Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 19:04

Bulvar da publik olacaq, bəs sonra?


İlham Əliyev və xanımı bulvarda atraksionun açılışında
İlham Əliyev və xanımı bulvarda atraksionun açılışında

Bir neçə dövlət qurumu publik şəxsə çevrilir. Başqa sözlə, onlar indən belə özləri-özlərini maliyyələşdirəcəklər.

Publik şəxs kimi ilk yaradılan qurum Maliyyə Bazarlarına Nəzarət Palatası olsa da, Tələbə Qəbulu Dövlət Komissiyası və Dövlət Qulluğu Məsələləri üzrə Komissiya publik şəxsə çevrilən ilk dövlət qurumları sayılır. Bu iki komissiyanın bazasında Dövlət İmtahan Mərkəzi yaradıldı. Yeni qurumun sədri Məleykə Abbaszadə bu günlərdə mediaya bildirib ki, artıq bəzi imtahanlar pullu olacaq, çünki özləri özlərini maliyyələşdirməlidirlər. O, kadr ixtisarını da istisna etməyib.

Buna da bax:​ Publik nədir – islahat, yoxsa məcburi qənaət?

Bəs yeni yaradılan publik şəxslər maliyyəni haradan alacaqlar? Onların hansı gəlir qaynaqları ola bilər?

AzadlıqRadiosu publik şəxsə çevriləcək dövlət qurumlarının fəaliyyəti, mümkün maliyyə mənbələri ilə bağlı kiçik araşdırma aparıb. Onların bir çoxu prezident fərmanının yeni olduğunu əsas gətirərək, hələlik, haradan pul qazanacaqlarını bilmədiklərini söyləyib.

Tərcümə Mərkəzi özünü necə dolandıracaq?

Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin fəaliyyət dairəsi genişdir. 2012-ci ildə yaradılan qurumun əsas işi tərcümə materiallarında Azərbaycan dilindən düzgün istifadəyə nəzarət və təbii ki, ehtiyac duyulan sahələrə aid tərcümələrdir. Mərkəzin iki mətbu orqanı var - həftəlik “Aydın yol” və aylıq “Xəzər” jurnalı. Qurum eyni zamanda Azərbaycan ədəbiyyatının xarici dillərə tərcüməsini də gerçəkləşdirir.

Buna da bax: AzərTac da publik hüquqi şəxsə çevrilir

Tərcümə Mərkəzi dil kursları da təşkil edir. Azərbaycan dilini öyrənmək istəyən həftədə iki dəfə olmaqla 90 dəqiqəlik dərsə 120 manat ödəməlidir. Başqa dillərə meyllənənlər də Mərkəzin pullu xidmətindən yararlana bilərlər.

Tərcümə Mərkəzi qəzet-jurnal, o cümlədən tərcümə olunan əsərlərin satışından, dil kurslarından nə qədər gəlir əldə etdiyini ictimaiyyətə açıqlamayıb. Maliyyə Nazirliyinin məlumatına görə, ötən il Tərcümə Mərkəzinin saxlanması dövlət büdcəsindən 2 milyon manat ayrılıb.

Bəs qəzet-jurnal çapının gəlirli sayılmadığı, naşirlərin kitab satışının bərbad durumundan dad döydüyü, dil kurslarınasa saysız-hesabsız rəqiblərin olduğu bir vaxtda publik şəxsə çevrilən Tərcümə Mərkəzi özünü necə maliyyələşdirəcək? Qurumun aparat rəhbəri Yaşar Əliyev AzadlıqRadiosu-na deyir ki, prezident sərəncamı yeni verildiyindən, onlar hələ bu mənbələri müəyyənləşdirməyiblər və yalnız ilin sonunda bu suallara konkret cavab verə biləcəklər.

Buna da bax:​ Zavod 870, poliklinika 717, tikiş fabriki 110 min manata... [video]

Mənzil İnşaatı Dövlət Agentliyinə 1 milyon manatdan çox vəsait ayrılıb

Prezident yanında Mənzil İnşaatı Dövlət Agentliyi yeni yaradılıb. Funksiyası güzəştli mənzil tikintisini təşkil etməkdir. Agentliyin direktoru Samir Nuriyev “Azərtac”a bildirib ki, tələb olunan vəsaitin ayrılması məqsədilə növbəti 3 il üçün maliyyə proqnozunu aidiyyəti dövlət orqanlarına təqdim edib. Gələn ilin dövlət büdcəsindən quruma 1milyondan çox vəsait ayrılıb.

