«Dörd aydır ki, mən ailə üzvlərimlə nə görüşə bilirəm, nə də telefonla danışıram. Baxmayaraq ki, istintaq bitib, iş artıq məhkəmədədir, yenə də bu hüquqlarım məhdudlaşdırılır. Özü də heç bir əsas, rəsmi sənəd olmadan...», – Beynəlxalq Bankın keçmiş rəhbəri Cahangir Hacıyev yanvarın 21-də məhkəmədə belə deyib.
Sabiq bankirin haqqındakı ikinci cinayət işi üzrə məhkəmə prosesi başlayıb. C.Hacıyev və onunla birlikdə mühakimə olunan daha 21 nəfərin işinə Bakı Ağır Cinayətlər Məhkəməsində Faiq Qəniyevin sədrlik etdiyi hakimlər kollegiyası baxır. Bu dəfə məhkəmə önünə çıxarılanlar arasında sabiq deputat Dünyamin Xəlilov, C.Hacıyevin bacanağı İsmayıl Hidayətzadə, Zaqatala Olimpiya Kompleksinin direktoru, «Simurq» futbol klubunun vitse-prezidenti Arif Ramazanov, şüşə məmulatlarının istehsalıyla məşğul olan «Interglass» ASC-nin rəhbəri Fariz Muradov və başqaları var. Təqsirləndirilən şəxslərə qarşı CM-nin 179.3.2 (külli miqdarda ziyan vurmaqla mənimsəmə), 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 213 (vergidən yayınma) və başqa maddələri ilə ittihamlar irəli sürülüb.
Üç qurum – Vergilər Nazirliyi, Beynəlxalq Bank və «Aqrokredit» bank olmayan kredit təşkilatı bu cinayət işi üzrə zərərçəkmiş qismində tanınıb.
«İttihamların qanuni əsası yoxdur»
Məhkəmədə C.Hacıyevin vəkili Fariz Namazlı onun haqqında cinayət işinə xitam verilməsi barədə vəsatət qaldırıb, müvəkkilinin şüşə kabinədən çıxarılıb müdafiəçisi ilə yanaşı əyləşməsinə icazə istəyib:
«Şəxsin müdafiəçisi ilə istənilən vaxt məsləhətləşə bilməsi, konfidensial müzakirə üçün bu vacibdir. Bu cinayət işində təkcə Cahangir Hacıyevə elan olunan ittiham 274 səhifədən ibarətdir. Belə böyük həcmli, əsasən rəqəmlərdən ibarət işdə tez-tez məsləhətləşmələrə ehtiyac yaranır. Cahangir Hacıyevə qarşı ittihamların heç bir qanuni əsası yoxdur. Onlara mütəşəkkil cinayətkar dəstədə birləşmək ittihamı verilib, amma Cahangir Hacıyev təqsirləndirilən şəxslərin bir çoxunu ümumiyyətlə, tanımır. Yaxud da vergidən yayınma sırf «Aztorq» MMC ilə bağlıdır. Cahangir Hacıyevin bu şirkətə heç bir aidiyyəti olmadığı halda, ona da vergidən yayınma ittihamı verilib».
Vəkil deyir ki, sabiq bankirə qarşı irəli sürülmüş vergidən yayınma ittihamı da əsassızdır. Müdafiəçinin sözlərinə görə, bankdan çıxarılan vəsaitlər müəyyən layihələrə yatırılıb və bu da çirkli pulların yuyulması kimi qiymətləndirilə bilməz.
F.Namazlı müvəkkilinin ailə üzvləri ilə telefon danışığı və görüş hüququnun təmin olunmasından ötrü məhkəmədən onun saxlandığı Bakı istintaq təcridxanasına məktub göndərilməsini xahiş edib: «Təcridxana rəhbərliyi məhkəmənin telefon danışığı və görüş hüququnun təmin olunmasına etiraz etməməsi haqda məktub istəyir. Əvvəla, bu hüquqların məhdudlaşdırılması üçün ortada heç bir rəsmi sənəd yoxdur. Əgər istintaq sirri ilə əlaqədar məhdudlaşdırılıbsa belə, artıq istintaq bitdiyinə görə bu səbəblər də aradan qalxıb».
C.Hacıyev özü də ittihamları əsassız sayır. Barəsindəki cinayət işinə xitam verilməsini istəyən sabiq bankir 365-cildlik iş materiallarıyla tanışlıq zamanı problemlərlə üzləşdiyini söyləyib: «Mənə görə bir vəkilimin fəaliyyəti dayandırılmışdı, digər vəkilimə də təzyiqlər vardı. Ona görə iş materiallarıyla özüm tanış olmaq istədim. Sentyabrın 13-də özüm tanış olmağa başlayanda...».
Hakim onun sözünü kəsib bildirib ki, bu, məhkəmənin hazırlıq iclasının müzakirə predmeti deyil. C.Hacıyev yaxınlarıyla görüş və telefon danışığı hüququnun pozulmasından da danışıb. O, həmçinin istintaqın natamam aparılmasından şikayətlənib: «Təəssüflər olsun ki, bu işin istintaqını aparanların maliyyə-bank sistemi haqqında anlayışı yoxdur».
C.Hacıyev Beynəlxalq Bankın 2014, 2015 və 2016-cı illərə aid illik maliyyə hesabatlarının alınıb işə əlavə olunmasını istəyib.
«Adam öz mülkiyyətində olan vəsaiti necə mənimsəyə bilər?»
Prokuror Eldar Həmzəyev deyir ki, C.Hacıyevin görüş və telefon danışığı hüququnun məhdudlaşdırıldığını təsdiqləyən rəsmi sənəd yoxdur. İş materiallarıyla tanışlığa gəlincə, bunun üçün C.Hacıyevin kifayət qədər vaxtı olub.
Prokuror təsdiqləyib ki, bu məsələ ilə əlaqədar istintaq orqanı ilə C.Hacıyev arasında problem yaşanıb: «Anlaşılmazlıqla əlaqədar sonradan cədvəl tərtib olunub, Cahangir Hacıyev həmin cədvəl üzrə materiallarla tanış olub».
C.Hacıyevin bacanağı İ.Hidayətzadənin vəkili Akif Məlikov cinayət işinin yenidən istintaqa qaytarılması haqda vəsatət qaldırıb. Bir neçə başqa təqsirləndirilən şəxsin vəkili də cinayət işinə xitam verilməsini istəyib.
«Bank krediti ayıranda həmin vəsait onu götürənin mülkiyyətinə keçir. Adam öz mülkiyyətində olan vəsaiti necə mənimsəyə bilər? Ramin Əhmədova bankdan götürülən kreditə görə mənimsəmə ittihamı verilib. O, digər təqsirləndirilən şəxslərin əksəriyyətini tanımır, bankın rəhbərini isə ancaq televizorda görüb. 6 ay 500-600 manat maaşa işləmiş bu adama indi belə ağır ittihamlar verilib», - R.Əhmədovun vəkili bildirib.
Məhkəmənin hazırlıq iclası yanvarın 24-də davam edəcək.
Xatırlatma
C.Hacıyev 2015-ci ilin dekabrında həbs olunub və 2016-cı ilin oktyabrında Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmüylə 15 il azadlıqdan məhrum edilib. Apellyasiya Məhkəməsi də hökmü qüvvədə saxlayıb.
C.Hacıyev ailə üzvləri və özünə yaxın olan başqa şəxslərin adına Beynəlxalq Bankdan milyonlarla dəyərdə kreditlərin götürülüb mənimsənilməsində suçlanır.
C.Hacıyev haqqında ikinci cinayət işiylə bağlı Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin yaydığı birgə məlumatda deyilir ki, araşdırma zamanı sabiq bank rəhbərinin göstərişiylə qanunsuz veksel (borca görə öhdəlik) əməliyyatları həyata keçirildiyinə dair əsaslı şübhələr yaranıb. Xüsusən, başqa ölkələrdə qeydiyyatdan keçmiş hüquqi şəxslərlə ümumilikdə 3.4 milyard dollar və 987 milyon avro məbləğində real dəyəri olmayan veksellərin alışı-satışı haqqında müqavilələr bağlandığı bildirilir.
«Bundan başqa, istintaqla Cahangir Hacıyevin göstərişləri əsasında həmin dövrdə qeyriləri vasitəsi ilə çoxsaylı kredit müqavilələri bağlanaraq, manat və xarici valyutalarla rəsmiləşdirməklə 900 milyon manat həcmində pul vəsaitinin bankdan digər hesablara köçürülərək mənimsənilməsinə dair əsaslı şübhələr müəyyən edilmişdir», – rəsmi məlumatda vurğulanır.
C.Hacıyev və daha 21 nəfər birlikdə 4.7 milyard manatlıq mənimsəmədə suçlanır.
C.Hacıyev özünü təqsirli bilmir.