Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 07:17

Çay içməklə yaradıcı olmaq arasında əlaqəyə inanırsınızmı?


Guardian qəzetinin kitab icmalçısı Alison Flood yazır ki, britaniyalılar bu həftə Pekin Universitetində elan edilmiş elmi araşdırma nəticəsindən xeyli məmnun olublar.

Universitetinin psixoloji və qavrayış elmləri departamentinin professoru Yan Huang-ın elmi tapıntısı dünyanın ən çayxor millətlərindən biri kimi ingilisləri razı salmaya bilməzdi.

Qısası bundan ibarətdir ki, professor çay içməklə yaradıcı olmaq arasında birbaşa əlaqə aşkar edib.

Özü də o bu nəticəyə çox bəsit bir eksperiment keçirməklə gəlib. Professor universitetin 50 tələbəsini iki qrupa bölüb. Birinci qrupa yalnız çay, ikinci qrupa isə su içməyi tapşırıb. Bundan sonra tələbələri yaradıcılıq testindən keçiriblər. Məlum olub ki, çay içən qrup onlara verilən kubiklərdən daha “maraqlı” konstruksiyalar qurub və qonşuluqdakı əriştə yeməkxanasına daha “orjinal” ad tapıb.

Amma burası da var ki, çay içən qrupun, su içən qrup üzərindəki qələbəsi elə də böyük fərqlə olmayıb. Əlbəttə, qələbə qələbə olaraq qalır. Həm də Alison Flood bunu yarızarafat təcrübə iştirakçılarına verilən çayın növü ilə bağlayır: “Axı onlara Lipton çayı veriblər…” (yəni, gör indi ingilis çayı versəydilər nə olardı. Lipton çayının müəllifilyi şotland Thomas Lipton-a aiddir).

Alison Flood özünün çox xoşladığı tünd PG çayını (həm də südlə) daha “yaradıcı çay” hesab edir.

Siz məni doyuracaq boyda çay fincanı tapa bilməzsiniz… CS Lewis

Ümumiyyətlə, ingilis vətənpərvərliyinin büruzə çıxdığı bir neçə güclü sahə var: futbol, çay, ədəbiyyat…

İngilislər pakistanlı Salman Rüşdinin və ya yapon Kazuo Ishiguro-nun uğurlu Britaniya yazıçıları olmalarının səbəbini rahatca izah edə bilərlər. Bu məsələdə onlara çatan tapılmaz.

Bir neçə il bundan əvvəl belçikalılar ingilisləri bir hərəkətləri ilə yamanca əsəbiləşdirmişdilər. Bir ingilis pensiyaçı qadını Belçika sərhədindən buraxmamışdılar. Qadın pasportunu evdə qoymuşdu.

Britaniyanın bulvar qəzetlərindən biri o vaxt tam ciddiliyi ilə belçikalılara müraciət edirdi: “Guya sizin belə əhəmiyyətli ölkəniz var ki, yazıq pensiyaçı qadını incidirsiniz? Sizin ən böyük nailliyyətiniz detektiv Poirot-dur ki, onu da ingilis yazıçısı uydurub…”

Alison Flood da məqaləsində çayın məhz ədəbiyyata təsirindən yazır.

Məsələn, Britaniya yazıçısı CS Lewis (Clive Staples Lewis 1898 – 1963) deyərmiş: “Siz məni doyuracaq boyda çay fincanı, mənə uyğun olacaq qədər uzun kitab tapa bilməzsiniz…”

“Cümə duaları” (The Friday Gospels) və “Bir növ intimlik” (A Kind of Intimacy) kimi populyar romanların müəllifi Jenn Ashworth deyir ki, o yüzlərlə fincan çay içir və heç fincanı yumağa vaxt da tapmır.

“Mən gündüz saat 4-ə qədərtünd Yorkşir çayı içirəm. Bəzi yazıçılar fikirləri açılsın deyə axşam gəzintisinə çıxırlar. Mənim gəzintim çaydana qədərdir”.

Başqa bir Britaniya yazıçısı, Katie Fforde da çayxordur, amma şikayətlənir ki, ayaqyoluna tez-tez getmək lazım gəlir, hərçənd bunun özü də hərəkətdir.

Mükafatlı uşaq yazıçısı Frances Hardinge də etiraf edir ki, yazı prosesində bol çay içir.

O deyir ki, kiməsə çay vermək o adamı qucaqlamaq kimidir. Yəni çay belə bir xoş əhval yaradır. Digər tərəfdən yazıçı özünün çay sevgisini elmi dildə kafein asılılğı adlandırır.

Yazıçı Tracy Chevalier-in dediyindən də bu nəticəyə gəlmək olar ki, məsələ kafeindədir: “Mən günortaya qədər qəhvə, günortadan sonra çay içirəm. Şübhə edirəm ki, çayın içində adama yazı yazdıran nəsə var. Əksinə, çay bir növ yazıdan qısa fasilə imkanı verir. Ayağa qalxırsan, qələmi qoyub mətbəxə, çaydandakı suyu qaynatmağa gedirsən. Qayıdıb gələndə görürsən ki, quraşdıra bilmədiyin cümlələr yan-yana düzülür”.

Məqaləsinin sonunda Alison Flood yazır: “Bağışlayın elə indicə çaydana bir də baş çəkdim və sizə Pekin Universiteti alimlərinin başqa bir araşdırması ilə tanış olmağı məsləhət görərdim. Bu araşdırmada aşkar edilib ki, adamların inandığına görə çay içənlər bir sıra məxsusi keyfiyyətlərə malikdirlər: “ağıllı, yenilikçi, zərif, özünəinamlı və qətiyyətli”. Bu fikirlə tamamilə razıyam”.

Lənkəranda çay bayramı (2013)
Lənkəranda çay bayramı (2013)

Hələ nəzərə almaq lazımdır ki, dünyanın ən çayxor ölkələrindən birində - Britaniyada çay bitmir. İndi görün torpağında çay bitən millətlər necə fəxr eləməlidirlər.

Statistika

Amma zarafat bir yana, Dünya Bankının məlumatı adambaşına çay istehlakına görə Britaniyanın Türkiyə və İrlandiyadan sonra üçüncü yerdə olduğunu göstərir. Dördüncüdə Rusiyadır. Azərbaycan barədə bu sorğuda məlumat yoxdur…Azərbaycan başqa bir sorğuda 90-cı yerdədir.

Quartz saytı yazır ki, əslində ən çox çay Çində içilir, amma onun cədvəldəki yeri 14-dür, çünki söhbət adambaşına düşən istehlakdan gedir…

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG