Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:20

C.Quliyev: 'Yaxşı ki, Azərbaycanda deyiləm, ürəyim partlayardı'


C.Quliyev
C.Quliyev

Şimali Kiprdə yaşayan bəstəkar Cavanşir Quliyev AzadlıqRadiosuna müsahibə verib. O, söhbətə yaşadığı ölkədəki karantin şəraiti ilə Azərbaycandakı şərait arasında müqayisə aparmaqla başlayıb.

- Burda da yaşı 65-dən yuxarı olanlara küçəyə çıxmaq yasağı var. Amma yerdə qalanlar axşam saat 9-a kimi hara istəyirlər gedə bilərlər. Burda elə bir qadağa yoxdur. Buranın camaatı hökumətinə inanır. Bizimki kimi milləti ələ salmayıb deyə, hökumətə hörmət var. Ona görə "evdə oturun" deyəndə çoxu oturur, 90 faizi qayda-qanuna əməl edir. Azərbaycanda hökumət o qədər intizamsız olub ki, millət də intizamsızdır. Gündə baxıram, nə qədər adamı yaxalayırlar, nə qədər adam SMS yazmadan küçəyə çıxır. Burda da karantindir, amma dözümlüdür. Hökumət də əlindən gələni edir ki, insanlar rahat olsun.

- Azərbaycanda daha çox insanlar dolanışıq üçün, iş tapmaq üçün evdən çıxmağa çalışırlar.

- Bir infeksiya bütün zibilləri açdı. Azərbaycanda qeydiyyata alınmayan işsiz o qədərdir ki, 190 manat məsələsi ortaya çıxanda sistem çökdü. İşsiz adam həddən çoxdur. Hökumət yeraltı iqtisadiyyatı düzənləməyib, yalan-palan çıxdı üzə. Burda elə şey yoxdur. Hamı qeydiyyatdadır. İşəgötürən mütləq işçinin sığortasını yatırır, Azərbaycandasa sığorta vermək, işçi üçün məsuliyyət daşımaq istəmirlər. Sabah işçi yıxılıb ölsə, deyəcək ki, tanımıram, çünki heç yerdə qeydiyyatı yoxdur. Burda da karantin dövründə hökumət yardım verdi, heç bir çətinlik olmadı. İnsanlar bilgisayara girib bir "tık"la rahat aldılar. Burda ən aşağı əməkhaqqı 3800 lirədir (930 ABŞ dolları).

- Azərbaycanda minimum əməkhaqqı 250 manat, orta əməkhaqqı 700 manatdan çoxdur.

- Burda orta əməkhaqqı ifadəsi yoxdur. Biri 100 lirə qazanar, o biri 5 milyard. Sən də bölürsən, deyirsən ki, 2 milyard qazanırsan? Elə şey olar?! Hökumət qapadılan iş yerlərində işçilərə əmək haqlarının yarısını verdi, yarısını da iş yeri vardı. Məqsəd işçiləri qaçırmamaqdır, qorumaqdır. Təbii ki, burda da çətinlik var, şikayət var. Müxalifət gecə-gündüz basqı edir ki, ölkənin qapıları vaxtında bağlanmadı. Amma xəstə sayına görə ən yaxşı vəziyyət də burdadır. Bir nəfər alman turist ölüb. O da gələndə xəstə imiş. Hələ qapılar bağlanmamışdı. Həmin turistləri hoteldə karantinə götürdülər. 28-30 nəfər xəstə vardı, onlar da turistlər idi, sağalıb getdilər. Yerli camaatdan 2-3 nəfər yoluxmuşdu, onlar da hoteldə işləyənlər idi. Londondan 500-600, Türkiyədən 1500-2000 tələbəni geri gətirdilər, heç birindən infeksiya çıxmadı. Burda vəziyyət dözümlüdür. Öz-özümə deyirəm: "Yaxşı ki mən Azərbaycanda deyiləm". Mənim ürəyim partlayardı, mən SMS-MSMS qəbul edən deyiləm. Çıxacaqdım ki, aparın məni salın içəri. O, təhqirdir, Rusiyadan götürdülər.

- Koronavirus yayılmağa başladığı ilk günlərdə Azərbaycan mətbuatına müsahibənizdə demişdiniz ki, "karantin rejiminə həm sevindim, həm də kədərləndim". Bunu yaradıcılıqla məşğul ola bilmək üçün fürsət kimi dəyərləndirmişdiniz. Bu ovqatda musiqi bəstələyə bilirsinizmi?

- Demək bəlkə düzgün deyil, amma koronavirusun mənə faydası oldu bir az. Evdə oturdum, dərsləri evdən verdim, onlayn qaydada. Bir böyük əsər üzərində işləyirdim. Mikayıl Müşfiq haqqında idi. Onu, demək olar, bitirdim. Başqa işlər də gördüm. Faydalı oldu. Yaradıcı insanların arzu etdiyi durum budur, evdə olum, yazı-pozumu edim, iş yerimdən də maaşımı versinlər. Hansı yazıçıdan, şairdən soruşsanız, bununla razılaşacaq. Amma təbii ki, virus dəhşətli şeydir. Görək nə olacaq axırı.

- Onlayn dərs vermək asan oldumu?

- Mən burdan Bakı Musiqi Akademiyasının tələbələrinə bir il onlayn dərs vermişəm. Hətta yadımdadır ki, Musiqi Akademiyasının rəhbərliyi Təhsil Nazirliyinə nə qədər yazsa da, mənim dərsimi plana saldıra bilmirdi. Amma koronavirus gəldi, bir həftəyə həll etdi. Mənim onlayn dərslə bağlı təcrübəm var. Hətta işlətdiyim proqram daha təkmildir. Burdan Musiqi Akademiyasının bilgisayarına girib işləyirdim.

- Tez-tez öskürürsünüz, xəstələnmisiz?

- Yox, məndə xroniki bronxit var. Siqaret çəkməyin nəticəsidir. Bu, uzun zamandır mənimlə bərabərdir. Bir az soyuq olan kimi, tələsik danışan kimi başlayır. Amma təhlükəli deyil.

- Belə başa düşdük ki, bir xeyli musiqi əsəri, mahnı yazmısınız. Yəqin, indi də Bakıya gəlməyi gözləyirsiniz ki, burda səsləndirilsin.

- Mahnı azdır. Mahnını gərək yazasan, müğənni də yanında ola, verəsən oxuya. Burdan ora mahnı göndərməyə həvəsim yoxdur. Açığı, məndən mahnı istəyən də yoxdur. Müğənniləri elə qorxudublar ki, heç kim Cavanşirə yaxın düşmək istəmir, mahnılarımı oxumaq istəmir. Hətta uzun illər işlədiyim müğənnilər belə. Hərəsi bir bəhanəylə aradan çıxır. Mən də bunu hiss etdim, dedim ki, tamam, istəmir, vermərəm, məndən bir şey getmir. Mahnı məndədir, özüm çalıb oxuyuram. Amma başqa əsərlər, başqa planlar var. Çaldırmaq məsələsinə gəlincə... Keçən yay Azərbaycan televiziyasının yeni təyin olunmuş rəhbəri ilə narazılığımız oldu. Orda bir tamaşa çəkirdilər, komediya idi. Rejissor onun musiqisini mənə verdi. Uzun illər işlədiyim rejissordur, pyesi göndərdi ki, "oxu, işləyəcəyik". Dedim ki, "icazə al ha, mən qara siyahıdayam". Cavab verdi ki, "ab-hava dəyişib, Akif İslamzadə efirdə, Flora Kərimova efirdə". Başladım işləməyə. Bir gün zəng vurdu ki, "bəs sədr bizi çağırdı, səni xeyli təriflədi, amma sonra dedi: "Olmaz"". Yayda Bakıda idim, bu haqda bəyanat verdim. Sonra həmin rejissoru məcbur etdilər mənə "yalançı" dedi. Həm də söylədi ki, "heç ona musiqi filan sifariş vermək fikrim yox idi, sadəcə, sənət söhbəti etmişəm". Adam Bakıdan Kıbrısa zəng vurur və, sadəcə, sənət söhbəti edir. Dovşana desən, inanmaz. Məcbur etdilər. Nə olar, desin də. Hərə bir ömür yaşayır. Kim necə yaşayırsa, elə də xatirəsi qalacaq.

