Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 18:46

Türkiyə indi nə düşünür?


İstanbulda çevriliş iştirakçıları üçün ayrıca qəbiristanlıq yaradılıb.
İstanbulda çevriliş iştirakçıları üçün ayrıca qəbiristanlıq yaradılıb.

Abbas Cavadi yazır ki, 15 iyul çevriliş cəhdindən iki həftə sonra Türkiyə cəmiyyəti hələ də sarsıntı içindədir

Abbas Cavadi yazır ki, 15 iyul çevriliş cəhdi gecəsindən indiyədək hər gün 24 saat ərzində Türkiyə xəbərlərini diqqətlə izləyib.

Məqalədə deyilir ki, çevriliş cəhdində 300-dək insan həyatını itirib və bunlar heç də təkcə çevrilişçilər və hakimiyyət tərəfdarları yox, həm də nəyin baş verdiyini bilməyən vətəndaşlar və əsgərlərdir.

Çevriliş cəhdinin dərhal ardınca Türkiyə hakimiyyəti onun arxasında ABŞ-da yaşayan vaiz Fethullah Gülenin durduğunu elan edib.

Çevriliş cəhdindən 48 saat sonra 7 min nəfər həbs edilib və ya işdən qovulub. Bu rəqəm ötən günlər ərzində artaraq 66 minə çatıb.

Cavadi yazır ki, bu rəqəmi ailə üzvlərinin sayına vurduqda hökumət üçün əvvəllər heç bir siyasətə qarışmayan yeni 250-300 min potensial opponent yarandığını demək olar.

Qətllər, nifrət və zorakılıq, ordu və hökumət idarəsindəki “kim kiminlədir” parçalanması – bütün bunlar türk xalqı üçün travmadır.

Türkiyədə əksəriyyət ABŞ-da yaşayan Fethullah Güleni "əsas çevrilişçi" hesab edir
Türkiyədə əksəriyyət ABŞ-da yaşayan Fethullah Güleni "əsas çevrilişçi" hesab edir

Məqalədə deyilir ki, müxtəlif siyasi partiyalardan olanlar demokratiyanı qorumaq məqsədilə prezident Erdoğanla həmrəylik ifadə etsələr də, həbslər və işdən qovulmalar dayanmayıb.

Abbas Cavadinin fikrincə indi, çevriliş cəhdindən iki həftə sonra demək olar ki, Gülen hərəkatı, özünün həqiqi və ehtimal olunan tərəfdarları, ona rəğbətli əsgərlər və təhlükəsizlik işçiləri, hökumət qulluqçuları, müəllimlər və jurnalistlər və ya biznesmenlərlə birlikdə tamamilə “təmizlənib”.

Bununla belə böhran, parçalanma, siyasi düşmənçilik, harayçılıq əhval ruhiyyəsi havadan asılı qalıb.

Bütün bunlar barədə yazdıqdan sonra müəllif 1923-cü ildə yaradılışından bu yana Türkiyə Respublikasının tarixində “ən pis milli münaqişənin” ardınca ölkədəki əhval ruhiyyəyə dair öz qənaətlərini sadalayır:

-- Əhalinin, hökumətin tərəfdarları və opponentləri də daxil əksəriyyəti arxasında kimin dayanmasından asılı olmayaraq çevrilişlərin fəlakət olduğuna və onların qarşısının hətta zorakılıqla alınmasının zərurətinə əmindir. Hökumətin dəyişməsi üçün seçkinin yeganə yol olduğunu hətta Erdoğanın ən qatı siyasi rəqibləri də qəbul ediblər.

-- Siyasi meyllərindən asılı olmayaraq adamların çoxu düşünür ki, Erdoğanı çevriliş qəsdçilərindən müdafiə etmək lazımdır.

-- Amma bununla belə, hiss olunur ki, Gülen hərəkatına qarşı güclü hökumət və media kampaniyasının xofu adamların azad fikir yürütməsinin qarşısını alır. Əksər media qrupları Gülen hərəkatını vurmaq üçün yarışa giriblər. Bəzi hallarda bu kampaniya bütün etika normalarından kənara çıxır. Məsələn, din işləri üzrə dövlət komitəsi çevriliş iştirakçıları üçün dini dəfn mərasimlərinin keçirilməsini, onların adi qəbirstanlıqlarda basdırılmasını qadağan edib. Universitetlərdən birinin qadın professoru öldürülmüş hökumət tərəfdarlarını “şəhid” adlandırmaqdan imtina etdiyinə görə işdən qovulub.

-- Adamların çoxu və media, deyəsən, Gülenin çevrilişin arxasında olan əsas və birinci şəxs olduğuna inanır.

-- Bəli, Erdoğanın sosial bazası və dəstəyi güclənib.

-- Həbslər və əsasən də orduda, ədliyyə sistemində, təhsil sahəsində və başqa hökumət idarələrində işdən çıxarılmalar nəticəsində boş qalmış on minlərlə iş yerinin doldurulması uğrunda yarışa başlanıb. Lakin bu yerləri doldurmaq üçün lazımi təhsilə və ixtisasa sahib insanların qıtlığı var. Bu yerlərin təhsilsiz və hətta təcrübəsiz adamlarla dolduralacağı gözlənilir.

-- Media qurumlarının çoxu və müxalifət də daxil siyasi fiqurlar hesab edirlər ki, Qərb onlardan üz çevirib.

-- Gülen barədə müxtəlif rəydə olan Qərbdən fərqli olaraq bugünün Türkiyəsində, deyəsən əksəriyyət antiçevriliş, antigülen cəbhəsindədir.

-- Türkiyə hökumətinin Pensilvaniyada yaşayan Gülenin ekstradisiyası üçün Birləşmiş Ştatlara müraciəti indi Ankara və Vaşinqton arasında başlıca mübahisə mövzusudur və guya hər şey Obama administrasiyasının qərarından asılıdır. Türklər inanırlar ki, Vaşinqton bunu edə bilər, lakin siyasi səbəblərə görə bunu etməyə həvəssizdir.

-- Üstəlik bəzi radikal və islami düşüncəli siyasi və media fiqurları belə bir şayiələrin yayılması və hətta yaradılması ilə məşğuldurlar ki, guya çevriliş cəhdinin arxasında Birləşmiş Ştatlar, MKİ və ya Pentaqon olub. Qara “PR” o qədər güclüdür kİ, hətta prezident Obama da daxil, rəsmilərin bəyənatları vəziyyəti yoluna qoya bilməyib.

-- Bu arada, Sputnik də daxil Rusiya mediası belə bir şayiə kampaniyası aparır ki, “Gülen ekstradisiya olunmayacaq, çünki o Mərkəzi Kəşfiyyat İdarəsinin agentidir”. Türkiyədə bəziləri bu şayiələrə inanmış kimi görünürlər.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG