Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:23

C.Həsənli: 'Kütləvi medal paylamaq Cümhuriyyətin devalvasiyasıdır'


R.Rəsulzadə
R.Rəsulzadə

««Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi» yubiley medalı keçən il, yəni Cümhuriyyətin yaradılmasının 100 ili tamam olanda təqdim edilsəydi, daha yaxşı olardı, heyf bir az yubandı», - yubiley medalı ilə təltif olunan Azərbaycan Xalq Cümhuriyyətinin öndəri, qurucularından Məhəmməd Əmin Rəsulzadənin nəvəsi Rəis Rəsulzadə deyir.

Bununla belə, o, Cümhuriyyətin böyük dəyər, vətəndaş qüruru olduğunu bildirir. «M.Ə.Rəsulzadə ocağının övladı kimi, bu da mənim taleyimdir və qürurvericidir», - R.Rəsulzadə söyləyir.

Nəvə bu medalı Rəsulzadə ocağı adından aldığını söyləyir: «Məhz milli azadlıq ocağı olduğuna görə Rəsulzadələr nəslinin cavanı, qocası, xanımları, kişiləri, uşaqları sürgünlərdə ömürlərini başa vurdular. Məhz azadlıq istəklərinə görə qərib diyarlarda can verdilər. Mənim üçün Cümhuriyyət həm də bu azadlığa görə nəsil itkisinə məruz qalmaq deməkdir. Odur ki, mən bu medalı həm də onların - azadlıq istəklərinə görə Azərbaycandan sürgün edilən, bir daha vətənə qayıda bilməyən Rəsulzadələr nəslinin adına aldım. Bu, onların haqqı idi, haqlarını aldılar».

C.Həsənli
C.Həsənli

C.Həsənli: «Bu, Cümhuriyyət dəyərlərini ələ salmaqdır»

AXC-nin yüzilliyi ilə bağlı medalların məhz indi paylanması bəzi suallara yol açıb.

Milli Şuranın sədri, tarixçi-professor Cəmil Həsənlinin qənaətincə, həmin medal vaxtında verilməli idi, verilməmişdisə də gözləmək gərək idi: «İndi nə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi deyil, nə də 101-ci ili tamam olur. AXC 1918-ci il mayın 28-də elan edilib. Cümhuriyyətin 100 illiyi ilə bağlı yubiley medalı verilirdisə, bu, münasib zamanda verilməli idi. Əgər yaddan çıxmışdısa, AXC qurulmasının növbəti ildönümündə bunu etmək olardı».

Professor hesab edir ki, bu, Cümhuriyyət tarixinə, dəyərlərinə etinasız münasibət bəsləməyin göstəricisidir: «Bu, Cümhuriyyət dəyərlərini ələ salmaqdır. Belə kütləvi medal verilməsi indiki şəkildə Cümhuriyyətin devalvasiyasıdır. Medalların verildiyi şəxsin bu dəyərlərə layiq olub-olmaması əsas məsələdir».

«Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi» yubiley medalı
«Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi» yubiley medalı

Medal kimlərə verilib

«Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi» yubiley medalı 2018-ci il mayın 18-də təsis edilib. Bu il iyulun əvvəlindən 119 deputata, 28 nəfər media və QHT mənsubuna, o cümlədən Cümhuriyyət irsini tədqiq edənlərə verilib.

Təltif olunanlar sosial mediada dövlət başçısına təşəkkürlərini ifadə edirlər.

Siyahıda adı olanların bir çoxunun medalla təltif edilməsi narazılıqla qarşılanıb. Məsələn, deputatlar Araz ƏlizadəNaqif Həmzəyev kimi. Onların bu medala layiq görülməsi sosial mediada daha çox tənqid edilib. Buna səbəb onların AXC-yə, onun liderinə aşağılayıcı münasibətidir, ikinci deputat isə bir qədər irəli gedərək M.Ə.Rəsulzadənin və ailəsinin ünvanına aşağılayıcı ifadələr işlədib.

Elə C.Həsənli də ad çəkmədən AXC dəyərlərinə, həmin dövləti quranlara həqarət edən birinə bu medalın verilməsini Cümhuriyyət dəyərlərinin üstündən xətt çəkilməsi, aşağılanması kimi qiymətləndirib. Milli Şura sədri hesab edir ki, bu medal verilirsə, şəxsin dövlətçilik, cümhuriyyətçilik qarşısında tədqiqləri, təbliğləri və s. keyfiyyət göstəriciləri nəzərə alınmalıdır və bu medal hər kəsə verilə bilməz.

Bu bayrağı Rəsulzadə özü tikib
Gözlə

No media source currently available

0:00 0:01:05 0:00

R.Rəsulzadə: «M.Ə.Rəsulzadə əleyhinə getmək Azərbaycanın əleyhinə getməkdir»

Rəis Rəsulzadə isə cümhuriyyətçiliyə, M.Ə.Rəsulzadə şəxsiyyətinə yuxarıdan aşağı baxanların sözügedən medalla təltif olunması haqda deyir: «Elələri böyük səhv edirlər. Məgər onlar bilmir ki, M.Ə.Rəsulzadə əleyhinə getmək Azərbaycanın, cümhuriyyətçiliyin, azadlığın, müstəqilliyin əleyhinə getməkdir? Dövlət bayrağımızın özü babamdan qalan dəyər və yadigardır. Necə ola bilər ki, istiqlal rəmzi, müstəqillik simvolu olan bayrağın altında oturasan, amma həmin bayrağı göylərə yüksəldən insanlara sayğısız münasibət bəsləyəsən?».

Deputat: «Deputatların medalla təltif olunmaları məntiqidir»

«Hər hansı təfərrüata varmadan «Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi» yubiley medalı ilə təltif olunmağımı yüksək dəyərləndirirəm və buna görə prezidentə təşəkkür edirəm», - Milli Məclisin deputatı Sabir Hacıyev deyir. O bildirir ki, yubiley medalının təsis olunması ilə bağlı qanunu indiki parlamentin üzvləri qəbul edib.

«Bu baxımdan hesab edirəm ki, parlament üzvlərinin yubiley medalı ilə təltif olunmaları məntiqidir», - deputat tənqidlərə cavab olaraq deyir.

S.Rüstəmxanlı
S.Rüstəmxanlı

S.Rüstəmxanlı: «Kənarda qalanlar var»

Vətəndaş Həmrəyliyi Partiyasının sədri, keçmiş deputat Sabir Rüstəmxanlı Azərbaycan Xalq Cümhuriyyəti adı ilə bağlı hər hansı təltifin, fərqlənmənin mühüm əhəmiyyəti olduğunu deyir.

S.Rüstəmxanlının fikrincə, medalın kimə verilib-verilməməsi hakimiyyətə aid məsələdir və «görünür, burada aparılan siyasətin də rolu var».

O, həmin medalı almağa haqqı çatanların kənarda qaldığını bildirir: «Bəli, kənarda qalanlar var, əsasən müxalifət düşərgəsində olanlardır. İndi hansı partiyada olmasına baxmayaraq, onlar da milli azadlığın, dövlət istiqlalının əldə olunmasında, dövlətin qurulmasında rola malik olublar».

S.Rüstəmxanlı bu medalı alanların sırasında R.Rəsulzadənin adının olmasını «sevindirici hal» adlandırıb.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG