Keçid linkləri

2025, 21 Mart, Cümə, Bakı vaxtı 12:01

Bush-un yasda rəqsi interneti silkələyib (Video)


Keçmiş prezident George W. Bush
Keçmiş prezident George W. Bush

Keçmiş prezident George Bush-un Dallasda keçirilən yadetmə mərasimində bir az yallı, bir az da yırğalanmaya bənzər hərəkəti sosial medianı ikiyə bölüb

"The Washington Post" qəzeti yazır ki, Barack Obama və keçmiş ABŞ prezidenti George Bush Dallasın mərkəzində yerləşən Morton H. Meyerson filarmoniyasında keçirilən dinlərarası yadetmə mərasiminə qatılmışdılar.

Onların hər ikisi emosional çıxış etdikdən sonra xanımları və yerli rəsmilrələ birlikdə, qətlə yetirilmiş polislərin xatirəsini yad etmək üçün əllərini yallısayağı birləşdirərək dua mahnısı oxuyublar.

Bundan heç yarım saat da ötməmiş Tvitterdə keçmiş prezidenti qınayanların və müdafiə edənlərin çarpışması başlanmışdı.

Media xəbərlərində deyilir ki, filarmoniya səhnəsində əl-ələ tutmuş halayda həm də vitse-prezident Joe Biden, Dallasın polis rəisi David Brown, Dallas meri Mike Rawlings və başqaları da vardı.

Həmin səhnəni burada izləyin:

Sümüyə düşən musiqi

"The Washington Post" yazır ki, təxminən 5 dəqiqə davam edən dini musiqi zamanı halaydakılar kədərli şəkildə sadəcə yırğalanırdılar, amma musiqi, deyəsən keçmiş prezident George Bush-un sümüyünə düşmüşdü.

O, xanımı Laura və birinci ledi Michelle Obamanın arasında əməlli-başlı gülümsəyirdi.

Məqalədə deyilir ki, əslində Bush-un "rəqsi" onun az əvvəl etdiyi nitqə uyğun idi.

"Biz kədər birliyi istəmirik, nə də qorxu birliyi istəmirik. Biz ümid birliyi istəyirik" - demişdi keçmiş prezident.

"Tamamilə cəfəng"

Buna baxmayaraq, Bush-un halaydakı yırğalanmasını bir çoxları "rəqs" kimi qiymətləndirmişdilər.

Tvitter, Instagram və Facebook bu barədə videolar, GİF-lər və yazılı postlarla dolmuşdu.

Çıxışında birliyə çağıran Bush-un hərəkəti isə sosial media istifadəçilərinin rəylərini haçalamışdı.

Bəziləri onun çılğın və qəribə yırğalanmasını keçmiş prezidentə yaraşmayan və ədəbsiz hərəkət adlandırırdılar.

Onlardan vbiri Bush-un hərəkətini "tamamilə cəfəng" adlandırmışdı, başqa birisi isə "əcəb kədərlənmədir" yazmışdı.

Bir neçə istifadəçi Bush-un həmin vaxt içkili olub-olmadığını sorğu-sual edirdi. Bəziləri isə onu kokaindən istifadədə günahlandırırdılar.

Qoyun bu kişi oynasın da!..

Elələri də vardı ki, keçmiş prezidentin hərəkətini məntiqlə izah etməyə çalışırdılar.

Onun çox ağıllı və ölçülüb-biçilmiş çıxışdan sonra belə qəribə hərəkətlərini demensiya və ya ahıl ağıldankəmliyinin erkən mərhələsi ilə əlaqədar ola biləcəyini yazanlar da vardı.

Amma bir başqaları Bush-u müdafiə edərək, onun hərəkətini həmrəylik, birlik və sevgiyə çağırış kimi qiymətləndirirdilər.

“Qoyun kişi oynasın da! - deyilirdi bir tvitdə, - Mən prezident Bush-un rəqsinə tamaşa etməyi Trump-ı bir daha görməkdən üstün tuturam".

"The Washington Post" bunu da xatırlatmağı lazım bilir ki, bir çox cənub ştatlarında yas mərasimləri yalnız kədərlə qeyd olunmur.

Məsələn, Yeni Orleanda yas mərasiminə qoşulanlar caz sədaları altında rəqs edirlər. Bu, mərhumun həyatına verilən dəyər hesab olunur.

XS
SM
MD
LG