- Həmin rejissorla münasibətiniz qırıldı, ya davam edir?

- Ondan sonra görüşməmişik. Mən belə güman edirəm ki, əskidən olan istilik, münasibət olmayacaq. Ən azı mən tərəfdən olmayacaq. İnsanı azacıq sıxan kimi boşalır. Təbii ki, mənim kimisə ittiham etmək haqqım yoxdur. Adam deyər ki, "sənə zəng vuranda musiqi yazmağını istəyirdim, üç gün sonra istəmədim». Haqqı var. Ona demək olmaz ki, niyə belə? Mən həmişə belə hallarda deyirəm ki, əşi, qoy yaşasın.

- Dediniz ki, şair Mikayıl Müşfiq haqda əsər yazmısınız. Onu hansı aqibət gözləyir, Sizcə?

- Mənim adım doğrudan da qara siyahılarda durur, Akif İslamzadəyə, Flora Kərimovaya baxma. Bayaq dedim, Müşfiqlə bağlı böyük əsər yazmışam, oratoriya. 150-200 nəfərlik əsərdir, Filarmoniyanın səhnəsində olmalıdır. Orkestr çalmalıdır, xor oxumalıdır, solistlər, aparıcı, aktyor, xanəndə... Səhnə dolu olacaq. Libretto da Sabir Rüstəmxanlınındır. Əsər də Müşfiqin yaradıcılığı və həyatı haqqındadır. Görək onu çalmağa izn verəcəklər, ya yox. 70-80 faiz əminəm, "yox" deyəcəklər. Üzümə açıq "yox" deməyəcəklər, müxtəlif səbəblər gətirəcəklər: "Bilirsən də, koronavirus var, filan...".

- Bəlkə libretto müəllifinə görə güzəştə gedərlər?

- Əslində, Sabirə demişəm ki, bunun çalınması sənin boynunadır. Əslində, Sabirə də baxan deyillər.

- Bugünlərdə Xalq artisti, aktyor, rejissor Rafiq Əliyev vəfat etdi. Sizin onunla bağlı təəssüfünüzü gördük. Facebook-da yazmışdınız ki, "ax Rafiq, tələsdin". Çoxdurmu gedişiylə ürəyinizi yandıran belə dostlar?

- Təəssüfləndiyim, yandığım adamlar çox deyil. Hətta çox azdır. Bizdə keyfiyyətli ziyalı adam çox azdır. Bilmirəm niyə Allah bizi belə yaradıb? Mən də insanlara yanaşmamda 100/100 yanaşıram, qiymət verəndə də, dəyər verəndə də meyarı 100 faizlik götürürəm. Yəni, vicdanı, ləyaqəti, sənəti, peşəsi, işi yaxşıdırsa, o adam mənim üçün dəyərlidir. Yox, 100-də 90-dırsa, bayaq dediyim kimi, "Qoy yaşasın" söyləyirəm, öləndə yandığım, təəssüfləndiyim insan olmayacaqlar. Sadəcə, "Allah rəhmət etsin" deyərəm, dəfninə də gedərəm. Amma ölümü ilə məni yandıran, içimi uzun müddət qovuran adam az olub. Məsələn, Elçin Məmmədov, rəssam idi, "Yeddi oğul istərəm" filmində Mirpaşanı oynayırdı. Onun ölümü mənə çox pis təsir etdi. Ondan sonra Fuad Poladov... Məni sarsıdan bir neçə ölüm olub, amma çox deyil.

- Fuad Poladovla dost idiniz?

- Dost deyildik. Bir idarədə işləmişik uzun illər. Sadəcə, o cür adam olduğunu bilirdim. Ona görə Fuadın ölümü mənə çox təsir etdi.

- Fuad Poladov ağır xəstə olduğunu bilə-bilə dövlətdən və ya başqasından köməyi qəbul etmədi. Onunla sağlığında müsahibə hazırlamışdıq, ölümündən sonra yayımlanmasını istəmişdi. O, müsahibədə dedi ki, "yardım istəmirəm, mən özümü Azərbaycan həkimlərinə etibar edirəm".

- O bilirdi ki, dövlət kömək etsə də, öləcək. Yaşar Nuriyevə nələr edilmədi. Mübariz Məsimov da etdi, dövlət də. Amma getdi də. Rafiq Hüseynov rəhmətliyi dövlət Türkiyəyə, Almaniyaya göndərdi. Olmadı. beş-altı ay, bir il ömür uzanır... Fuad Poladov da ağıllı adam idi. Düşündü ki, "bir ilə, altı aya aldanıb gedim hökumətə yalvarım, ləyaqətimi onların ayağı altına niyə salım, onsuz da ölüb gedəcəm". Özünə sığışdırmadı. Ona görə sayğım böyükdür. O, maddi şeylərdən yuxarıda duran adam idi. Bizdə çox adam deyir ki, dünyanın malı dünyada qalır, heç kim öləndə nəsə aparmır. Elə deyənlərin 99 faizi var-dövlət üçün vicdanını-ləyaqətini ayaq altına atır. Amma o cür düşünənlər çox azdır. Sənət cameəsində Fuad kimi neçə elə adam var? Sayaq.

...

İkincisi yoxdur. Durum bu. Bəlkə koronavirus kimlərisə ağıllandıra ki, adam olun, adam kimi yaşayın, ləyaqətli övladlar böyüdün ki, sizin uşaqlar da sizin kimi sonra julik olmasın.

- Cavanşir bəy, bugünlərdə Xalq artisti Afaq Bəşirqızının AzadlıqRadiosuna müsahibəsini oxumadınız?

- Mən o müsahibənin bir parçasını dinlədim, tamamını dinləmədim. Amma onu dinləmək kifayət edirdi. Afaq xanım yanlış fikir söyləyib. Gəlib Bakıda nərdivan altında doğmaq pis şey deyil. Bu, birincisi. Kim deyir, o pis işdir? Qadın uşaq doğar. Onun üçün qadını heç kim ittiham edə bilməz. İkincisi, insanın haradan gəlib harada yaşamağını heç kəs müəyyənləşdirə bilməz. Buna insan özü qərar verər. Üçüncüsü, bu insanlar rayondan Bakıya niyə gəlir? Bax, o səbəb araşdırılmalıdır. İnsanın həyatı rayonda yaxşı keçirsə, Bakıya niyə gəlməlidir? Deməli, yaşamaq imkanı yoxdur. O üzdən hesab edirəm ki, yanlış mövqedir.

- Cavanşir bəy, ümid edək ki, bir neçə aya Bakıda görüşərik.

- Bizi dinləyənlərə mətin olmağı arzulayıram, koronavirusa yaxalanmasınlar. Möhkəm durmaq lazımdır. Hökumətin yaratdığı müvəqqəti çətinliyə də dözmək lazımdır ki, zərər olmasın. İnşallah, yaxın zamanda COVID-19 bəlası çəkilər. Hamıya can sağlığı və dözüm arzulayıram. Bir adam demişdi ki, Azərbaycan xalqı çox dözümlüdür. Mən daha çox dözüm arzulayıram.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG