Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 13:57

Büdcədə sosial tədbirlərin xərcləri cəmi 1,5 faiz artıb


“Gələn ilin büdcəsi tamamilə sosial və investisiya yönümlüdür. 2019-cu il dövlət büdcəsinin əsas məqsədi əhalinin güzəranının daha da yaxşılaşdırılmasıdır”.

Bu gün, noyabrın 6-da Milli Məclisin Əmək və Sosial Siyasət, Səhiyyə, Mədəniyyət, Elm və Təhsil, Ailə, Qadın və Uşaq məsələləri komitələrinin birgə iclasında deputat Hadi Rəcəbli belə deyib.

Bu barədə Milli Məclisin mətbuat xidməti məlumat yayıb.

Toplantıda 2019-cu ilin büdcə layihəsi müzakirə edilib.

Hadi Rəcəbli bildirib ki, gələn il sosial məqsədlərə 8 milyard 265,8 milyon manat vəsaitin ayrılması nəzərdə tutulub. Bu da büdcənin 33,4 faizini təşkil edir.

Maliyyə nazirinin birinci müavini İlqar Fətizadə isə deyib ki, 2019-cu ilin dövlət büdcəsinin gəlirləri ümumi daxili məhsulun 28 faizi həcmində olmaqla, 22 milyard 918 milyon manat təşkil edəcək:

“Bu da cari illə müqayisədə 769 milyon manat çoxdur. Gəlirlərin 9 milyard 217 milyon manatı qeyri-neft sektorunun, 13 milyard 700 milyon manatı (59,8 faiz) neft gəlirlərinin payına düşəcək. 2019-cu ildə Vergilər Nazirliyin xətti ilə proqnozlaşdırılan daxilolmalar 7 milyard 316 milyon, Dövlət Gömrük Komitəsi xətti ilə proqnozlaşdırılan daxilolmalar isə 3 milyard 452 milyon manat səviyyəsində qiymətləndirilir. Dövlət Neft Fondundan transfert isə 11 milyard 364 milyon manat müəyyən edilib”.

Onun sözlərinə görə, sosial tədbirlərin xərclərinin dövlət büdcəsi xərcləri tərkibində xüsusi çəkisi cari illə müqayisədə 1,5 faiz artaraq 25,7 faizə çatacaq:

“Dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışanların əməkhaqlarının artırılması, sosial müavinətlər, təqaüdlər üçün dövlət büdcəsindən 620 milyon manat, pensiya təminatı sahəsində əlavə sosial müdafiə tədbirləri üçün 110 milyon manat, 1425 məktəbəqədər təhsil müəssisəsində bir günlük ərzaq xərclərinin orta hesabla üç dəfə artırılması məqsədilə 83 milyon manat məbləğində vəsait ayrılıb”.

Həmçinin bildirilib ki, təhsil xərclərinə 2 milyard 275 milyon, səhiyyə xərclərinə də 1 milyard 48 milyon manat vəsait nəzərdə tutulub. İcbari tibbi sığortaya isə 240 milyon manat vəsaitin ayrılması planlaşdırılır.

Deputatlar büdcə layihəsini parlamentin plenar iclasına tövsiyə ediblər.

Xatırlatma

Dünən, noyabrın 5-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, Təbii ehtiyatlar, energetika və ekologiya, Aqrar siyasət, İctimai birliklər və dini qurumlar komitələri büdcə layihəsini bəyənmişdi.

2019-cu ilin dövlət büdcəsinin gəlirləri 22.9 milyard manat nəzərdə tutulub. Büdcənin xərcləri isə 24.7 milyard manat proqnozlaşdırılır.

Layihədə neftin bir bareli 60 dollar götürülüb.

2018-ci ilin dövlət büdcəsinin proqnoz gəlirləri 22.11 mlrd, xərcləri isə 23.061 mlrd. manatdır. Bu il neftin bir barreli 45 dollar götürülüb.

XS
SM
MD
LG