Bəllidir ki, dövlət büdcəsindən maliyyə vəsaiti gözləyən qurum ilkin kapitalı əldə edəndən sonra özünü saxlamaq üçün də əlavə vəsaitə ehtiyac duyacaq, mənzillər isə güzəştli satılacağından evin tam dəyəri uzun illər sonra agentliyə qayıdacaq. Bu halda agentlik nəyin hesabına öz fəaliyyətini təmin edəcək? Sual, hələlik, açıq qalır.

Bir yandan publik olur, o biri yandan büdcəsi artır

Müəllif Hüquqları Agentliyi Azərbaycanda müəllif hüquqlarını qeydə alır. Bunun üçün dövlət rüsumu 5 manatdır. 38 işçisi olan agentlikdə ən yüksək vəzifə maaşı 1450 manatdır. Qurumun illik xərci 600 min manat civarında dəyərləndirilib və gələn il xərclərin toplam məbləği 60 min manat da artırılıb. Belə çıxır ki, publik şəxs olandan sonra agentlik, azı, 600 min manatlıq maliyyə mənbəyi tapmalıdır.

Buna da bax: Səhiyyəni publik hüquqi şəxsə çevirmək nə deməkdir? [ekspert rəyi]

Nazim Məcidov
Nazim Məcidov

“Təklifləri hazırlayırıq”

Publik olacaq qurumlardan biri də Bakının Dənizkənarı Bulvar İdarəsidir. Bu il büdcəsi 424 min manat olan idarənin gələnilki xərcləri 700 min manat göstərilib. Maliyyə Nazirliyi müəssisənin illik büdcəsini təxminən 350 min manat qaldırıb. Ancaq digər publik olacaq qurumlarla müqayisədə Bulvar İdarəsinin maliyyə mənbələri daha dayanıqlı görünür. İdarənin rəsmisi Nazim Məcidov AzadlıqRadiosu-na müsahibəsində deyir ki, onlara publik şəxs olmaq üçün təklifləri hazırlamağa iki ay vaxt verilib: “Biz də bir idarə kimi, təklifləri hazırlayırıq. Yəqin ki, yaxın vaxtlarda həm prezidentə, həm də ictimaiyyətə açıqlama veriləcək”.

“Ölkədə qiymət qalxsa, bulvara da təsir edəcək”

Nazim Məcidov deyir ki, bulvar ərazisində olan atraksionlar, biznes obyektləri Bulvar İdarəsinə icarəhaqqı ödəyir: “Görünür, təkliflərdə bunun davam etməsi, gücləndirilməsi nəzərdə tutulacaq. Amma nəticə necə olacaq, bunu bilmirəm”.

Buna da bax:​ Xəstəxana və poliklinikalar 'publik hüquqi şəxs'ə çevrilir

Nazim Məcidov: 'Bulvar ərazisində olan atraksionlar, biznes obyektləri Bulvar İdarəsinə icarəhaqqı ödəyir'
Gözlə

No media source currently available

0:00 0:01:03 0:00
Direct-ə keçid

Bulvar rəsmisi vurğulayır ki, dövlət büdcəsindən alınan dotasiya idarənin bir çox xərcini qarşılayır - əmək haqlarından tutmuş, su, elektrik xərcləri, bulvar ərazisində aparılan təmir işlərinədək. Nazim Məcidov “dövlət büdcəsinin qayğısından məhrum olandan sonra özünüzü dolandıra biləcəksinizmi” sualına nikbin cavab verərək deyir ki, bütün hallarda çıxış yolları tapılacaq. O, işçilərin ixtisar olunacağını düşünmür.

Bəs özünümaliyyələşdirmə üçün atılacaq addımlar bulvar ərazisindəki iaşə xidmətlərində qiymətlərə təsir göstərə bilərmi? Nazim Məcidov deyir, ölkədə ərzaq, tikinti və digər məhsullarda qiymət qalxacaqsa, bu özünü bulvar ərazisində də göstərəcək. Ancaq o, süni qiymət artımını istisna edir.

Buna da bax: ‘Hökumət ictimai xidmətlərə xərcləri azaldır’

Prezident 10-dan çox dövlət qurumunun nəzdində publik hüquqi şəxsin yaradılmasına dair təzəlikdə sərəncam verdiyindən, Maliyyə nazirliyi gələn il də bu qurumların dövlət büdcəsindən maliyyələşdirilməsini saxlayıb və hətta bəzisinin büdcəsini artırıb.

Publik hüquqi şəxs olacaq qurumlar arasında Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi və Dövlət İnformasiya Agentliyi (AZƏRTAC), “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Bakı Nəqliyyat Agentliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi də var.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG