Keçid linkləri

Təcili xəbərlər
2020, 14 İyul, çərşənbə axşamı, Bakı vaxtı 10:33

Cümhuriyyətin süqutundan 100 il keçir


Qızıl Ordu. 1920

Bugün, aprelin 28-də (aprelin 27-də) Azərbaycanda Xalq Cümhuriyyətinin (AXC) süqutundan 100-cü il keçir. Düz 100 il öncə Azərbaycanın müstəqilliyinə bolşevik Rusiyası silahlı müdaxilə ilə son qoyub.

Aprelin 27-də Dağıstandakı XI Qızıl Ordu Azərbaycana hücum edib. Tarixçilərin bildirməsinə görə, həmin vaxt Azərbaycan Ordusunun əsas hissəsi Qarabağda baş qaldıran qiyamı yatırmaq üçün həmin ərazidə olub. Bu şəraitdən istifadə edən Azərbaycan bolşevikləri də eyni gündə Cümhuriyyət hökumətinə hakimiyyəti təhvil vermək haqqında ultimatum təqdim ediblər.

Cümhuriyyət parlamentinin həmin gün iclasının 3 saat davam etdiyi bildirilir. Cümhuriyyət qurucularından Müsavat Partiyasının lideri Məhəmməd Əmin Rəsulzadə XI Qızıl Ordunun Azərbaycanı işğal etməyə gəldiyini söyləyib. Amma parlament hakimiyyətin Azərbaycan bolşeviklərinə təhvil verilməsi barədə qərar çıxarıb.

Tarixçilərin bildirməsinə görə, bununla da işğalın əsası qoyulub.

Xalq Cümhuriyyəti (XC) 1918-ci il mayın 28-də qurulmuşdu. Amma tarixi mənbələrdə XC-nin süqutu, Azərbaycanda sovet hakimiyyətinin qurulması tarixi 1920-ci il aprelin 27-si yox, aprelin 28-i göstərilir.

Azərbaycanda sovet hakimiyyəti 71 il davam edib (Həmin vaxt Azərbaycan SSRİ-nin tərkibində olub). 30 avqust 1991-ci ildə Azərbaycan Respublikasının Ali Sovetinin növbədənkənar sessiyasında "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında" Bəyannamə qəbul edilib.

18 oktyabr 1991-ci ildə isə Azərbaycan parlamenti Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Haqqında Konstitusiya Aktını qəbul edib və bu Akt 29 dekabr 1991-ci ildə ümumxalq referendumu ilə təsdiq edilib.

Hər iki sənədə əsasən, Azərbaycan Respublikası 1918-1920-ci ildə mövcud olan Xalq Cümhuriyyətinin siyasi-hüquqi varisi elan olunub. Cümhuriyyətin himni, gerbi və bayrağı da olduğu kimi qəbul edilib.

2 mart 1992-ci ildə Azərbaycan BMT-yə daxil olmaqla beynəlxalq aləmin tamhüquqlu üzvünə çevrilib.

XS
SM
MD
LG