Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 23:39

Ermənistan tərəfdən mülki əhaliyə qarşı təxribat olduğu bildirilir


2016-cı ilin aprelində Azərbaycan ordusunun nəzarətə götürdüyü Lələ Təpə yüksəkliyi, 23 iyul 2018
2016-cı ilin aprelində Azərbaycan ordusunun nəzarətə götürdüyü Lələ Təpə yüksəkliyi, 23 iyul 2018

“Sentyabrın 14-də axşam saatlarından başlayaraq sentyabrın 15-i səhərədək Ermənistan silahlı qüvvələri müxtəlif çaplı silahlardan, o cümlədən artilleriya qurğusundan istifadə etməklə Tovuz, Tərtər və Ağdam rayonları istiqamətində təxribat törədib”.

Azərbaycan Müdafiə Nazirliyinin bu gün, sentyabrın 15-də yaydığı bəyanatda belə deyilir.

Nazirlik bildirir ki, xüsusilə Tovuz rayonunun Muncuqlu, Koxanəbi, Əsrik-Cırdaxan və Qaralar kəndləri istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqeləri və dinc sakinlər atəşə tutulub.

“Hərbi qulluqçular və əhali arasında xəsarət alan olmayıb. Bəzi evlərə, sakinlərin əmlakına və mülki infrastruktura ziyan dəyib”.

Nazirlik vurğulayır ki, Ermənistan tərəfi adətən Azərbaycanda əlamətdar hadisələr, bayram günləri ərəfəsində belə əməllər törədir və bu, məqsədyönlü xarakter daşıyır.

“Baş verən itkilər və dağıntıya görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür”, - nazirlik bəyanatın sonunda qeyd edir.

Hələlik Ermənistan tərəfin bununla bağlı mövqeyi bəlli deyil.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın DağlıqQarabağ bölgəsi, ona bitişik 7 rayon və bəzi kəndlər işğal edilib.

BMT Təhlükəsizlik Şurası Azərbaycanın işğal edilən əraziləri ilə bağlı ümumilikdə 4 qətnamə qəbul edib. 1993-cü ildəqəbul edilən həmin sənədlərdə işğal edilən ərazilərin boşaldılması istənilir.

XS
SM
MD
LG