“64 ildir bu tarixi binada yaşayıram. Qəzalı vəziyyətdədir, uçub-dağılır. Hər dəfə səs-küy salırıq, gəlirlər, çöldən bir az qurdalanıb gedirlər. Yola baxan çöl tərəfini düzəldiblər, içərisi dağılır”.
Bunu “Qaynar xətt”ə Nəsimi rayonu, Bülbül prospekti 29 ünvanında yerləşən iki əsrlik tarixi binanın sakini Füzuli Alməmmədov deyir.
Evimin tavanı çöküb.
Sakin deyir, binanın mərkəzi yola baxan çöl tərəfini elə bəzəyiblər ki, binanın yanından ötən elə bilər bunun içərisində yaşayanlar da firavandır:
“Vallah, köhnə, paslanmış su, kanalizasiya xətləri, qəzalı, çürük işıq xətləri ömrümüzü çürüdüb. Binanın çölünü görüb feyziyab olan adam böyründən keçib içərisinə girsə, bir aləmdən başqa aləmə düşmüş olar”.
Binanın başqa sakini Zemfira Əsədovanın evinin isə tavanı demək olar ki, tamamilə çöküb. Deyir, hələ bu harasıdır, yağış yağanda bütün su mənzillərə dolur: “Şikayət edəndə gəlib fasada əl gəzdirib gedirlər. Ancaq bununla yara sağalmır axı… Biz cəhənnəm, heç olmasa tarixi bina olduğuna görə hərəkətə gəlsinlər. Çokür axı…
Pul yoxdur.
Nəsimi rayon İcra hakimiyyətindən “Qaynar xətt”ə bildirdilər ki, Bülbül prospektindəki 29 saylı binaya iki dəfə baxış keçirilib. Abadlıq işlərinə uyğun olaraq binanın fasad hissələri təmir olunub, həyəti asfaltlanıb. Ancaq binanın içərisində əsaslı təmirə ehtiyac var. Bunun üçün vacib olan pul yoxdur:“Nazirlər Kabinetinə məktub göndərilib. O binada əsaslı təmir işləri aparılmalıdır. Dam örtüyü də yenilənib. Ancaq təəssüf ki, bir çox işlərə görə vəsait çatışmazlığı hələlik buna imkan vermir”.
Bina sakinləri isə hökuməti tarixi binanı qorumağa çağırır.