“Ədliyyə Nazirliyinin məmurlarının bizə qarşı davam edən ədalətsiz münasibətinin qarşısını almanızı xahiş edirəm”.
Azərbaycan Beynəlxalq Bankının (ABB) keçmiş sədri Cahangir Hacıyevin bacısı Əminə Hacıyevanın prezident İlham Əliyevə sayca üçüncü müraciətində belə yazılır.
Əminə Hacıyeva müraciətində vurğulayır ki, 2017-ci il sentyabrın 15-dən başlayaraq ona 13 saylı Cəzaçəkmə Müəssisəsində saxlanan qardaşı ilə görüşməyə icazə vermirlər.
Müraciətdə deyilir ki, Cahangir Hacıyevin başqa yaxın qohumları ilə görüşünə də icazə verilmir və o tamamilə təcrid edilib:
“Görüşlərdən imtina üçün əsas yoxdur. Ədliyyə Nazirliyinə və Baş Prokurorluğa Penitensiar Xidmətin Cahangir Hacıyevin qohumları ilə görüşünə icazə verməməsi ilə bağlı müraciətlərə heç bir cavab verilmir. Ədliyyə Nazirliyinin və Baş Prokurorluğun rəhbərliyi Cahangir Hacıyevin doğmaları ilə görüşməsinə imkan yaradılmasından imtina edir”.
Əminə Hacıyeva daha sonra yazır ki, qızı işdən çıxarılıb, özünün isə ölkədən çıxışına qadağan qoyulub:
“Ümumiyyətlə, bizim ailəmizə qarşı böyük təzyiqlər var. Qızımı işdən çıxarıblar, mənim ölkədən çıxmağıma qadağa qoyulub, bizimlə bağlı adı notariat əməliyyatlarının keçirilməsi müşküldür. İş o yerə çatıb ki, anam vəfat etdikdən sonra vərəsəlik sənədlərini belə rəsmiləşdirmirlər".
Cahangir Hacıyevin bacısı müraciətinin sonunda prezidentdən ABB-nin keçmiş sədrinin ailə üzvləri ilə görüşlərinin bərpa olunmasına kömək etməsini xahiş edib.
Əminə Hacıyevin bu müraciətinə hələlik nə Ədliyyə Nazirliyindən, nə də sözü gedən başqa rəsmi qurumlardan münasibət öyrənmək mümkün olub.
Xatırlatma
Cahangir Hacıyev 2015-ci ilin dekabrında həbs olunub. Cinayət Məcəlləsinin 179 (mənimsəmə), 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 309 (vəzifə səlahiyyətlərini aşma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunan keçmiş bankir 15 il müddətinə azadlıqdan məhrum edilib. Apellyasiya məhkəməsi bu hökmü qüvvədə saxlayıb.
Cahangir Hacıyev özünü təqsirli bilmir və ittihamları qəbul etmir.
Ötən ilin sonlarından vəkilləri və yaxınları onun hüquqi, tibbi yardımdan məhrum olunduğunu bildirirlər. Onların bununla bağlı məhkəməyə şikayəti də olub. Ancaq həmin şikayət əsaslı hesab edilməyib.
Ədliyyə Nazirliyinin Penitensiar Xidməti Cahangir Hacıyevlə vəkillərinin görüşə bilməməsinə də münasibət bildirməyib.
Lakin bir müddət əvvəl Penitensiar Xidmətdən Cahangir Hacıyevin müvəqqəti cərimə kamerasına salınması ilə bağlı açıqlama olmuşdu.
Onda xidmət bildirmişdi ki, Hacıyev daxili əsasnaməni pozaraq başqa məhkumun telefonla danışmaq hüququndan yararlanmağa cəhd göstərdiyinə görə cəzalandırılıb.
Müdafiə tərəfi isə iddia edirdi ki, bütün bunlar keçmiş bankirin mətbuata bəzi açıqlamalarından sonra baş verib.
Üstəlik, Cahangir Hacıyevin vəkili Fəxrəddin Mehdiyevin də fəaliyyəti bu ilin yanvarında 1 illik dayandırılıb. O, Azadlıq Radiosuna bunu belə izah etmişdi:
"Məni Cahangir Hacıyevin açıqlamasını mətbuata verməkdə ittiham edirlər. Halbuki, bu əməldə heç bir qanunsuzluq yoxdur. Hüquqlarımı müdafiə etdiyim şəxsin ünvanına ittihamlar, təhqiramiz ifadələr səsləndirilib, onun da cavab vermək, özünü müdafiə etmək haqqı var. Qanunun imkan verdiyi üsullardan istifadə edərək, onu müdafiə etmək vəkil kimi mənim borcumdur”.
Lakin Vəkillər Kollegiyasının rəhbərliyi bəyan edib ki, onlar heç bir vəkilin mətbuata açıqlama verməsinə qadağa qoymayıblar.
Kollegiya rəhbərliyi vəkillərin cəzalandırılmasını onların qanunvericiliyin tələblərini pozmaları ilə izah edib.