Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 05:57

Qarabağ əlili: ‘Qaldırın bu yazıq camaatın maaşını’


Yeni büdcə kimlərə maaş artımı vəd edir?
Gözlə

No media source currently available

0:00 0:15:05 0:00

Yeni büdcə kimlərə maaş artımı vəd edir?

2019-cu ildə kimlərin maaş və pensiyaları artacaq? Təxminən nə qədər artım gözlənir?

Sosial İqtisadi Araşdırmalar Mərkəzinin eksperti, iqtisadçı Rəşad Həsənov yeni büdcəni analiz edib.

Onun hesablamasına görə, gələn il həkimlərin, müəllimlərin və digər büdcədən maliyyələşən təşkilatlarda çalışanların maaşlarında 10 faizlik artım ola bilər. Onun sözlərinə görə, gələn il pensiyalar da artım gözlənilir: təxminən 14 manat.

"Vallah mümkün deyil"

Amma Bakı sakini, Qarabağ müharibəsi əlili Akif Elləzov deyir ki, bu artım gözdən pərdə asmaqdan başqa bir şey deyil. Onun sözlərinə görə nəinki 10 faiz, hətta 20-25 faizlik artım olsa belə, bununla da dolanmaq mümkün deyil:

“Vallah mümkün deyil. Bununla necə yaşamaq olar. Bu artımla necə yaşayasan? Əsas maaşları artırmaq lazımdır. Ömrünü, həyatını bu ölkəyə həsr edən insanlar var, bu insanların maaşını artırmaq lazımdır. Hər il 5 faiz, 10 faiz artımla nə olasıdır? Amma özlərinin maaşını qaldırıb, elədilər 3 min 500 manat. Qaldırın bu yazıq camaatın maaşını”.

Akif Elləzov sözlərini onunla yekunlaşdırır ki, gələn il yenə bahalıq, qiymətlərin artacağı haqda məlumatlar daha çox dolaşır, nəinki maaşların artacağı haqda.

Milli Məclisin sosial siyasət Komitəsinin sədri Hadı Rəcəblinin isə noyabrın 16-da Yeni Azərbaycan Partiyasının saytında müsahibəsi dərc olunub. Hadı Rəcəbli öz müsahibəsində Azərbaycan hökumətinin vətəndaşa qayğısından söz açır. O, vurğulayır ki, gələnilki büdcədə sosial xərclər 750 milyon manat artırılıb və 8.3 milyard manata çatıb. Sosial xərclərin yeni büdcənin 33.4 faizini təşkil etdiyini qeyd edən millət vəkili bunu hökumətin sosial siyasətinin əsas göstəricilərindən biri hesab edir. O gələn il maaş və pensiyaların artılacağından da danışıb:

“Prezident İlham Əliyevin sərəncamları ilə dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışanların əməkhaqqılarının artırılması, sosial müavinətlər, təqaüdlər və digər sosial yönümə aid edilən xərclər üzrə yaranmış əlavə maliyyə öhdəliklərinin təmin edilməsi üçün dövlət büdcəsindən 620 milyon manat, pensiya təminatı sahəsində əlavə sosial müdafiə tədbirləri üçün 110 milyon manat vəsait ayrılıb”.

Azərbaycan maaşlara görə çox geridə qalır

İqtisadçı Rəşad Həsənov da razılaşır ki, gələn ilin büdcəsində sosial xərclərdə artımlar var. Amma bu artım büdcənin sosialyönümlü olması üçün kifayət etmir. Ekspert gələn ilin büdcəsinə əsaslanaraq, deyir ki, maaşlarda 10 faizdən çox artım gözləməyə dəyməz:

“Azərbaycanda pensiyanın ümumidaxili məhsulda payı 4.6 faizdir. Məsələn, oxşar iqtisadiyyatı olan ölkələrdən birində - Ukraynada bu 17 faiz civarındadır. 2019-cu ildə sosial sahədə artımlar var. Amma bununla belə yenə də büdcədə sosial xərclər çox azdır”.

Rəşad Həsənov hesab edir ki, Azərbaycan özəlliklə, dövlət təşkilatlarında orta aylıq əməkhaqqına görə, həm də təqaüdlərə görə bir çox ölkələrdən geridə qalır.

AzadlıqRadiosu Bakı sakinlərinin də fikrilərini öyrənib:

Sizcə, normal yaşayış üçün pensiya nə qədər olmalıdır?
Gözlə

No media source currently available

0:00 0:01:20 0:00

2019-cu ilin dövlət büdcəsinin gəlirləri təxminən 23 milyard manat, xərcləri isə 24.7 milyard manat proqnozlaşdırılır.

Bu xərclərin 4.75 milyard manata yaxını əməyin ödənişi xərcləridir. 2018-ci illə müqayisədə 2019-cu ildə bu sahəyə 500 milyon manat, təxminən 14 faiz daha çox vəsait ayrılıb.

Parlamentdə büdcə müzakirələri başa çatıb. Müzakirələrdə qaldırılmış məsələlərə münasibət bildirilməsindən ötrü hökumətə verilən vaxt bu gün - noyabrın 23-də başa çatıb.

Hökumətin cavabından sonra büdcə səsə qoyulacaq, parlament qəbul etdikdən sonra təsdiqi üçün prezidentə göndəriləcək.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG