Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 16:08

C.Hacıyev deyir, 4 milyardlıq krediti 'Aqrarkredit' ödəsin


C.Hacıyev
C.Hacıyev

Vaxtilə Beynəlxalq Bankdan götürülmüş kreditlər hesabına formalaşan aktivlər (müəssisələr) «Aqrarkredit» QSC-yə verilib. Prezidentin 15 iyul 2015-ci il tarixli fərmanı ilə bankın problemli kreditləri ilə bağlı məsələlərin həlli, aktivlərin (yaranmış müəssisələrin) idarə olunması kimi işlər də «Aqrarkredit»ə həvalə olunub.

«Aqrarkredit» bankın keçmiş rəhbəri Cahangir Hacıyev və onunla birlikdə mühakimə olunan daha 22 nəfərə (onlardan biri istintaqın sonunda dünyasını dəyişib-red.) qarşı mülki iddia qaldıraraq, onlardan ümumilikdə 4 milyard 129 milyon 729 min manat pul tələb edir. C.Hacıyev isə buna etiraz edir. Onun vəkilləri iyunun 10-da məhkəmədə bu barədə vəsatət qaldırıblar.

Vəkillər deyir ki, «Aqrarkredit» QSC bir tərəfdən bankdan götürülmüş kreditlərə görə mülki iddia qaldırıb pulu tələb edir. Digər tərəfdən də həmin kreditlər hesabına yaradılan, lakin kredit öhdəlikləri yerinə yetirilmədiyindən müsadirə olunan müəssisələr «Aqrarkredit»ə verilib:

«Mülki iddiada «Aqrarkredit» QSC-də olan aktivlər nəzərə alınmayıb. Yəni Beynəlxalq Bank ölkə daxilində və xaricdə layihələrə kreditlər ayırıb. 2015-ci ildən həmin layihələr «Aqrarkredit»in nəzarətindədir. Mülki iddia isə 4 il əvvəlki vəziyyət əsasında verilib. Aktivlərin dəyəri, işləyən müəssisələrin gəlirləri nəzərə alınmayıb. Kreditlər hesabına xaricdə həyata keçirilən layihələr ümumiyyətlə, qiymətləndirilməyib. Belə ziddiyyətlərə görə «Aqrarkredit» QSC-nin mülki iddiası təmin oluna bilməz».

«Vergilər Nazirliyi eyni iddianı o işdə də qaldırıb»

Vəkillər bildirir ki, Beynəlxalq Bank işi ilə əlaqədar istintaq vaxtı mühasibatlıq ekspertizası təyin olunub. Amma istintaq orqanı obyektiv araşdırma üçün lazım olan bütün sənədləri ekspertizaya təqdim etməyib. Müdafiəçilərin sözlərinə görə, Beynəlxalq Bankın xaricdə kreditləşdirdiyi müəssisələri istintaq araşdırmayıb, ekspertə də bu barədə heç bir sənəd təqdim olunmayıb: «Ona görə də bütün zəruri sənədlər ekspertizaya təqdim olunmaqla, təkrar məhkəmə mühasibatlıq ekspertizası keçirilməsini xahiş edirik».

C.Hacıyevin vəkillərinin daha bir vəsatəti isə Vergilər Nazirliyinin keçmiş bankirə qarşı 1 milyon 752 min manatlıq iddiası haqda olub. Vəkillər bu iddianın təmin olunmamasını istəyiblər. Deyiblər ki, Vergilər Nazirliyinin nümayəndəsi məhkəmə prosesinin əvvəlində mülki iddianı dəqiqləşdirəndə bu pulu bütün təqsirləndirilən şəxslərdən yox, ancaq C.Hacıyevdən tələb etdiklərini bildirmişdi. Ancaq təqsirləndirilən şəxslərdən keçmiş deputat Dünyamin Xəlilov haqqında bundan əvvəlki cinayət işi üzrə hökmdən görünür ki, Vergilər Nazirliyi eyni iddianı o işdə də qaldırıb, məhkəmə də ona hüquqi qiymət verib:

«Qüvvəyə minmiş hökmdə əksini tapan iddia tələbinin yenidən Cahangir Hacıyevə qarşı yönəldilməsi yolverilməzdir. Ümumiyyətlə, həmin iddia ərizəsi qanunvericiliyə ziddir. İddia tələbi əsaslandırılmayıb».

Prokuror C.Hacıyevin vəkillərinin vəsatətlərinə münasibət bildirmək üçün məhkəmədən vaxt istəyib. Keçmiş bankirin məhkəməsi iyulun 17-də davam edəcək.

Xatırlatma

Hazırda «Beynəlxalq Bank işi» üzrə mühakimə olunan 22 nəfərə qarşı CM-in 179.3.1 (mütəşəkkil dəstə tərəfindən mənimsəmə və ya israf etmə) və 179.3.2 (külli miqdarda ziyan vurmaqla mənimsəmə və ya israf etmə) maddələri ilə ittiham irəli sürülüb.

C.Hacıyevə həmçinin, vergidən yayınma, vəzifə saxtakarlığı kimi ittihamlar da verilib. İttihamda yazılıb ki, C.Hacıyevin tapşırığı ilə D.Xəlilovun rəhbərlik etdiyi «General Construction»ın işçilərinin adına müxtəlif şirkətlər yaradılaraq, onların vasitəsilə Beynəlxalq Bankdan milyonlarla kredit götürülərək mənimsənilib. Təqsirləndirilən şəxslər isə ittihamları qəbul etmir.

Mütəşəkkil qrup şəklində külli miqdarda mənimsəmə ittihamlarının hər biri üzrə 10 ilə qədər həbs cəzası nəzərdə tutulub.

C.Hacıyev 2015-ci il dekabrın 5-də həbs olunub. 2016-cı ildə Bakı Ağır Cinayətlər Məhkəməsi onu 15 il azadlıqdan məhrum edib. C.Hacıyev ailə üzvləri və özünə yaxın olan başqa şəxslərin adına Beynəlxalq Bankdan milyonlarla dollar dəyərində kreditlərin götürülüb mənimsənilməsində təqsirli bilinib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG