Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 22:04

Cahangir Hacıyevin bacısı prezidentin köməkçisinə üz tutdu


Əminə Hacıyeva
Əminə Hacıyeva

“Qardaşım Cahangir Hacıyevin həbsdə olduğu üç il ərzində bizim ailə insan haqlarının tam pozulması ilə üzləşib. Ondan başlayım ki, məhkəməyə qardaşımın günahını sübut edən heç bir sənəd təqdim edilməyib”.

Azərbaycan Beynəlxalq Bankın (ABB) həbsdəki keçmiş rəhbəri Cahangir Hacıyevin bacısı Əminə Hacıyeva Azərbaycan prezidentinin hüquq-mühafizə orqanları ilə iş üzrə köməkçisi Fuad Ələsgərova müraciətində belə yazır.

Bacısı qeyd edir ki, Cahangir Hacıyevin vəkilləri məhkəmələrdə otuz iki vəsatət qaldırıblar:

“Həmin vəsatətlərin hamısı rədd edilib və məhkəmədə baxılmayıb. Sonra naməlum səbəblərdən 13 saylı Cəzaçəkmə Müəssisəsində Cahangirə səkkiz ay qohumları və vəkilləri ilə görüşü qadağa ediblər, onu bir həftə cərimə kamerasına salıblar”.

Onun yazdıqlarına görə, Cahangir Hacıyev Kürdəxanı təcridxanasına qaytarıldıqdan sonra ailə üzvləri ilə bir neçə ay görüşə və telefon zənglərinə icazə veriblər:

"Sentyabrın 12-dən başımıza növbəti bədbəxtlik gəldi. Mən bunu bədbəxtlik sayıram, çünki insanı yemək və dərmandan məhrum etmək insaniyyətsizliyin yüksək həddidir. Cahangiri yenidən görüşdən və telefon zənglərindən məhrum ediblər. Bizim vəkillərdən birini, Fəxrəddin Mehdiyevi birillik lisenziyadan məhrum ediblər. İndi də sıra ikinci vəkilə, Aqil Layıca gəlib çatıb. Ədliyyə Nazirliyi rəhbərliyinin göstərişi ilə üç ildir ki, mərhum anamla bağlı vərəsəlik hüququ almağıma imkan verilmir. Daxili İşlər Nazirliyi isə mənim ölkədən çıxışıma icazə vermir".

O, Fuad Ələsgərovdan yuxarıda qeyd edilən məsələlərlə bağlı suallarını cavablandırmağı xahiş edib.

Bu müraciətə, hələlik, prezidentin hüquq-mühafizə orqanları ilə iş üzrə köməkçisi Fuad Ələsgərovdan münasibət almaq mümkün olmayıb.

Cahangir Hacıyevin bacısı bundan əvvəl də bir neçə dəfə rəsmilərə, eləcə də ölkə başçısına oxşar müraciətlər edib.

Həmin müraciətlərə də ölkə rəhbərliyi səviyyəsində münasibət bildirilməyib.

Ancaq bir neçə gün əvvəl Penitensiar Xidmət sözcüsü onun müraciətlərində onlara aid iddiaları təkzib etmişdi.

Xidmətdəm AzadlıqRadiosuna bildirilmişdi ki, Cahangir Hacıyevin həbsdə hüquqlarının pozulması barədə iddialar həqiqətə uyğun deyil.

Bir müddət əvvəl isə qurumdan Hacıyevin cərimə kamerasına salınmasına da münasibət bildimişdilər. Oradan bu “keçmiş bank rəhbərinin başqasının telefon hüququndan qanunsuz yararlanmaq istəməsi” ilə izah edilmişdi.

Xatırlatma

2015-ci ilin dekabrında həbs edilən Cahangir Hacıyev mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və başqa əməllərdə suçlanaraq, 15 il azadlıqdan məhrum edilib. Ancaq o, ittihamları qəbul etmir.

Cahangir Hacıyevdən sonra da Beynəlxalq Bankın ətrafında qalmaqallar bitməyib.

Ötən il Azərbaycan Beynəlxalq Bankı 3.3 mlrd. dollar borcunun restrukturizasiyasından ötrü Nyu-Yorkda məhkəməyə müraciət edib. Bundan sonra onun öhdəlikləri dövlətə ötürülüb.

Bundan əvvəl isə ABB-nin sağlamlaşdırılması ilə bağlı dövlətin 10 milyard manat vəsaitinin xərcləndiyi bildirilirdi.

XS
SM
MD
LG