Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 01:47

Cəbhəçilərə üst-üstə 23 il 6 ay həbs və 7 il şərti cəza tələbi


Bakı Ağır Cinayətlər Məhkəməsi
Bakı Ağır Cinayətlər Məhkəməsi

AXCP funksionerlərinin işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Fevralın 19-da prokuror Xalq Cəbhəsinin hakimiyyəti dövründə Gədəbəyin icra başçısı olmuş Saleh Rüstəmov, qardaşı oğlu Vidadi Rüstəmli və onlarla birlikdə mühakimə olunan AXCP funksionerləri - Rəyasət Heyətinin üzvü Aqil Məhərrəmov, partiyanın Nərimanov şöbəsinin sədr əvəzi Babək Həsənov və Gənclər Komitəsinin Məclis sədri Ruslan Nəsirova cəza istəyib.

Bakı Ağır Cinayətlər Məhkəməsində prokuror çıxış edərək, Saleh Rüstəmova 8 il 6 ay, Babək Həsənov və Aqil Məhərrəmovun hər birinə 7 il 6 ay həbs, Vidadi Rüstəmli ilə Ruslan Nəsirova isə 3 il sınaq müddəti olmaqla, şərti cəza verilməsini istəyib.

“Anten məlumatları mobil operatordan alınsın”

Bundan öncə isə məhkəmədə iş materiallarındakı sənədlər elan olunub. Vəkillər bir xeyli vəsatətlər verib.

Məsələn, vəkil Cavad Cavadov yada salıb ki, iş materiallarında Saleh Rüstəmovun Şəmkirdə parkda saxlandığı yazılıb. Özü isə deyir ki, yalandır, heç Şəmkirdəki həmin parkın harada yerləşdiyini bilmir, onu qardaşı və onun həyat yoldaşı ilə getdiyi yerdə hücum edib, maşından düşürüblər. Ona görə də vəkil Saleh Rüstəmovun mobil telefon nömrəsilə bağlı anten məlumatlarının mobil operatordan alınmasını istəyib. Çünki bu halda, onun parkın ərazisində olub-olmaması məsələsinə də aydınlıq gələcək.

İşdə iddia olunur ki, Saleh Rüstəmov parkda onun üzərində narkotik olması haqda polisə daxil olmuş əməliyyat məlumatı əsasında saxlanılıb. Ona görə vəkil Fariz Namazlı da vəsatət qaldırıb ki, həmin əməliyyat məlumatını verən şəxs qapalı iclasla, yaxud tanınmasın deyə, üzünə maska keçirilməklə məhkəmədə dindirilsin.

Fariz Namazlının daha bir vəsatəti təqsirləndirilən şəxslərin təqsirsizlik prezumpsiyası hüququnun pozulmasının məhkəmə tərəfindən tanınması haqda olub. Vəkil bildirib ki, məhkəmə hökmü olmadan Baş Prokurorluq və Daxili İşlər Nazirliyi birgə məlumat yayaraq, onları cinayətkar elan edib.

Fariz Namazlı həmçinin təqsirləndirilən şəxslərin mobil telefonlarındakı məlumatların, mesajların tədqiqi ilə bağlı ekspertiza rəyinin yolverilməz sübut olduğunu vurğulayaraq, iş materiallarından çıxarılmasını istəyib:

“Rəydən də görünür ki, telefonlar şifrəli olub. Onların açılması üçün parolu ekspertə istintaq orqanı – müstəntiq verib. Təqsirləndirilən şəxslər də məhkəmədə bildirdilər ki, telefonlarının şifrələri onlardan işgəncə yolu ilə alınıb”.

İş materiallarında Saatlı Rayon İcra Hakimiyyətindən Ruslan Nəsirov haqqında verilən xasiyyətnamə var. Vəkil onun da xaric olunması haqda vəsatət qaldırıb. Həmin sənəddə yazılıb ki, Ruslan destruktiv müxalifət qüvvələrinin təşkil etdiyi mitinqlərdə iştirak edib, hətta valideynlərini də ora aparmağa çalışıb. Ümumilikdə isə o, rayonda yaxşı biri kimi tanınmır.

