Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 05:27

Vəkil: «Cavid Hüseynova residivist kimi yanaşdılar»


Cavid Hüseynov
Cavid Hüseynov

-

«İttiham tərəfi Cavid Hüseynova residivist kimi yanaşdı. Stalin dövründə bəyləri, ziyalıları tuturdular, elə şərait yaradırdılar ki, türmədə toyuq oğrusu onlardan daha hörmətli olurdu. Cavid Hüseynova qarşı da ittiham tərəfi elə münasibət sərgiləyir».

Bunu jurnalist Rasim Əliyevin ölümünə görə həbs olunmuş futbolçu Cavid Hüseynovun vəkili Adəm Məmmədov deyib.

«CAVİDİN YEGANƏ GÜNAHI...»

Mayın 16-da Səbail rayon Məhkəməsində vəkil müdafiə nitqi ilə çıxış edib. CM-nin 307-ci (cinayəti bilib hüquq-mühafizə orqanlarına xəbər verməmə) maddəsi ilə C.Hüseynova qarşı irəli sürülmüş ittihamın əsassız olduğunu, məhkəmə araşdırması zamanı da sübuta yetirilmədiyini deyən vəkil çıxışında mərhum jurnalistin anası Teyfurə Əliyevaya müraciət edib: «Sizdən xahiş edirəm, bəzi maraqlı qüvvələrin təsiri altında bu məsələyə tayfa davası prinsipindən yanaşmayın. Günahsız birinin məhkum edilməsinə şərait yaratmayın. Sizin oğlunuzun ölümündən günahı olanlar cəzalarını alıblar».

Adəm Məmmədov deyir ki, C.Hüseynovun yeganə günahı Rasim Əliyevi döymüş Elşən İsmayılovun dayısı oğlu olmasıdır: «Konstitusiyaya görə də, Allah qarşısında da hər kəs öz hərəkətinə cavabdehdir. «Whatsapp» yazışmaları da ortaya qoydu ki, Cavidin Elşənlə mərhum jurnalist arasında davadan xəbəri olmayıb. O, bundan həmin gün axşam məşqdən çıxanda saytlardan xəbər tutub. Dərhal da xəstəxanaya gedib. Xəstəxanada olduğu müddətdə də ora polislər gəlib. Həm KİV, həm polis artıq məlumatlı idisə, Cavid Hüseynov daha kimə xəbər verməli idi?».

«PEŞƏ DAVASI MÜSTƏVİSİNƏ ÇIXARMAYIN»

C.Hüseynovun atasının Qarabağ döyüşlərində həlak olduğunu vurğulayan vəkil çıxışının sonunda media nümayəndələrinə müraciət edib: «Xahiş edirəm, bu məsələyə obyektiv, vicdanla yanaşın, bunu peşə davası müstəvisinə çıxarmayın».

Məhkəmə prosesi mayın 25-də C.Hüseynovun özünün «son söz»ü ilə davam edəcək.

Rasim Əliyev avqustun 8-də bir qrup şəxs tərəfindən döyülüb və 9-na keçən gecə xəstəxanada dünyasını dəyişib. Jurnalisti döyüb öldürməkdə təqsirləndirilən beş nəfərin məhkəməsi yaxınlarda yekunlaşıb və onlar 9 ildən 13 ilə qədər həbs cəzası alıb.

C.Hüseynova ötən prosesdə 4 il həbs istənilib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG