Keçid linkləri

Təcili xəbərlər
2020, 11 İyul, şənbə, Bakı vaxtı 05:38

DİN cəbhəçinin həbsinə münasibət bildirib


Polis

Daxili İşlər Nazirliyi (DİN) Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Baba Süleymanovun həbs edilməsi barədə yayılan məlumatlara münasibət bildirib.

DİN-in mətbuat xidmətindən APA-ya bildirilib ki, B.Süleymanov tətbiq edilmiş xüsusi karantin rejimini pozduğu üçün saxlanılıb: "Barəsində toplanmış materiallarla birlikdə məhkəməyə təqdim olunub və məhkəmənin hökmü ilə inzibati qaydada həbs olunub… Xüsusi karantin rejimini pozduqlarına görə təkcə mart ayı ərzində 160 nəfərdən çox şəxs inzibati qaydada həbs edilib. AXCP üzvünün qanunsuz həbs edilməsi iddiasına gəldikdə isə, qeyd olunmalıdır ki, əqidəsindən,… asılı olmayaraq cinayət, yaxud inzibati xəta törətmiş istənilən şəxs qanun qarşısında bərabərdir və yol verdiyi hüquqazidd əmələ görə də cavabdehlik daşıyır".

30 sutka

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Baba Süleymanovun bugün, aprelin 14-də Nəsimi Rayon Məhkəməsinin hakimi Cəmilə Musayevanın qərarı ilə 30 sutka inzibati həbs cəzası aldığı bildirilir.

Bu barədə AXCP-dən AzadlıqRadiosuna danışıblar. Partiyadan verilən məlumata görə, o, İnzibati Xətalar Məcəlləsinin (IXM) 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə ittiham edilib.

Amma bu məlumatı, hələlik, məhkəmənin özündən dəqiqləşdirmək mümkün olmayıb.

Cəbhəçi fəalın saxlandığı deyilir

Aprelin 13-dən 14-nə keçən gecə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Baba Süleymanovun saxlandığı bildirilir.

Bu barədə AzadlıqRadiosuna AXCP-dən məlumat verilib.

Məlumata görə, B.Süleymanovu Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları AXCP sədri Əli Kərimlinin evinin qarşısında saxlayıb: "Baba Süleymanov 8103 qısa nömrəsinə SMS yazaraq çıxdı. Amma buna baxmayaraq, saxlandı və polis maşınına otuzdurularaq naməlum istiqamətinə aparıldı". (Koronavirus pandemiyasi ilə bağlı dünyanın bir çox ölkələri kimi, Azərbaycanda da karantin rejimi elan edilib. Aprelin 5-dən 20-nə kimi vətəndaşlar yalnız vacib olanda 8103 qısa nömrəsinə SMS yazaraq icazə almaqla evlərindən çıxa bilər-red.)

B.Süleymanovun artıq Nəsimi Rayon Məhkəməsinə aparıldığı da bildirilir: "Baba Süleymanov Nəsimi Rayon Məhkəməsinə aparılıb, barəsində inzibati tədbir da seçilib. Lakin İnzibati Xətalar Məcəlləsinin hansı maddəsi ilə təqsirli bilindiyi məlum deyil".

"Turan" agentliyinin xəbərinə görə, Nəsimi Rayon Məhkəməsindən B.Süleymanovla bağlı prosesin keçirildiyini təsdiq ediblər. Lakin agentliyin xəbərinə görə, oradan B.Süleymanovun hansı inzibati xətada ittiham edildiyi və hansı cəzanı aldığı barədə danışmaq istəməyiblər.

Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəhbəri Elşad Hacıyev isə bildirib ki, bu məsələ ilə bağlı o, heç bir məlumata malik deyil.

AXCP-dən açıqlamaya görə, son günlər onların bir neçə fəalları inzibati qaydada həbs edilib. Partiyadan bu, müxalifətə təzyiqlər kimi dəyərləndirilir.

Amma rəsmilərin açıqlamasına görə, Azərbaycanda müxalif qüvvələrlə də qanunvericilik çərçivəsində davranılır.

XS
SM
MD
LG