Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 09:30

Baş şamanın müavini ‘Rusiyanın qüdrətlənməsi’ üçün dəvə qurbanı kəsdi


Rusiyanın “Komsomolskaya pravda” qəzeti yazır ki, bu yaxınlarda ölkədə heyvan haqları müdafiəçilərini dərindən sarsıdan hadisə baş verib.

Bu hadisəni, daha doğrusu Rusiyanın uzaq şərqində keçirilmiş “Jemtengeriyaba” mərasimini əks etdirən video YouTube platformasına yerləşdilib.

Bu mərasim Anqarsk yaxınlığındakı şaman yurdunda, “Ağ ayın” (fevralın) əvvəllərində keçirilib.

Mərasim iştirakçıları dəf sədaları altında beş dəvəni qurbangaha gətiriblər. Mərasimə 500-dək adam tamaşa edirdi.

Bunun ardınca kadrlarda odun qalağanın üstünə döşənmiş dəvə cəmdəkləri görünür. İştirakçılar cəmdəklərin yanına şirniyyat və mer-meyvə düzür, üstündən cecə arağı tökür və nəhayət odunlara od vururlar.

Qəzet yazır ki, bu mərasim Uuse adlanır. Mərasim ilin “ən ac” vaxtında, adamların malqaranı kəsdiyi mövsümdə keçirilir.

Rusiya Federasiyası ali şamanının müavini Artur Tsıbikov izah edir ki, mərasimi heyvanlara tam “ehtiram” şəraitində keçirirlər. Onun sözlərinə görə, məsələn qurbanlıq heyvanın qanı torpağa tökülməməlidir.

Amma buryat xalqının ənənələrə bütün ehtiramı barədə deyilənlərə baxmayaraq heyvan haqları müdafiəçiləri baş verənlərdən qəzəbləniblər.

Artur Tsıbikova hiddətli mesajlar gəlməyə başlayıb. Bəzi mesajlarda qeyd olunur ki, qurbanlıq heyvanlar qoyun və ya qaramal olsaydı, o qədər də qəzəb doğurmazdı. Amma adamları məhz dəvələrin qurban kəsilməsi özündən çıxarıb.

Baş şamanın müavini

Bununla belə, “Komsomolskaya pravda” yazır ki, şamanların dünya görüşündə və inanclarında məsələ başqa cürdür. Onlar hesab edirlər ki, dəvə qurbanı allahlara ən böyük hədiyyədir.

Buna baxmayaraq Tsıbikov vəziyyətdən çıxmağa çalışır:

“Bizə Buryatiyadan bir nəfər zəng eləmişdi. O dəvəsaxlayandır. Deyirdi ki, onlarda bir azdan dəvə cıdırı başlanacaq və bu dövrdə dəvələr yaman qızırlar. Onlardan bir çoxunu kəsmək lazım gələcək. O bizə təklif etdi ki, istəsək dəvələrdən ayin üçün ala bilərik. Mən onda düşündüm ki, bu, qismətdir və heyvanları onlardan aldım”.

Rusiya Federasiyası baş şamanının müavini Artur Tsıbikov
Rusiya Federasiyası baş şamanının müavini Artur Tsıbikov

Baş şamanın müavini bunu da deyir ki, mərasimdə yığılan pul “Buryatiyada kənd təsərrüfatının və heyvandarlığın inkişafına” xərclənib. O inandırmağa çalışır ki, ayinin bütün qaydalarına əməl olunub və heyvanlar incidilməyib.

Amma qəzetin yazdığına görə bu hadisəni təkcə sadə vətəndaşlar yox, şaman təşkilatları da pisləyirlər. Hər halda Buryatiyanın paytaxtı Ulan Udedə bu xəbəri yaxşı qarşılamayıblar.

Beş müqəddəs heyvan

Mərasimin təşkilatçıları isə israr edirlər ki, ayin xalq üçün çox mürəkkəb vaxtda, insanlara kömək məqsədilə keçirilib.

Tsıbikovun dediyinə görə mərasim ilk növbədə ruhların şad edilməsi üçün keçirilir. Ruhlara ən dadlı təamlar verilməlidir.

Şamanlıq Rusiyanın Sibirində və Uzaq Şərqində geniş yayılıb
Şamanlıq Rusiyanın Sibirində və Uzaq Şərqində geniş yayılıb

Buryatlarda 5 müqəddəs heyvan var, amma onların hər birinin təyinatı fərqlidir:

“Qoyun yeyilmək, keçi yaradıcılığın ifadəsi, at hərəkət, öküz var-dövlət üçündür. Amma müqəddəsliyin zirvəsində dəvədir. Çünki buryatların inanclarına görə dəvə bütün bu sayılan keyfiyyətləri birləşdirir”.

Hələ 17-18-ci əsrlərdə Buryatiyada dəvə saxlayırdılar. Onları bura ara monqollar – şimal monqolları gətirmişdilər.

Artur Tsıbikovun özü həmin monqolların xanqudar tayfasındandır. Bu, ənənələrə ən sadiq tayfalardan biridir:

“Şamanlığın müxtəlif məktəbləri, müəllimləri, sitayiş predmetləri var. Biz məsələn, göy qübbəsinin üç qatına sitayiş edirik. Bir başqaları yalnız bir qata sitayiş edir”.

"Neoşamanizm"

Bugün Buryatiyada 10-dək şaman təşkilatı var. Onlardan 4-ü İrkutsk vilayətindədir. Şamanlar tez-tez bayramlarda görüşürlər.

Lakin Buryatiyanın “Tengeri” dini şaman mərkəzində bu hadisəni vəhşilik və “neoşamanizm”adlandırıblar.

Baykal-Daily yazır ki, buryatlarda heyvan qurbanını nadir hallarda kəsirlər. Qurban ayinlərini adətən sadəcə süd, araq, peçenye və şirniyyatla keçirirlər. Heyvan qurbanı lazım olduqda qoyun kəsirlər. Nadir hallarda keçi və at da qurban kəsilə bilər.

Prezident Vladimir Putin Buryatiyadakı buddist məbədinin rahibləri ilə (2013)
Prezident Vladimir Putin Buryatiyadakı buddist məbədinin rahibləri ilə (2013)

Şamanlar Baykal-Daily saytına deyiblər ki, şaman qurban mərasimindən əvvəl qurban heyvanına “müraciət” etməli və onun “razılığlını” almalıdır. Yalnız bundan sonra heyvanı “göy qübbəsinə yollanacaq ilahi karvana” qoşmaq olar. Heyvan qurbanlıq olmağa müqavimət göstərməyəndə razılığı alınmış sayılır.

Dəvə qurbanı mərasimini keçirənlər tənqidlərlə razılaşmırlar. Onlar bu mərasimin “Rusiya dövlətinin qüdrətlənməsi və Buryatiya xalqlarının firavanlığı” üçün keçirildiyində israr edirlər.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG