Keçid linkləri

2024, 08 Sentyabr, bazar, Bakı vaxtı 03:16

İsveçrədə 75 faiz burkanın yasaqlanmasını istəyir


Belçikada müsəlman qadın.
Belçikada müsəlman qadın.

Gələn il İsveçrədə seçki ilidir. Ölkənin iki həftəsonu qəzetinin 1167 nəfər arasında keçirdiyi rəy sorğusunun nəticələrinə görə, seçicilərin 76 faizi İsveçrədə bütün ictimai yerlərdə burkanın tamamilə yasaqlanmasının tərəfdarıdır.

Ötən ilin sentyabrında İsveçrədə üzü bağlayan müsəlman qadın baş örtüyünün qadağan edilməsi təklifini 100 mindən çox vətəndaş imzalamışdı.

Cəmi 3 kanton əleyhinə səs verib

Burkanı yasaqlamaq təşəbbüsünü İsveçrə Xalq Partiyasından millət vəkillərinin də daxil olduğu işçi qrup irəli sürüb. Bu partiya 2009-cu ildə İsveçrədə minarələrin tikilməsi qadağasını təklif etmişdi. Həmin ilin noyabrında keçirilən referendumda seçicilərin 57.5 faizi ölkədə minarələrin tikilməsinin qadağan edilməsinə səs vermişdi. Ölkənin 20 kantonunun (federativ dövlət olan İsveçrədə ərazi vahidləri belə adlanır) cəmi 3-ü sözügedən təşəbbüsün əleyhinə səs vermişdi.

Burkanın yasaqlanmasıyla bağlı sorğu iştirakçılarının 20 faizi qadağanın əleyhinə olduğunu, 3 faizi isə məsələylə bağlı hər hansı fikrə sahib olmadığını bildirib.

İsveçrədə mövcud birbaşa demokratiya sisteminə görə, cəmiyyət üçün əhəmiyyətli məsələlər birbaşa səsverməyə çıxarılır. Ancaq bundan ötrü əvvəlcə təklif olunan dəyişiklik ən az 100 min vətəndaşın imzasını toplamalıdır. «Üz örtüyü qadağasına hə» adlanan təklif ötən ilin sentyabrında bu tələbi artıqlamasıyla yerinə yetirib – onu 100 mindən artıq ölkə vətəndaşı imzalayıb.

Təşəbbüsü irəli sürən işçi qrup bəzi istisnalardan başqa, istənilən bir şəxsin ictimai yerdə üzünü bağlamasının qadağan olunmasına çağırıb. Bu istisnalar arasında yerli ənənə, hava, sağlamlıq və təhlükəsizlik kimi səbəblər göstərilir.

Belə bir qanunun qəbulu İsveçrədə hicab, niqab və burkanın yasaqlanması demək olacaq. Hərçənd, parlament komitəsi bu qanuna cinayət niyyəti ilə üzlərini bağlayan xuliqanların da əlavə ediləcəyini deyir.

Sürixdə məscid
Sürixdə məscid

Təklif səsverməyə 2019-cu ildən tez çıxarılmayacaq

İsveçrə hökuməti açıq şəkildə bu təklifə qarşı çıxıb. Hökumət bildirib ki, bu məsələ ilə bağlı qanun qəbul etmək ayrı-ayrılıqda 26 kantonun öhdəsinə buraxılmalıdır.

Artıq bir neçə ildir ki, İsveçrə cəmiyyətində bu məsələ mübahisələr yaradır. Ötən ilin martında İsveçrə Senatı məsələylə bağlı qanun layihəsini rədd edib. Ancaq bundan öncə həmin sənəd parlamentin aşağı palatası tərəfindən qəbul edilmişdi.

Ötən ilin mayında Qlarus kantonunun əhalisi də açıq havada toplantı zamanı bu qanun layihəsini rədd etmişdi. Ancaq ölkənin cənubunda yerləşən Tiçino kantonunun əhalisi hələ 2013-cü ildə bölgədə burka və üzü bağlayan başqa baş örtüklərinin yasaqlanmasını ciddi səs çoxluğu ilə dəstəkləmişdi. Dekabrda həmin kanton istənilən şəxsin üzünü bağlamağa məcbur edilməsinin qanunsuz elan olunmasını təklif edib.

Digər Avropa ölkələri

Burka qadağası qəbul olunarsa, İsveçrə üzü bağlayan baş örtüklərini qadağan edən ilk Avropa ölkəsi olmayacaq. Bundan öncə Fransa, Avstriya və Belçika kimi ölkələr üzü tam örtən geyimləri yasaqlayıblar.

Niderlandda belə geyimlər qismən qadağan edilib. Bu ölkədə qadınlar xəstəxanalarda, ictimai nəqliyyatda və məktəblərdə üzlərini bağlaya bilməzlər.

Belçikada burka geyinmiş qadın 7 günlüyünə həbs oluna, yaxud 1378 avro məbləğində cərimələnə bilər.

İspaniyada Kataloniya əyalətinin bəzi yerlərində burka və niqabı yasaqlayan qanunlar mövcuddur.

Ancaq burka və niqabı qadağan edən təkcə Avropa ölkələri deyil. Çad 2015-ci ildə baş vermiş iki intiharçı bomba partlayışından sonra ölkədə üzü bağlayan baş örtüklərinin geyilməsinə «yox» deyib. Onun ardınca Kamerun da bu addımı atıb.

Nigerin «Boko Haram» terror qruplaşmasının hücumlarından ziyan görmüş Diffa əyalətində də burka qadağan edilib. Konqo Respublikası da terror hücumlarının qarşısını almaq məqsədilə belə bir qadağa tətbiq edib.

XS
SM
MD
LG