Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 04:09

Burda Yeni ildə bir-birinə kitab bağışlayırlar


İslandiyanın paytaxtı Reykyavik
İslandiyanın paytaxtı Reykyavik

İslandiyada ən populyar Milad hədiyyələri ən son «Apple» məhsulları və ya mətbəx cihazları deyil. Bu ölkədə adamlar bir-birinə kitab bağışlayır. Hər il Miladdan öncəki bir ay ərzində İslandiyada «Jólabókaflóðið» keçirilir. Yəni «Yol (Yule) kitab seli». «Yol» german xalqlarının qədim zamanlarda qışın ortasında keçirdikləri bayramın adıdır.

Bayram mövsümü İslandiya nəşriyyat dünyası üçün «Qara cümə» kimidir. Ancaq «Qara cümə» bircə gün olursa, «Yol kitab seli» bir ay çəkir. Noyabrın əvvəli İslandiyada hər ailəyə İslandiya Naşirlər Assosiasiyasının «Bókatíðindi» adlı kataloqunun bir nüsxəsi göndərilir. Kataloqda həmin il çap olunacaq bütün kitabların adları yer alır. Kataloqu alan sakinlər buradan öz dostları və ailə üzvləri üçün hədiyyələr seçə bilirlər. Sentyabr – noyabr ayları İslandiya naşirlərinin ən çox kitab satdığı mövsümdür. Bir çox dükanlar illik kitab toplularının çoxunu Milad ərəfəsində satıb bitirirlər. «Yol kitab seli» mövsümündə hətta ərzaq dükanları da iri kitab dükanlarına çevrilir.

«Jólabókaflóðið» ənənəsi İkinci Dünya müharibəsi dövrünün iqtisadi siyasətindən qaynaqlanır. 1918-ci ildə Danimarkadan ayrılan İslandiya ta 1944-cü ilədək tam müstəqil respublika olmayıb. «Böyük Depressiya» dövründə ölkə sərt və mürəkkəb idxal qadağaları sistemi tətbiq edir. Onun proteksionist siyasəti müharibədən sonra da davam edir. Yüksək inflyasiya və idxal məhsullarına sərt nəzarət islandiyalıların bir çox məhsullara çıxışını məhdudlaşdırır. Ən rahat əldə olunan idxal məhsulu isə kağız idi! Nəticədə insanlar bir-birinə Milad hədiyyəsi kimi kitab almağa başlayıblar. O zamandan 80 ilə yaxın vaxt keçməsinə baxmayaraq, bu ənənə indi də davam edir.

«Hərə bir kitab doğur»

Naşirlərin çoxu bu ənənədən yararlanmaq üçün əksər qalın üzlüklü kitabları Milad ərəfəsində çapdan çıxarırlar. Dostlara və qohumlara Milad hədiyyələri məhz bu vaxt alınır. Adətən daha ucuz olan nazik üzlüklü kitabları bir neçə ay sonra buraxırlar. Çünki onları insanlar hədiyyə kimi yox, özləri üçün alır.

Ailə ənənələri ailədən-ailəyə fərqlənsə də, əksər islandiyalılar bayram hədiyyələrini dekabrın 24-ü açır. Bəzi adamlar ailənin hər bir üzvünə ayrıca kitab bağışlayır. Ancaq bəzi ailələrdə hərə bir kitab alır, beləcə yığılan kitablardan hərəyə bir pay düşür. Belə maraqlı mübadilədən sonra islandiyalılar şokolad yeyə-yeyə, yaxud da yataqda öz yeni hədiyyələrini oxumağa başlayırlar.

Sonradan, Milad qonaqlıqlarında yeni oxunan kitablar ən çox müzakirə olunan mövzulardan biri olur. «Yol» mövsümündən sonra qəzetlər yeni kitabların uğurlu və uğursuz başlıqlarını, cildlərini və s. dəyərləndirirlər.

İslandiyanın kitab hədiyyəsinə bu qədər önəm verməsi təəccüblü deyil. Bu ölkə adambaşına oxunan və çap olunan kitab sayına görə dünyada ilk yeri tutur. Hər 10 islandiyalıdan biri öz kitabını nəşr etdirib! İslandiyada hətta «hərə bir kitab doğur» qanadlı ifadəsi mövcuddur.

İslandiyada cəmi 338 min adam yaşayır. Bu ölkədə kitabların sayı onları ala biləcək adamların sayından çoxdur. Satılmayan kitabları yığmağa yer tapmayan naşirlər bayram mövsümünün sonunda onları məhv etməyə məcbur olurlar. «Yol» mövsümündən sonrakı aylarda kitab satmaq asan olmur. Nə qədər olmasa, Milad yeməyindən sonra şokolad yeyə-yeyə kitab oxumağın ləzzətini heç nəyə dəyişmək olmaz.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG