda yazıb ki, Amilin radara düşməsi sübut olunub, bu məsələni aydınlaşdırmaq üçün bölməyə getməməsi inzibati xətadır. Əvvəla, Amilin adına birbaşa və ya etibarnamə ilə avtomobil yoxdur. Hətta Amil radara düşsəydi belə, bu məsələni araşdırmaq bölmə əməliyyatçılarının işi deyil axı. Qayda var ki, radara düşmə faktını əks etdirən sənəd və cərimə barədə qərar sürücünün ünvanına göndərilir», – Ə.Mustafayev bildirib.

Vəkilin sözlərinə görə, saxlanılarkən Amil Məmmədzadəyə həbsinin gerçək səbəbi haqda da məlumat verilib: «O, Facebook-dakı statuslarına, özəlliklə son günlərdə bloqqer Orduxan Teymurxanın müdafiəsinə yönəlik paylaşımlarına görə polisin qəzəbinə tuş gəlib».

Məhkəmə qərarında Amil Məmmədzadənin küçədə saxlanıldığı göstərilsə də, yaxınları deyir ki, onu Suraxanı rayon Polis İdarəsinin 30-cu polis bölməsinə avtomobilinin radara düşməsi adı ilə çağırıblar. O da məsələni aydınlaşdırmaq üçün bölməyə gedib və saxlanıb.

XATIRLATMA

Son günlər AXCP-nin bir neçə fəalı inzibati qaydada həbs edilib. Onlara 20 gündən 30 günə kimi inzibati həbs verilib.

Bu partiyanın 10-a qədər fəalı isə cinayət məsuliyyətinə cəlb olunaraq həbs edilib. Partiya onların şərlənərək siyasi sifarişlə həbs olunduğunu bəyan edib. Hakimiyyət təmsilçiləri isə ölkədə siyasi həbslərlə bağlı deyilənləri qəbul etmirlər. Onlar deyirlər ki, həmin şəxslər törətdikləri əmələ görə məsuliyyətə cəlb ediliblər.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG