Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:52

Məhbus cəbhəçinin oğluna şad xəbər gəlib


Babək Həsənov
Babək Həsənov

Həbsdə olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü, Qarabağ müharibəsinin veteranı Babək Həsənovun oğlu Əhəd Həsənovun təhsil haqqı ilə bağlı probleminin həll ediləcəyi bildirilir.

Bu barədə AzadlıqRadiosuna Babək Həsənovun həyat yoldaşı İlahə Həsənova məlumat verib.

O deyib ki, əslində bir neçə gün öncə də AzadlıqRadiosuna dediyi kimi, oğlu Əhəd Həsənovun bu il pullu əsaslarla qəbul olunduğu BDU-nin Geologiya fakültəsinə təhsil haqqı ödənilməməli idi:

"Əhədin atası Babək Həsənov Qarabağ müharibəsi iştirakçısıdır. Qarabağ uğrunda gedən döyüşlərdə əlil olub. 2014-cü ildə qanuna edilmiş dəyişikliklərə görə, oğlumuzun təhsil haqqının ödəməsini dövlət öz üzərinə götürməlidir. Lakin bizdə 2017-ci ildə axtarış zamanı götürülmüş bəzi sənədlər olmadığına görə, problem yarandı və biz məcbur olub, birillik təhsil haqqını özümüz ödədik".

İlahə Həsənova vurğulayıb ki, məsələ ictimailəşəndən sonra onunla hüquq-mühafizə orqanlarından əlaqə saxlanıb və axtarış zamanı müsadirə olunmuş Babək Həsənova məxsus veteran kitabçası qaytarılıb:

"Digər sənədi də əldə edə bildik. Dünən, avqustun 28-də isə Əhədin mobil telefonuna fakültənin dekan müavini zəng edərək, universitetə dəvət etdi. Orada sənədləri təqdim edib və ərizə yazandan sonra ona bildirilib ki, 10 gün ərzində ödədiyimiz pul geri qaytarılacaq".

İlahə Həsənovanın bu dediklərini, hələlik, BDU-dan dəqiqləşdirmək mümkün olmayıb.

Babək Həsənovun oğlu Əhəd Həsənov bu il BDU-ya qəbul olunub.

Qanunverciliyə görə, o dövlət hesabına oxumaldır. Amma ailəsi onun birillik təhsil haqqını ödədiklərini bildirirdi.

İlahə Həsənova bir neçə gün öncə bunu AzadlıqRadiosuna belə izah etmişdi:

“BDU-da bizdən çoxlu sənəd istədilər. Universitetin hüquqşünası dedi ki, əlillik barədə arayışı, veteran vəsiqəsini və hərbi komissarlıqdan məhz BDU üçün verilən kağızı gətirmək lazımdır”.

Veteran vəsiqəsinin 2017-ci ildə axtarış zamanı yoxa çıxdığını bildirən İlahə Həsənova qeyd etmişdi ki, Babək Həsənovun 2012-ci ildə verilmiş əlillik haqqında müddətsiz arayışı var, lakin onu universitetdə qəbul etməkdən imtina ediblər.

“Universitetin hüquqşünası bizə deyib ki, 2015-ci ildə əlillik barədə arayışın forması dəyişib və arayış məhz bu formada təqdim edilməlidir. Mənim “Babək bəy həbsdə olduğuna görə arayışı və hərbi komissarlıqdan kağızı gətirə bilmərik, ona 2012-ci ildə verilən arayış müddətsizdir” sözlərim qəbul olunmadı. Ona görə məcbur olub birillik təhsil haqqını ödədik", deyə İlahə Həsənova vurğulamışdı.

Xatırlatma

Babək Həsənov ötən il mayın 25-də partiyanın digər funksionerləri - Rəyasət Heyətinin üzvü Aqil Məhərrəmov və Gənclər Komitəsinin Məclis sədri Ruslan Nəsirovla birlikdə həbs olunub.

Onlar Gədəbəyin keçmiş icra başçısı Saleh Rüstəmov və onun qardaşı oğlu Vidadi Rüstəmli ilə birlikdə mühakimə olunublar.

Saleh Rüstəmov ötən il mayın 8-də narkotik ittihamıyla həbs edilib. İki gün sonra onun qardaşı oğlu Vidadi Rüstəmli də eyni ittihamla saxlanıb. Bundan sonra mayın 25-də AXCP funksionerləri tutulub. Onların saxlanması ilə bağlı Baş Prokurorluq və Daxili İşlər Nazirliyi (DİN) birgə məlumat da yayıb. Həmin açıqlamaya görə, AXCP funksionerləri və Saleh Rüstəmov çirkli pul vəsaitlərini leqallaşdırmaqda ittiham olunublar.

Açıqlamada Saleh Rüstəmovun Rusiyadan AXCP-yə pul göndərdiyi, həbs edilmiş cəbhəçilərin həmin vəsaitləri Vidadi Rüstəmlidən alıb partiya rəhbərinə çatdırdıqları bildirilir.

İddialarda söhbət toplam 412 min dollardan gedir. Onlar Cinayət Məcəlləsinin 192.3.2 (xüsusilə külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 193-1.3.1, 193-1.3.2 (mütəşəkkil dəstə tərəfindən cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma) maddələri ilə ittiham olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Saleh Rüstəmov 7 il 3 ay, Aqil Məhərrəmov 4 il, Babək Həsənov isə 3 il azadlıqdan məhrum edilib. V.Rüstəmli və R.Nəsirova şərti cəza verilib.

AXCP sədri Əli Kərimli ittihamı rədd edərək, bunu “qurama iş” adlandırıb. O bildirib ki, Saleh Rüstəmovla uzun illərdir dostdurlar. Dostu olaraq da bir neçə dəfə ona yardım edib.

XS
SM
MD
LG