Vəkil bildirib ki, icra nümayəndəsi belə sənəd verməklə səlahiyyət həddini aşıb.

“Niyə həmin adamlar tutulmayıb?”

Bu cinayət işinin istintaqında Rusiyadan Azərbaycana qeyri-rəsmi şəkildə pul köçürmələri ilə məşğul olan insanların mövcudluğu məsələsi ortaya çıxıb. Həmin adamlar məhkəmədə ifadə verib, Saleh Rüstəmovun göndərdiyi pulları onun qardaşı oğluna çatdırdığını deyəndə vəkillər onlardan bu fəaliyyətlərinin qanuni olub-olmadığını soruşurdular. Hamısı da bildirmişdilər ki, qanunsuzdur. O vaxt vəkillər ittiham tərəfindən soruşdu ki, bəs o zaman bu adamlar niyə məsuliyyətə cəlb olunmayıb? Prokuror demişdi ki, cəbhəçilərin haqqındakı cinayət işindən bir iş də ayrılıb, həmin adamlarla bağlı araşdırma gedir. Vəkil Fariz Namazlı həmin cinayət işinin taleyilə bağlı məlumat almaq üçün məhkəmənin Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə də sorğu göndərməsini istəyib.

Vəkil İlhamə Həsənova isə kamera görüntülərilə bağlı məsələ qaldırıb. Saleh Rüstəmov Şəmkirdə “Azpetrol” yanacaqdoldurma məntəqəsinin yaxınlığında tutulduğunu bildirir. Vəkil deyir ki, oradakı kamera görüntülərinin alınması üçün sorğu göndərsə də, müsbət cavab almayıb. Deyiblər ki, məhkəmə sorğu göndərsin, verərlər. Ona görə də vəkil məhkəmənin sorğu göndərməsi haqda vəsatət qaldırıb.

Eldar İsmayılovun sədrlik etdiyi hakimlər kollegiyası vəsatətlərin heç birini təmin etməyib.

Daha sonra məhkəmə istintaqının tamamlandığı elan edilib, ardınca da prokuror Əli Əliyev çıxış edib.

Prokurordan sonra vəkillərə çıxış üçün bir həftə vaxt verilib. Məhkəmə fevralın 27-də vəkillərin müdafiə çıxışıyla davam edəcək.

Xatırlatma

AXCP Rəyasət Heyətinin üzvü Aqil Məhərrəmov, Gənclər Komitəsi Məclisinin sədri Ruslan Nəsirov və Nərimanov şöbəsinin sədri Babək Həsənov mayın 25-də saxlanıblar.

Cəbhəçilərlə eyni cinayət işi üzrə təqsirləndirilən Gədəbəy rayonunun keçmiş icra başçısı Saleh Rüstəmov isə daha əvvəl həbs edilmişdi.

Onların saxlanılması ilə bağlı Baş Prokurorluq və Daxili İşlər Nazirliyi (DİN) birgə məlumat da yayıb. Həmin açıqlamaya görə, AXCP funksionerləri və Saleh Rüstəmov çirkli pul vəsaitlərini leqallaşdırmaqda ittiham olunurlar. Açıqlamada Saleh Rüstəmovun Rusiyadan AXCP-yə pul göndərdiyi, həbs edilmiş cəbhəçilərin həmin vəsaitləri alıb partiya rəhbərinə çatdırdıqları bildirilir.

İddialarda söhbət toplam 412 min dollardan (700 min manat) gedir. Onların haqqında Cinayət Məcəlləsinin 192.3.2 (xüsusilə külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 193-1.3.1, 193-1.3.2 (mütəşəkkil dəstə tərəfindən cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma) və s. maddələri ilə cinayət işi başlanıb.

AXCP sədri Əli Kərimli ittihamı rədd edərək “qurama iş” adlandırıb. Bildirib ki, Saleh Rüstəmovla uzun illərdir dostdurlar. Dostu olaraq da bir neçə dəfə ona yardım edib.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG