Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 07:24

Cərimələrin silinməsi, bahalı nömrələr üçün alınan pullar...


DYP
DYP

Vaxtilə Yol polisində inspektor vəzifəsində işləmiş şəxs indi hakim qarşısında cavab verir. Özü də məhz avtomobillərə yazılan cərimələrin silinməsi, maşınlara vurulan bahalı dövlət nömrə-nişanlarına görə...

Sərxan Sadıqovun işi Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılır. İttihamda yazılıb ki, o, müxtəlif adamlardan Yol polisinə aid problemlərinin həlli adıyla pul alıb, amma son nəticədə nə onların işini düzəldib, nə də pullarını qaytarıb. Ona qarşı CM-nin 34.312 (rüşvətə təhrik etmə), 178.2.2 (dələduzluq, təkrar törədildikdə) və 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.

32 yaşlı S.Sadıqov özünü təqsirli bilmir və pulları da zərərçəkənlərdən borc aldığını bildirir.

Elə məhkəmədə dindirilən Sabir İsayev də öncə Sərxana 3 min 800 manatı borc verdiyini, həmin vəsaitin də qaytarıldığını söyləyib. Prokurorun ona suallarından, istintaqdakı ifadəsini xatırlatmasından sonra təsdiqləyib ki, yox, pulu maşının sənədləşmə işlərindən ötrü vermişdi. Bu məbləğə S.Sadıqov onun avtomobilinə gələn cərimələri və digər problemlərini həll edəcəkmiş.

Şahid Azad Alxasov isə oğlunun maşın almaqdan ötrü Sərxana pul verdiyini bildirib: «6 minə maşın almağa razılaşmışdılar. 4 min verdik, dedik ki, sənədləşmə işindən - maşın ada keçiriləndən sonra qalan məbləği ödəyəcəyik. Amma bir müddət sonra iş alınmadı, öyrəndik ki, maşın da başqasının adınadır».

A.Alxasov dəymiş zərərin ödənildiyini və şikayətlərinin olmadığını bildirib.

Sonu 111-lə bitən nömrə üçün 4 min 500 manat

Məhkəmədə dindirilən İbrahim Ağarəhimov isə bildirib ki, aldığı maşının sənədləşmə işini görmək üçün S.Sadıqova pul verib: «Həm öz maşınım, həm də iş yoldaşımın maşını başqasının adına idi. Biz işdən çıxa bilmirdik deyə, Sərxanın bu işi görəcəyinə inandıq. Ona pul verdik ki, maşınları bizim adımıza keçirsin. Ümumi olaraq 600 manat verdik. 150 manatını mən, 450 manatını isə iş yoldaşım. Amma iş alınmadı. Sonra da pulumuz qaytarıldı».

Zərərçəkmiş kimi tanınan, sonradan isə pul ödənilənlərdən biri də Bəxtiyar Əsgərov olub. O isə ifadəsində göstərib ki, sonu 111-lə bitən dövlət nömrə nişanı almaq üçün S.Sadıqova 4 min 500 manat pul verib. Amma nömrəni ala bilməyib. B.Əsgərov deyib ki, Sərxan nömrənin özünə məxsus olduğunu, satdığını deyərək onu aldadıb.

Digər zərərçəkmiş Faiq Abdullayev də bahalı nömrə almaq istəyib. Deyir ki, S.Sadıqov özünə məxsus 111 nömrəsini 6 min dollara satdığını deyib, o da almağa razılaşıb: «Mən bu məbləği verdim. Amma Sərxan yoxa çıxdı. Pulumun bir hissəsi ödənilib. Anası ilə razılaşıb şikayətimin olmadığını dedim. 3 min verdilər, qalanı isə qalır».

Məhkəmədə təqsirləndirilən S.Sadıqovun anası Gülçöhrə Sadıqova da şahid qismində dindirilib. Onun ifadəsindən belə məlum olub ki, oğlu başqalarından aldığı pulları anasının xəstəliyinin müalicəsinə xərcləyib. G.Sadıqova deyib ki, ürəyindən əməliyyat olunub, başqa xəstəliklərdən də əziyyət çəkir: «O qədər çətinlik içində yaşamışıq ki, izah edə bilmirəm. Oğlum da bütün pulu mənim əməliyyatıma xərcləyib. İndi də mən bu ziyanları ödəyirəm. Evimizi də satmışıq. Çox çıxılmaz vəziyyətdə qalmışam...».

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG