Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 06:03

Məhkəmə cəbhəçinin şikayətini rədd edib


Bu gün, avqustun 14-də Bakı Apellyasiya Məhkəməsi Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Nərimanov şöbəsinin sədri, Qarabağ müharibəsi iştirakçısı Babək Həsənovu ev dustaqlığına buraxmaqdan imtina edib.

AXCP-nin məlumatına görə, prosesdə Nəsimi Rayon Məhkəməsinin cəbhəçinin ev dustaqlığına buraxılmasını təmin etməyən qərarından verilən şikayətə baxılıb. Həmin şikayətdə rayon məhkəməsinin qərarının qanunsuz olması iddia olunaraq, dəyişdirilməsi istənilib.

Ancaq Bakı Apellyasiya Məhkəməsi rayon məhkəməsinin qərarını ədalətli sayıb, onu qüvvədə saxlayıb.

AXCP-dən qərardan Avropa İnsan Haqları Məhkəməsinə şikayət ediləcəyini bildiriblər.

Daha bir proses təxirə salınıb

Avqustun 14-də Babək Həsənovun daha bir şikayətinə Nəsimi Rayon Məhkəməsində baxılması gözlənilirdi. AXCP-nin məlumatına görə, cəbhəçi yaxınları ilə görüş və telefon danışığı hüququnun pozulması səbəbilə Baş Prokurorluğu məhkəməyə verib.

Ancaq həmin şikayətə baxılmasının avqustun 16-na keçirildiyi bildirilir.

Bu günlərdə Penitensiar Xidmətin əməliyyat-rejim idarəsinin rəisi Mirsaleh Seyidovun cəbhəçinin qardaşına göndərdiyi məktubda yazılırdı ki, onlar Babək Həsənovun ailəsi ilə görüş və telefon danışığına hər hansı məhdudiyyət qoymayıblar.

Babək Həsənovla saxlandığı gündən görüşə bilmədiklərini deyən ailə üzvləri bundan sonra Baş Prokurorluğu məhkəməyə veriblər.

Onların şikayətinə Baş Prokurorluqdan isə, hələlik, münasibət almaq mümkün olmayıb.

Xatırlatma

Babək Həsənov AXCP Rəyasət Heyətinin üzvü Aqil Məhərrəmov və bu partiyanın Gənclər Komitəsi Məclisinin sədri Ruslan Nəsirli ilə birgə bu il mayın 25-də axşam saatlarında saxlanıblar. Məhkəmə onların barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib.

Onlarin saxlanması ilə bağlı Baş Prokurorluq və Daxili İşlər Nazirliyi (DİN) də birgə məluimat yaymışdı.

Həmin açıqlamaya görə, AXCP funksionerləri və mayın əvvəlində həbs edilmiş Gədəbəy rayonunun keçmiş icra başçısı Saleh Rüstəmli çirkli pul vəsaitlərini leqallaşdırmaqda ittiham olunur. Açıqlamada Saleh Rüstəmlinin Rusiyadan AXCP-yə pul göndərdiyi, həbs edilmiş cəbhəçilərin həmin vəsaitləri alıb partiya rəhbərinə çatdırdığı bildirilirdi.

Cəbhəçilər, eləcə də Saleh Rüstəmli Cinayət Məcəlləsinin 192.3.2 (xüsusilə külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 193-1.3.1 və 193-1.3.2-ci (mütəşəkkil dəstə tərəfindən cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma) maddələri ilə ittiham edilir.

Onlar özlərini təqsirli bilmirlər.

AXCP sədri Əli Kərimli də rəsmi ittihamı rədd edib. Cinayət işinin və həbslərin AXCP-yə qarşı növbəti təzyiq dalğası olduğunu bildirib.

XS
SM
MD
LG