Keçid linkləri

Təcili xəbərlər
2019, 21 Avqust, çərşənbə, Bakı vaxtı 22:20

Cahangir Hacıyevin müavini onu ittiham etdi: 'Ona demişdim...'


C.Hacıyev

Vaxtilə Cahangir Hacıyev Beynəlxalq Bankın rəhbəri vəzifəsində işləyəndə onun birinci müavini olmuş, həmçinin bankın Kredit Komitəsinə rəhbərlik etmiş Emin Mustafayev məhkəmədə onu ittiham edib. 2015-ci ilin martında C.Hacıyev bankın İdarə Heyətinin sədri vəzifəsindən gedəndən sonra üç ay bu vəzifəni E.Mustafayev icra edib. Elə həmin müddətdə də Daxili İşlər Nazirliyinə C.Hacıyev haqqında məktub göndərib.

Mayın 6-da C.Hacıyev və daha 21 nəfərin məhkəməsində şahid kimi ifadə verən E.Mustafayev qaytarılmayan böyük kreditlərə, veksel əməliyyatlarına görə onu suçlayıb. Deyib ki, bankda Aktivlərin və Passivlərin İdarə Olunması Komitəsinə də C.Hacıyev rəhbərlik edirdi: «Birinci günlər Komitənin iclasları keçirilirdi. Orada veksel əməliyyatları müzakirə olunmurdu. Amma qərar verilirdi ki, veksel əməliyyatları reallaşdırılsın. Bu əməliyyatları, əsasən, bankın törəmə qurumu olan Moskva filialı həyata keçirirdi. Bakıdan - baş ofisdən vəsait Moskvaya göndərilirdi, orda da şirkətlərə ödənilirdi. Uzun müddət bankda durum yaxşı deyildi, maliyyə çatışmazlığı vardı. Mərkəzi Bankdan, xarici maliyyə qurumlarından maliyyə cəlb edirdik. Bankın likvidlik problemi vardı. Buna baxmayaraq, veksel əməliyyatları həyata keçirilirdi. Əməkdaşlar da deyirdi ki, Cahangir Hacıyev göstəriş verib, bu əməliyyatlar rəsmiləşdirilsin».

Bir çox böyük kreditlərin ayrılması üçün Kredit Komitəsinin razılığı olub, bu haqda qərarlar var. Komitəyə də E.Mustafayev rəhbərlik edib. Bu məsələyə gəlincə, Mustafayev deyir ki, o qərarlar da C.Hacıyevin göstərişi ilə verilib: «Bu gün məhkəmədə araşdırma aparılan şirkətlərə kreditlər Cahangir Hacıyevin göstərişi ilə verilib. Demişdi ki, Dünyamin Xəlilovun idarə etdiyi şirkətlərə kreditlər ayrılsın».

«Cargill əməliyyatları»

E.Mustafayev cinayət işində bəhs olunan «Cargill əməliyyatları» barədə də danışıb. Bildirib ki, «Cargill» Amerika şirkətidir, bir sıra başqa sahələrlə yanaşı, maliyyə kreditləşməsi ilə də məşğul olur: «Bu şirkətlə əməkdaşlıq sənədində göstərilir ki, mal dövriyyəsi var, nəsə alınıb, amma əslində heç nə olmur. Sadəcə, maliyyə verir. O vəsaitləri də Beynəlxalq Bank ödəyirdi. Riskli idi. Biz bu riskləri deyəndə Cahangir Hacıyev irad bildirirdi ki, bunu qadağan edən norma yoxdur. Vəsaitlər də xaricə gedir, qayıtmırdı. Cahangir Hacıyevə problemi deyəndə cavab verirdi ki, Dünyamin Xəlilovla danışın. O da deyirdi ki, Bakıda tikinti layihələri var, başa çatsın, ödəyəcək».

E.Mustafayev yada salıb ki, bankın Müşahidə Şurası 2009-cu ildə bir qərar vermişdi. Qərara görə, 1.5 milyondan yuxarı kreditlərin ayrılması üçün Müşahidə Şurasının razılığı olmalıydı. Amma bir çox hallarda Müşahidə Şurasına həmin kreditlər haqda məlumat verilməyib.

Vəkillər E.Mustafayevə məhkəmədə dindirilən şahidlərin ifadəsi haqda məlumat veriblər. Şahidlər deyib ki, bank əməliyyatları barədə sistemdəki məlumatlara Müşahidə Şurası üzvlərinin sərbəst çıxışı vardı. Onlar istədikləri məsələ ilə bağlı mövqelərini ortaya qoya bilərdilər. Müşahidə Şurasının sədri də maliyyə nazirinin müavinidir.

Vəkillər E.Mustafayevdən onu da soruşub ki, C.Hacıyevin qanunsuz göstərişlərini görürdüsə, bəs niyə ona əməl etmək əvəzinə, vaxtında hüquq-mühafizə orqanlarına məlumat verməyib, illər ərzində onun vəzifədən çıxmasını gözləyib? E.Mustafayev belə cavab verib: «Birbaşa İdarə Heyətinin sədrinə tabe olduğuma görə onun göstərişlərindən kənara çıxa bilmirdim. Amma özünə bildirirdim. Sonradan mən İdarə Heyətinin sədri vəzifəsini icra edəndə hüquq-mühafizə orqanlarına məlumat verdim».

C.Hacıyevin vəkili Fəxrəddin Mehdiyev məhkəmədə məlumat verib ki, İdarə Heyətinin üzvlərini, o cümlədən E.Mustafayevi vəzifəyə təyin etmək və ya azad etmək Səhmdarların Ümumi Yığıncağının səlahiyyətində olan məsələdir. Yığıncağa da maliyyə naziri sədrlik edir.

Beynəlxalq Bankla bağlı məhkəmə araşdırmaları davam edir.

Xatırlatma

Hazırda «Beynəlxalq Bank işi» üzrə mühakimə olunan 22 nəfərə qarşı CM-in 179.3.1 (mütəşəkkil dəstə tərəfindən mənimsəmə və ya israf etmə) və 179.3.2 (külli miqdarda ziyan vurmaqla mənimsəmə və ya israf etmə) maddələri ilə ittiham irəli sürülüb.

C.Hacıyevə həmçinin, vergidən yayınma, vəzifə saxtakarlığı kimi ittihamlar da verilib. İttihamda yazılıb ki, C.Hacıyevin tapşırığı ilə D.Xəlilovun rəhbərlik etdiyi «General Construction»ın işçilərinin adına müxtəlif şirkətlər yaradılaraq, onların vasitəsilə Beynəlxalq Bankdan milyonlarla kredit götürülərək mənimsənilib. Təqsirləndirilən şəxslər isə ittihamları qəbul etmir.

C.Hacıyev 2015-ci il dekabrın 5-də həbs olunub. O, Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 oktyabr 2016-cı il tarixli hökmü ilə 15 il azadlıqdan məhrum edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG