Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 19:18

Cahangir Hacıyev: ‘Vəziyyətimə görə gələ bilmirdim...’


Cahangir Hacıyev
Cahangir Hacıyev

Beynəlxalq Bankın həbsdə olan keçmiş rəhbəri Cahangir Hacıyevin səhhətində problemlər yaranıb.

Bu haqda mayın 11-də məhkəmədə bankir özü məlumat verib. O bildirib ki, durumu məhkəmədə iştirak etməyə, danışmağa imkan vermir.

Buna da bax:​ Cahangir Hacıyev: 'Mən siyasi məhbus kimi tanınmaq istiqamətində...'

“GÖRÜŞƏ GƏLƏ BİLMİR”

Cahangir Hacıyev və onunla birlikdə mühakimə olunanların apellyasiya şikayətlərinə Əflatun Qasımovun sədrlik etdiyi hakimlər kollegiyası baxır. Mayın 11-də səhər saatlarında Cahangir Hacıyevin vəkili Fəxrəddin Mehdiyev Bakı Apellyasiya Məhkəməsinə məktub göndərərək, prosesin təxirə salınmasını istəyib. Çünki Hacıyevin digər vəkili Aqil Layıcov mayın 10-da Kürdəxanıdakı 1 saylı Bakı istintaq təcridxanasına getsə də, hüquqlarını müdafiə etdiyi şəxslə görüşə bilməyib. Vəkilə deyilib ki, C. Hacıyevin səhhətində problem var, görüşə gələ bilmir. Digər vəkil də bu üzdən məhkəmənin təxirə salınması üçün müraciət edib.

Buna baxmayaraq, məhkəmə keçirilib. Məhkəmədə təqsirləndirilən şəxslərdən Beynəlxalq Bankın Nərimanov filialının rəhbəri olmuş, hazırda isə AFB bankın İdarə Heyətinin üzvü olan Məmməd Cahangirovun vəkili çıxış edərək, ona bəraət verilməsini istəyib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə şərti cəza alan Məmməd Cahangirov bununla razı deyil.

Buna da bax: Cahangir Hacıyevin 12 vəsatətinin biri də təmin olunmadı

Beynəlxalq Bank və onun tabeliyindəki qurumların mühafizəsini həyata keçirən "İntersecurity" şirkətinin rəhbəri, 7 il azadlıqdan məhrum edilmiş İbrahim Hüseynovun vəkili də məhkəmədən hüquqlarını müdafiə etdiyi şəxsə bəraət verilməsini istəyib. Vəkil bildirib ki, İbrahim Hüseynovun C. Hacıyev və digərləri ilə birlikdə mütəşəkkil dəstə yaratması haqda ittiham əsassızdır. Müdafiəçi deyir ki, İbrahim Hüseynov vəzifəli şəxs deyil, ona mənimsəmə ittihamının verilməsi qanunsuzdur.

“MÜTƏŞƏKKİL DƏSTƏ OLSAYDILAR...”

"Yusif Ələkbərov Cahangir Hacıyevin rəhbərliyi dövründə Beynəlxalq Bankın hüquq-mühafizə orqanlarına şikayəti əsasında həbs olunub. Əgər bunlar mütəşəkkil dəstə olsaydılar, Cahangir Hacıyev ondan şikayət edərdimi?", – bunu isə təqsirləndirilən Yusif Ələkbərovun vəkili deyib.

Buna da bax:​ Beynəlxalq Bankın baş direktoru Cahangir Hacıyevi suçladı

Ardınca Cahangir Hacıyevin vəkilləri məhkəmənin təxirə salınmasını istəyib. Bankir özü də deyib ki, bu gün sağlıq durumuna görə məhkəməyə gələ bilmirdi. Amma istintaq təcridxanasının rəis müavini onu çağırıb və məhkəməyə getməsini istəyib. Bundan sonra o, məhkəməyə gətirilib.

Hakim Cahangir Hacıyevin istəyini nəzərə alıb və məhkəmə mayın 18-nə qədər təxirə salınıb.

XATIRLATMA

C.Hacıyev 2015-ci il dekabrın 5-dən həbsdədir. O, ötən il oktyabrın 14-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə mənimsəmə, vəzifədən sui-istifadə, vəzifə saxtakarlığı kimi əməllərdə suçlu hesab olunaraq, 15 il azadlıqdan məhrum edilib.

Buna da bax:​ Həbsdəki keçmiş deputat: 'Pullar xaricdə torpaq sahələrinə xərclənib'

C.Hacıyev Beynəlxalq Bankdan müxtəlif adamların adlarına kreditlər ayırıb həmin vəsaitlərin mənimsənilməsində təqsirləndirilir.

Amma C.Hacıyev ittihamları qəbul etmir. Ona görə də haqqındakı hökmdən apellyasiya şikayəti verib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG