Keçid linkləri

Təcili xəbərlər
2019, 23 Avqust, Cümə, Bakı vaxtı 08:23

Cahangir Hacıyevə yeni cəza tələbi - 17 il


C.Hacıyev

Beynəlxalq Bankın keçmiş rəhbəri Cahangir Hacıyevin 15 illik həbs cəzası artırıla bilər. İyulun 29-da Bakı Ağır Cinayətlər Məhkəməsində prokuror bu təkliflə çıxış edib. Dövlət ittihamçısı C.Hacıyevin əvvəlki cəzasını da birləşdirməklə, ona 17 il həbs verilməsini istəyib.

Bu, keçmiş bankirin haqqındakı ikinci cinayət işində prokurorun təklifidir. Bu işdə onunla birlikdə mühakimə olunanlardan keçmiş deputat Dünyamin Xəlilovun 15 il 9 ay, C.Hacıyevin bacanağı İsmayıl Hidayətzadənin isə 6 il azadlıqdan məhrum edilməsi təklif olunub. Adları çəkilən iki nəfər də həbsdə idi, onların da əvvəlki cəzaları nəzərə alınmaqla, bu müddətlər təklif olunub.

Prokuror qalan 19 nəfərin hamısına şərti cəza verilməsini uyğun sayıb. Onlar istintaq və məhkəmə dövründə də həbsdə olmayıblar. Əksəriyyəti D.Xəlilovun rəhbərlik etdiyi «Global Construction»ın işçiləri olub. Onların adlarına şirkətlər açılıb, Beynəlxalq Bankda böyük məbləğdə kreditlər götürülüb. Sonradan həmin kreditlərin qaytarılmasında problemlər yaranıb.

Prokuror C.Hacıyev və digərlərini 179.3.1 (mütəşəkkil dəstə tərəfindən mənimsəmə və ya israf etmə) və 179.3.2 (külli miqdarda ziyan vurmaqla mənimsəmə və ya israf etmə) maddələri ilə təqsirli hesab edib. Ancaq CM-in 313-cü (vəzifə saxtakarlığı) maddəsi ilə məsuliyyətə cəlbetmə müddəti keçdiyi üçün bu ittihamla cəza təyin edilməsini istəməyib.

C.Hacıyevə həmçinin, vergidən yayınma, vəzifə saxtakarlığı kimi ittihamlar da verilib. İttihamda yazılıb ki, C.Hacıyevin tapşırığı ilə D.Xəlilovun rəhbərlik etdiyi «General Construction»ın işçilərinin adına müxtəlif şirkətlər yaradılaraq, onların vasitəsilə Beynəlxalq Bankdan milyonlarla kredit götürülərək mənimsənilib. Təqsirləndirilən şəxslər isə ittihamları qəbul etmir.

C.Hacıyev 2015-ci il dekabrın 4-də həbs olunub. 2016-cı ildə Bakı Ağır Cinayətlər Məhkəməsi onu 15 il azadlıqdan məhrum edib. C.Hacıyev ailə üzvləri və özünə yaxın olan başqa şəxslərin adına Beynəlxalq Bankdan milyonlarla dollar dəyərində kreditlərin götürülüb mənimsənilməsində təqsirli bilinib.

Günün bütün mövzuları

XS
SM
MD
LG