Milli Məclisin bu gün, iyunun 27-də keçirilən plenar iclasında “2019-cu il dövlət büdcəsi haqqında” qanunda dəyişiklik edilməsi barədə layihə müzakirə edilərək I oxunuşda qəbul olunub.
Həmin layihə bir müddət öncə Milli Məclisə təqdim olunmuşdu.
Bu məsələ ilə bağlı Azərbaycan Maliyyə Nazirliyinin yaydığı məlumatda bu, ölkədə minimum pensiya məbləğinin və əmək haqlarının artırılması ilə izah edilmişdi.
Nazirlik qeyd edirdi ki, Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin 200 milyon manat, işsizlikdən sığorta fondunun 2018-ci il büdcəsinin icrası nəticəsində yaranmış qalıq vəsaitindən Fondun gəlir və xərclərinin 15 milyon manat artırılması zərurəti yaranıb.
Bu il iyunun 18-də prezidentin imzaladığı sərəncama əsasən, sentyabrın 1-dən minimum əməkhaqqı 180 manatdan 250 manata qaldırılacaq. Habelə, bəzi dövlət qurumlarında əməkhaqqı 40 faiz artırılacaq.
Layihədə bu ilin dövlət büdcəsində nəzərdə tutulmuş müdafiə xərclərinin 150 milyon manat artırılması nəzərdə tutulur. Orada müdafiə xərclərinin təqribən 4 faizdən çox artırılaraq, 3 milyard 37.618 milyon manatdan 3 milyard 187.618 milyon manata çatdırılması nəzərdə tutulur.
Layihədə müdafiə xərcləri artırılsa da, bir sıra xərclər azaldılıb. Məsələn, sosial müdafiə və sosial təminat xərcləri 150 milyon manat azaldılır. Bu sahələrdə xərc 2 milyard 620 milyon 387 min manatdan 2 milyard 470 milyon 387 min manata endirilib.
2019-cu il dövlət büdcəsinin gəlirləri 23 milyard 168 milyon manat, xərcləri isə 25 milyard 190 milyon manat təsdiqlənib.
Xatırlatma
Layihə içtimayətə açıqlanarkən müxalifətdə olan Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) iqtisadiyyat komissiyasının sədri Nemət Əliyev Azadlıq Radiosuna demişdi ki, əməkhaqqı artımları qənaət hesabına həyata keçirilir:
«Son illər 467 min nəfər üzvü olan 117 min aztəminatlı ailəyə verilən ünvanlı sosial yardım dayandırıldı. Bu qədər aztəminatlı şəxslərə verilən vəsaitlər həmin bu artımlara yönəldiləcək. Yaxud, əvvəlki qanunvericiliyə görə, pensiya yaşına çatan, amma yaş artırılması ilə bağlı pensiya ala bilməyən 21 min nəfər şəxs var. Onların almalı olduğu vəsait də bu artımlara xərclənəcək. Yəni, hökumət «qənaət» hesabına bu artımları həll etməyi nəzərdə tutur».
Azərbaycanda pensiya qanunverciliyinə 2017-ci ildə dəyişiklik edilib. Dəyişikliyə əsasən kişilər və qadınlar üçün pensiya yaşı 65-ə qaldırılıb. Lakin bu müddət mərhələli şəkildə tətbiq olunur. Kişilər üçün bu yaş həddi 2017-ci il yanvarın 1-dən 2021-ci il yanvarın 1-dək (hər il 6 ay artırılmaqla) artırılır. Qadınlarda isə bu proses 2027-ci il yanvarın 1-dək eyni qaydada başa çatmalıdır. Azərbaycanda bu dəyişikliyə qədər kişilər 63, qadınlar da 60 yaşında pensiyaya çıxırdılar.