«Azərbaycan Beynəlxalq Bankı» ASC-nin İdarə Heyətinin üç ildir həbsdə olan keçmiş rəhbəri Cahangir Hacıyev yaxın vaxtlarda yenidən məhkəmə önünə çıxarılacaq. Bu dəfə o, keçmiş deputat Dünyamin Xəlilov və daha 18 nəfərlə birlikdə mühakimə olunacaq.
Uzun illərdir aralarında dostluq münasibəti olan C.Hacıyev və D.Xəlilov bundan öncə ayrı-ayrılıqda mühakimə olunub. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmüylə C.Hacıyev 15 il, D.Xəlilov isə 13 il azadlıqdan məhrum edilib.
Onlar da daxil, 20 nəfər haqqındakı budəfəki cinayət işi, əsasən, Beynəlxalq Bankın Moskva filialı, xaricdəki kreditlərlə bağlıdır. Cinayət işinin istintaqı artıq başa çatıb, iş materiallarıyla tanışlıq mərhələsidir. Təqsirləndirilən şəxslər və onların vəkillərinin əksəriyyəti tanış olublar, C.Hacıyev isə bu prosesi davam etdirir.
Sabiq bankirə bu dəfə də CM-nin 179 (mənimsəmə), 193-1 (cinayət yoluyla əldə edilmiş pulların leqallaşdırılması), 213 (vergidən yayınma), 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və başqa maddələri ilə ittihamlar irəli sürülüb.
Hacıyevə noyabrın 15-nə qədər vaxt verilib
C.Hacıyevin bacısı Əminə Hacıyeva AzadlıqRadiosuna bildirib ki, qardaşına iş materiallarıyla tanış olmaq üçün noyabrın 15-dək vaxt verilib. Ə.Hacıyeva deyir ki, qardaşı 360-cildlik iş materiallarıyla tam tanış olmaqda israrlıydı, buna imkan vermək istəmirdilər, ona edilən təzyiqlərin, yanına yemək və dərman buraxılmamasının səbəbi bu idi: «Cahangir Hacıyev deyir ki, əvvəlki işdə olduğu kimi, bu işdə də o qədər saxtakarlıqlar var... Ona görə bütün işi bir-bir oxumaq istəyir».
Ə.Hacıyeva qardaşının sözlərinə istinad edərək söyləyir ki, Beynəlxalq Bankın Moskva filialında mənimsəmələr, vergidən yayınma barədə ittihamlar absurddur: «Əvvəla, Moskva filialının rəhbərliyi olub. Əgər orada vergi verməsəydilər, o filialı 15 il Moskvada işləməyə qoyardılarmı? Çoxdan bağlayardılar. Yaxud da çirkli pulların yuyulması... Cahangiri həbs eləyəndən sonra ofşorları araşdırdılar ki, bunun orada nəyisə var, yoxsa yox. Heç nə tapmadılar. Sadəcə, Cahangiri qurban seçiblər, ölkədə nə qədər problem var, yıxıblar onun üstünə...».
Ə.Hacıyeva yada salır ki, hələ 2010-cu ildə Beynəlxalq Bankın vergidən yayınmasıyla bağlı cinayət işi başlanmışdı, iki il yoxlamalar aparılıb. Son nəticədə isə Baş prokurorun birinci müavini Rüstəm Usubovun qərarıyla həmin cinayət işinə xitam verilib: «Cinayət tərkibi olmadığına görə xitam verildi. Cahangir həbs ediləndən sonra Daxili İşlər Nazirliyi həmin materialları arxivdən götürüb. Bu, Cahangirə qarşı ittihamların saxta olduğunu təsdiqləyən sübutlardan biridir, onun ortaya çıxmasına imkan vermirlər».
Xatırlatma
C.Hacıyev 2015-ci ilin dekabrında həbs olunub və 2016-cı ilin oktyabrında Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmüylə 15 il azadlıqdan məhrum edilib. Apellyasiya Məhkəməsi də hökmü qüvvədə saxlayıb.
C.Hacıyev ailə üzvləri və özünə yaxın olan başqa şəxslərin adına Beynəlxalq Bankdan milyonlarla kreditin götürülüb mənimsənilməsində suçlanır.
Keçmiş deputat D.Xəlilov da C.Hacıyevlə dostluq münasibətlərindən yararlanaraq rəhbərlik etdiyi müəssisələrdəki işçilərinin adına böyük məbləğdə kreditlər götürüb mənimsəməkdə günahlandırılıb və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmüylə 13 il həbs cəzası alıb. Apellyasiya Məhkəməsi onun cəzasını 3 ay azaldaraq 12 il 9 aya salıb.
C.Hacıyev və D.Xəlilovun heç biri özlərini təqsirli bilmir.
C.Hacıyevin həbsindən sonra da Beynəlxalq Bankın ətrafında qalmaqallar bitməyib. Ötən il Azərbaycan Beynəlxalq Bankı 3.3 mlrd. dollar borcunun restrukturizasiyasından ötrü Nyu-Yorkda məhkəməyə müraciət edib. Bundan sonra onun öhdəlikləri dövlətə ötürülüb.
Bundan əvvəl isə ABB-nin sağlamlaşdırılması ilə bağlı dövlətin 10 milyard manat vəsaitinin xərcləndiyi bildirilirdi.