Beynəlxalq Bankın keçmiş rəhbəri Cahangir Hacıyevin birinci məhkəməsində onunla birlikdə mühakimə olunanlardan birinin cəzası azaldılıb. Beynəlxalq Bankın inzibati binalarının mühafizəsini həyata keçirən «Inter Security» MMC-nin baş direktoru olmuş İbrahim Hüseynovun cəzası 8 ildən 5 ilə endirilib. Ali Məhkəmədə İnqilab Nəsirovun sədrlik etdiyi hakimlər kollegiyası bu barədə qərar çıxarıb.
Aprelin 18-də Ali Məhkəmədə həmin cinayət işi üzrə mühakimə olunanlardan dördünün – Cahangir Hacıyev, onun dostu, Bakı Fındıq Emalı Zavodunun direktoru olmuş Azad Cavadov, bankın Nərimanov filialına rəhbərlik etmiş Məmməd Cahangirov və İbrahim Hüseynovun şikayətlərinə baxılıb. Bu dörd nəfərdən M.Cahangirov azadlıqdadır, ona şərti cəza verilib. Ona görə məhkəmədə təqsirləndirilən şəxslərdən ancaq o, iştirak edib.
Həm M.Cahangirov, həm də bütün vəkillər Beynəlxalq Bankla bağlı onlara verilən mənimsəmə ittihamlarının əsassız olduğunu deyib, Ali Məhkəmədən bəraət istəyiblər.
C.Hacıyevin vəkili Fəxrəddin Mehdiyev çıxışında bildirib ki, Beynəlxalq Bankla bağlı prezidentin fərmanına əməl olunmaması bütövlükdə ölkənin iqtisadiyyatına mənfi təsir göstərib, bank sektoruna zərbə vurub. Söhbət Beynəlxalq Bankın dövlətə məxsus səhmlərinin özəlləşdirməyə hazırlanmasıyla bağlı sağlamlaşdırma tədbirləri haqqında 5 iyul 2015-ci il tarixli fərmandan gedir: «O sənəddə Maliyyə Nazirliyinə, Mərkəzi Banka və o dövrdə yeni yaradılan «Aqrarkredit»ə (bu QSC Beynəlxalq Bankın problemli kreditləri ilə məşğul olur-red.) müəyyən tövsiyələr var. Biri də budur ki, problemli kreditlər məsələsi mülki qaydada həll olunsun. Amma fərmanın əksinə, bunu cinayət təqibi yoluyla həll etdilər. Nəticə də nəinki Beynəlxalq Bank, ümumiyyətlə, ölkə iqtisadiyyatı üçün arzuolunmaz oldu».
««Aqrarkredit» bunun öhdəsindən gəlmədi»
F.Mehdiyev deyir ki, Beynəlxalq Bankdan kredit götürüb, biznes fəaliyyəti ilə məşğul olan iş adamları cinayət təqibinə məruz qaldı, həbs edildi, nəticədə müəssisələrin fəaliyyətində axsama oldu, kredit ödənişində problem yarandı: «O müəssisələr, bankın maliyyələşdirdiyi layihələr «Aqrarkredit»in nəzarətinə verildi. Amma «Aqrarkredit» bunun öhdəsindən gəlmədi, işləri, xüsusən xaricdəki layihələri nizamlaya bilmədi, idarəçilikdə xaos yarandı. Nəticə də bu oldu ki, həmin layihələr üçün götürülən kreditlər ödənilmədi. İndi də buna görə Cahangir Hacıyev və digərlərinə ittihamlar verilib».
O müəssisələrin çoxunun indi də mövcud olduğunu deyən vəkil misal olaraq, «Intertobacco», «Interglass», Oğuz Qlükoza Zavodu, ayaqqabı fabriki, Bakı Fındıq Emalı Zavodu, Azərbaycan Metanol Zavodu, Şəki və Zaqatala olimpiya komplekslərinin adlarını çəkib.
Vəkil deyir ki, Beynəlxalq Bank 2015-ci ilə qədər mənfəətlə işləyib, C.Hacıyev və digərləri bankdan uzaqlaşdırılandan sonra problemlər başlayıb.
Vəkillərin çıxışından sonra bir neçə dəqiqəlik müşavirə edən hakimlər hökmə ancaq İ.Hüseynovla bağlı hissədə dəyişiklik edərək, ona verilmiş həbsin müddətini 3 il azaldıb. Qalan üç nəfərlə bağlı hökm isə dəyişməyib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 oktyabr 2016-cı il tarixli hökmüylə C.Hacıyev 15 il, A.Cavadov 10 il 11 ay, İ.Hüseynov 8 il azadlıqdan məhrum edilib, M.Cahangirova isə 7 il 6 ay şərti cəza verilib.
Xatırlatma
C.Hacıyev 2015-ci il dekabrın 5-dən həbsdədir.
Hazırda onun haqqındakı ikinci cinayət işi üzrə ümumilikdə 22 nəfərin məhkəməsi gedir. Onlara qarşı CM-in 179.3.1 (mütəşəkkil dəstə tərəfindən mənimsəmə və ya israf etmə) və 179.3.2 (külli miqdarda ziyan vurmaqla mənimsəmə və ya israf etmə) maddələri ilə ittiham irəli sürülüb.
C.Hacıyevə həmçinin, vergidən yayınma, vəzifə saxtakarlığı kimi ittihamlar da verilib. İttihamda yazılıb ki, C.Hacıyevin tapşırığı ilə D.Xəlilovun rəhbərlik etdiyi «General Construction»ın işçilərinin adına müxtəlif şirkətlər yaradılaraq, onların vasitəsilə Beynəlxalq Bankdan milyonlarla kredit götürülərək mənimsənilib. Təqsirləndirilən şəxslər isə ittihamları qəbul etmir.