Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 12:14

'Niyə ayda 10 manat xərcə düşməliyəm?'


Çanaq antenaları
Çanaq antenaları

«İstəmirəm kabel televiziyasını... İmtina edirəm... Mənə çanaq antenası sərf edir. Məcburdur ki, gedim ayda 10 manat keçirdim, kabel televiziyasından istifadə edim? Seçimi mən etməliyəm, mənə zorla seçdirə bilməzlər».

«NİYƏ AYDA 10 MANAT ZƏRƏRƏ DÜŞÜM?»

Xətai sakini Gülnaz Xudaverdiyeva yaşadığı evin eyvanında çanaq antenası quraşdıra bilmir. Ona mane olansa binanın komendantıdır. Gülnaz xanım AzadlıqRadiosunun «Qaynar xətt»inə danışır ki, bir həftəyə yaxındır antenanı quraşdırmaq üçün komendantla, necə deyərlər, «ölüm-dirim» savaşına çıxıb: «Yeni tikilidə yaşayıram, burda qonşular çanaq antenanı lap divara yapışdırıblar. Mənə çatanda deyir, olmaz. Hələ məsləhət də görür ki, «get, ayda 10 manat abunə haqqı ödə, kabel televiziyasından istifadə elə». Evimdə nədən və necə istifadə edəcəyimi komendantmı müəyyənləşdirməlidir? Bura şəhərin mərkəzi deyil, Nəsrəddin Tusi küçəsidir, şəhərin mərkəzindən kilometrlərlə aralıdır. Eyvanım heç bir mərkəzi küçəyə baxmır. Axı niyə məcbur etməlidilər ki, onların seçimi ilə razılaşıb ayda 10 manat zərərə düşüm?».

G.Xudaverdiyevanın sözlərinə görə, hər dəfə komendant ona mənzil alqı-satqısı zamanı imzaladığı müqavilənin şərtlərini xatırladır. Gülnaz xanım özü də müqavilədə belə bir şərtin olduğunu təsdiqləyir. Deyir, əgər bu qayda binada yaşayanların hamısına şamil olunsaydı, başqa məsələ:

Peyk antenası
Peyk antenası

«QAYDADIRSA...»

«Birindən tələb olunur ki, «qaydaya riayət elə», o birinə göz yumulur. Camaat çanaq antenasını binanın başında quraşdırıb, mənəsə öz eyvanımda quraşdırmağa imkan vermir. Qaydadırsa, hamıdan tələb olunsun...».

Binanın komendantı Etibar Əliyev sakindən yalnız müqavilənin şərtlərinə əməl olunmasını tələb etdiyini deyir: «Müqavilə imzalayanda orada binanın fəsadına, görünüşünə xələl gətirə biləcək kənar müdaxilələrlə bağlı şərtləri görmüşdü hər halda... Başqa sakinlərə gəlincə, o sakinlər müqavilə bağlayanda müqavilələrində həmin şərt qoyulmayıb. Çünki binada kabel televiziyası olmayıb. İndi həmin mənzil sahiblərinin çanaq antenası quraşdırmasına müdaxilə edə bilmirik».

«MƏHKƏMƏDƏ MÜBAHİSƏLƏNDİRƏ BİLƏR»

Hüquqşünas Vaqif Alıyev deyir, mülkiyyətçinin seçiminə qarışmaq qanunsuzdur: «Ölkə ərazisində çanaq antenasından istifadə heç bir məhkəmə qərarı ilə qadağan olunmayıbsa, ümumiyyətlə, şirkətin bu tələbi ev alanla müqaviləyə əlavə etməsi düzgün deyil. Xanım müqaviləni imzalasa da, hazırda məhkəmədə mübahisələndirə bilər. Qadağaları hüquqi qüvvəyə mindirən dövlət adından qərar olmalıdır. Heç bir evtikmə şirkəti ev alanın iradəsinin ziddinə olaraq ona «get kabel televiziyasından istifadə et» kimi dırnaqarası tövsiyələr verə bilməz. Bu, qanunsuzdur».

G.Xudaverdiyeva da çanaq antenasını quraşdırmasına imkan verilməzsə, məhkəməyə müraciət edəcəyini bildirib.

Son 3 ildə Bakının, əsasən, mərkəzindəki binalarının üzərində olan xeyli sayda çanaq antenaları sökülüb. Bu zaman sakinlərin etirazları nəzərə alınmayıb. Lakin, hələlik, məhz buna görə məhkəməyə müraciət edən olmayıb.

XS
SM
MD
LG