Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 14:42

Deputat: 'Azərbaycan Avropa Şurasına daha çox lazımdır, nəinki...'


Cavanşir Feyziyev
Cavanşir Feyziyev

«Statistika göstərir ki, Azərbaycan Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarını ən çox yerinə yetirən ölkələr biridir».

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, bitərəf deputat Cavanşir Feyziyev AzadlıqRadiosuna müsahibə verib.

– Cavanşir bəy, 2017-ci il başa çatır. Bu ilin yekunlarını necə dəyərləndirirsiniz? İl Azərbaycan üçün hansı uğur və uğursuzluqlarla yadda qalır?

– Bu il həm siyasi, həm iqtisadi, həm də mədəni, humanitar sahələrdə ciddi addımlar atılıb. Bütünlükdə uğurlu il saymaq olar.

– Amma müxalifət də, ekspertlər də bildirirlər ki, bu il də itirilmiş illərdən biridir, ölkənin qlobal problemləri başa vurduğumuz ildə də həll olunmamış qaldı. Məsələn, Dağlıq Qarabağ problemi, iqtisadi böhran, siyasi islahatlar və s.

– Müxalifətin nə dediyini bilmirəm. Hələ ki, onların fikirlərinə rast gəlməmişəm. Amma bu cür düşünmək ən azından gülməlidir. Əvvəllər ölkədə 2017-ci ildə olduğu qədər iqtisadi aktivlik olmayıb. Son bir ildə ölkənin bir çox yerlərində sənaye parkları salınıb, insanlar burda işləməyə başlayıblar, onlarla iri sənaye müəssisəsinin təməli qoyulub. Kənd təsərrüfatında məhsul istehsalı ilə bağlı nəzərəçarpacaq dərəcədə böyük irəliləyişlər olub, əvvəllər başqa ölkələrdən idxal olunan kənd təsərrüfatı məhsullarının istehsalı artıb. Belə bir ili necə uğursuz adlandırmaq olar? Mənə elə gəlir ki, əksinə, əvvəlki illərdə inkişafı təkcə neft-qaz sənayesində hiss edirdiksə, bu il qeyri-neft sektorunda daha böyük canlanma müşahidə olunur. Mən bu baxımdan 2017-ci ili çox uğurlu il hesab edirəm. Qaldı Qarabağ məsələsinə, bu, bir ilin məsələsi deyil. 1988-ci ildən üzübəri lazımi addımlar atılıb. Amma bu, tək Azərbaycandan, onun hakimiyyətindən asılı məsələ deyil. Onun nizamlanması ilə beynəlxalq təşkilatlar da məşğul olur. Ona görə münaqişəni tək Azərbaycan hakimiyyətinin səyləri ilə həll etmək mümkün deyil.

– Söz beynəlxalq qurumlardan düşmüşkən, bu il Bakının bir sıra qurumlarla münasibəti gərginləşdi. Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü öhdəlikləri yerinə yetirmədiyi, Avropa İnsan Haqları Məhkəməsinin qərarlarını icra etmədiyi bildirilir, adı korrupsiya qalmaqallarında hallandırılır və s. Siz baş verənləri necə dəyərləndirirsiniz?

İlqar Məmmədov
İlqar Məmmədov

– Mən bunu Azərbaycanın beynəlxalq təşkilatlarla münasibətinin gərginləşməsi kimi xarakterizə etmək istəməzdim. Bütün ölkələrlə beynəlxalq qurumlar arasında belə ziddiyyətli məqamlar olur. Azərbaycanla Avropa Şurası arasında da fikir ayrılıqları ola bilər. Amma bu qarşılıqlı əməkdaşlıq şəraitində həll olunan məsələdir və həll olundu da.

– İlqar Məmmədovla bağlı Avropa Şurası Nazirlər Komitəsinin, Avropa İnsan Haqları Məhkəməsinin tələbləri hələ də yerinə yetirilməmiş qalır. Hətta buna görə ölkənin qurumdan uzaqlaşdırılması məsələsi gündəmdədir.

– Bunlar hamısı, sadəcə, ehtimallardır. Avropa İnsan Haqları Məhkəməsinin qərarlarının icra edilməməsi ilə bağlı statistika onu göstərir ki, Azərbaycan həmin instansiyanın qərarlarını ən çox yerinə yetirən ölkələr biridir. Ona görə də ciddi qarşıdurma gözləmirəm. Bunlar danışıq yolu həllini tapacaq məsələlərdir.

– Prezident İlham Əliyev səviyyəsində ölkənin qurumdan çıxması ehtimalı səsləndirilsə belə?

– Azərbaycan Avropa Şurasından yalnız öz istəyi ilə çıxa bilər. Azərbaycan Avropa Şurasına daha çox lazımdır, nəinki Avropa Şurası Azərbaycana.

– Nəyə görə belə düşünürsünüz?

– Bizim ölkənin yerləşdiyi əraziyə görə, qarşısında duran bəzi məqsədlərə görə. Qarşılaşdığı böhran zamanı hər ölkənin öz inkişaf yolu, öz strategiyası var. Biz 70 il digər bir qurumun tərkibində olaraq öz fikrimizi, strategiyamızı gerçəkləşdirməkdən məhrum olunmuşuq. İndi müstəqillik dövründə beynəlxalq təşkilatlara üzv olmuşuq, qarşılıqlı əməkdaşlıq edirik. Ancaq onların bizim daxili işlərimizə qarışmaq haqqını bəlli bir səviyyəyə qədər qəbul edə bilərik. Bu səviyyə keçilərsə, Azərbaycan hökuməti xalq üçün maraq kəsb edən yolu tutmalıdır və mən də bu məsələdə hökumətin mövqeyini dəstəkləyirəm.

Mehriban Əliyeva
Mehriban Əliyeva

– Mehriban Əliyevanın Birinci vitse-prezident təyin olunması da ilin hadisələri içərisindədir. Bu məsələ ilk gündən birmənalı qarşılanmayıb. Bir kəsim hesab edir ki, bu vəzifə onun haqqıdır, gördüyü işlərlə bu vəzifəyə gəlib. İkinci kəsim hesab edir ki, bu, ailə hakimiyyətinin yaradılmasıdır. Hətta bu addımla ölkənin xaricdə rüsvay olduğunu düşünənlər var.

– Mehriban xanım Əliyeva həm millət vəkili kimi, həm də Heydər Əliyev Fondunun rəhbəri kimi fəaliyyət göstərdiyi müddətdə çox işgüzar, uzaqgörən və məqsədyönlü dövlət xadimi olduğunu sübut edib. Ona görə də bu təyinatı alqışlayıram. Hesab edirəm ki, bu təyinat Azərbaycanın növbəti mərhələlərdə daha sürətli inkişafına öz töhfəsini verəcək.

– Sizcə, bu təyinat özünü doğrultdu? Onun gəlişindən sonra islahatların başlanacağı kimi bir gözlənti də vardı.

– Məncə, bu, açıq-aşkar hiss olunmaqdadır. Mehriban xanımın Birinci vitse-prezident təyin olunduğu gündən bəri onun kurasiya etdiyi məsələlərlə bağlı atdığı addımlar, qəbul etdiyi qərarlar mətbuatda yetərincə işıqlandırılıb. Mən elə bilirəm bütün bunlar əhalinin çoxdan həllini gözlədiyi məsələləri əhatə edir. O bu məsələlərin vacibliyini vaxtında müəyyənləşdirərək onların həlli yönündə öz proqramını ortaya qoyub. Bunlar da həyata keçirilir. Bu, ilk növbədə məcburi köçkünlərin və qaçqınların həyat şəraitinin yaxşılaşdırılması ilə bağlı start verilmiş layihələrin icrasıdır. Eləcə də humanitar, mədəniyyət sahəsində Mehriban xanımın təşəbbüsü ilə gerçəkləşdirilən layihələr həm ölkə daxilində, həm də Azərbaycanın dünyada tanıdılması baxımından vacibdir. Həmin layihələr bu sahənin, QHT sektorunun, könüllülük hərəkatının canlanması baxımından bir stimuldur.

– 2018-ci ilin astanasındayıq. Növbəti ildən gözləntiniz nədir?

– Ümid edirəm ki, 2018-ci il xüsusilə iqtisadi sahədə irəliləyiş ili olacaq. 2017-ci ildə strateji yol xəritəsi üzrə başlanan fəaliyyət növbəti ildə öz nəticəsini verməlidir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG