Keçid linkləri

Təcili xəbərlər
2020, 15 Avqust, şənbə, Bakı vaxtı 06:27

Ekspert: Azalan neft gəlirinin yerini cərimələrlə doldururlar (VIDEO)


Azərbaycanda ötən bir həftədə koronavirus epidemiyasına görə nəzərdə tutulan qadağaları pozan 17 min civarında şəxs cərimələnib, 45 nəfər isə inzibati qaydada həsb olunub. Bunlar əsasən aprelin 5-dən tətbiq olunan SMS-lə çölə çıxma qaydalarına qədər verilmiş cərimə cəzalarıdır.

Daxili İşlər Nazirliyinin məlumatına görə, həmin şəxslər karantin rejimini pozduqları üçün inzibati məsuliyyətə cəlb olunublar. Vurğulanır ki, burada da əsas məqsəd əhalinin təhlükəsizliyini və sağlamlığını qorumaqdır.

Amma iqtisadçı ekspert Qubad İbadoğlu öz Facebook hesabında yazır ki, bu gedişlə karantin cərimələri ucuzlaşan neftdən itkiləri əvəz edən "əsas gəlir" mənbəyinə çevriləcək.

Onun hesablamalarına görə, təkcə ötən bir həftədə cərimələrdən 2 milyon manata qədər pul yığılıb. O cərimələnənlər arasında hüquqi şəxslərin olmasını da nəzər alaraq, bu məbləğin daha da çox olduğuna diqqət çəkir.

Azərbaycanda karantin qaydalarını pozan fiziki şəxslər 100-200 manat, hüquqi şəxslər isə 2 min manatdan - 5 min manatdək cərimələnirlər.

Rəsmi məlumata görə, 86 nəfər hüquqi şəxs cərimələnib, 3 nəfəri isə həbs olunub.

Bu şəxslərə inzibati Xətalar Məcəlləsinin 211-ci, epidemiya əleyhinə, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə cərimə tətbiq olunur.

Koronavirus cərimələri: Bir həftəyə 2 milyon manat
Gözlə

No media source currently available

0:00 0:03:19 0:00

100 manat az pul deyil

Cərimələnən vətəndaşlardan biri də Bakı sakini Seymur Nəzərdir. O deyir ki, aprelin 3-də bloklanmış kartını açdırmaq üçün banka gedirmiş, maska, əlcək geyinməsinə baxmayaraq polislər onu da yüz manat cərimələyiblər. Qərarlarını da belə əsaslandırıblar ki, yaşayış yeri üzrə ərazini tərk edib:

“Mən özüm “Torqovı” deyilən ərazidə yaşaram, bizim evə ən yaxın bank 28 may metrosunun yaxınlığında idi. Ora çatanda gördüm ki, 10-15 polis adamları saxlayıb, cərimələyir. Məni də saxladılar. Amma məndə həm maska, həm də əlcək vardı. Əvvəl hara getdiyimi soruşdular, mən də bildirdim ki, banka gedirəm. Dedilər ki, bank işləmir, evi niyə tərk etmişəm. Mən də bildirdim ki, yoxlayıb çıxmışam, bank 3-ə kimi işləyir. Onda da bildirdilər ki, yaşayış ərazisini tərk etmişəm, mən də bildirdim ki, evimə ən yaxın bank burdadır. Heç bir əhəmiyyət vermədən, 100 manat cərimələdilər. Bundan sonra mənə dedilər ki, indi banka gedə bilərsən”.

Vətəndaşın ehtiyacı nəzərə alınmır

İqtisadi şərhçi Toğrul Maşallı isə düşünür ki, bu cür cərimələnmə problemin çıxış yolu deyil. Onun fikrincə, hərə bir səbəblə çölə çıxır, çünki buna məcburdur. Hökumətin hər bir ehtiyaclı vətəndaşı nəzərdə tutacaq proqramı olmalıdır:

“İnsanlar evdə heç nə etmədən qala bilməzlər. Onlar məcburdular ki, pul qazansınlar. Nəticə etibarı ilə də qaydaları pozacaqlar. Amma digər ölkələrdə belə qadağalarla yanaşı başqa addımlar da atılıb. Məsələn, qonşu Gürcüstanda kommunal xidmətlər, bank borcları ilə bağlı addımlar atılıb. Azərbaycanda isə belə addımlar atılmadığından, insanların evdə qalmaq stimulu yoxdur.”

Azərbaycanda aprelin 5-dən vətəndaşlar yalnız SMSlə icazə əsasında evdən çıxa bilərlər. Aptekə, dükana və ya yas yerinə getmək üçün SMS yazıb razılıq alandan sonra 2 saatlıq evdən çıxmağa icazə verilir. SMS icazəsi olmadan evini tərk edənlərin də cərimələnməsi haqda xəbərlər var.

XS
SM
MD
LG