Gələn ilin büdcə layihəsinin xərclər hissəsində bəzi istiqamətlər üzrə, az da olsa, artım var.
Maliyyə Nazirliyinin ilkin proqnozlarına görə, 2027-ci ildə dövlət büdcəsinin gəlirləri bu illə müqayisədə 1.6 faiz artaraq 39 milyard 234 milyon manat, xərcləri isə 1.7 faiz artımla 42 milyard 400 milyon manat təşkil edəcək.
Büdcə layihəsində xərclərin artırıldığı əsas istiqamətlərdən biri məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq orqanlarıdır. Bu istiqamətə ayrılan vəsait 3 milyard 336 milyon manatdan 3 milyard 433 milyon manata çatdırılır ki, bu da 2.91 faiz artım deməkdir.
Səhiyyə xərclərində də təxminən eyni həcmdə (2.9 faiz) artım nəzərdə tutulur. Gələn il Azərbaycanın dövlət büdcəsindən səhiyyə xərclərinə 2 milyard 82.6 milyon manat ayrılacaq.
Əvəzində, sosial müdafiə və sosial təminat xərclərindəki artım 1 faizdən də azdır – cəmi 0.88 faiz. Gələn il ölkənin sosial xərcləri 2026-cı illə müqayisədə 43 milyon 42 min manat artaraq 4 milyard 916 milyon manata bərabər olacaq.
2027-ci ildə hərbi xərclərin 1.1 faiz, təhsil sahəsinə ayrılan vəsaitin isə 1.6 faiz artırılması planlaşdırılır. Gələn il təhsil xərclərinin 5 milyard 98.2 milyon manat, müdafiə və milli təhlükəsizlik xərclərinin isə 8 milyard 816 milyon manat olacağı proqnozlaşdırılır.
Gələn ilin büdcəsi: Vergi yığımları 9 faiz artacaq
2027-ci ildə Azərbaycanın dövlət büdcəsinin gəlirləri 39 milyard 234 milyon manat, xərcləri isə 42 milyard 400 milyon manat proqnozlaşdırılır.
Maliyyə Nazirliyinin proqnozuna görə, 2027-ci ildə büdcə gəlirləri bu illə müqayisədə 1.6 faiz, xərcləri isə 1.7 faiz artacaq.
Dövlət büdcəsi gəlirlərinin 39.5 faizinin neft-qaz, 60.5 faizinin isə qeyri-neft-qaz sektoru hesabına formalaşacağı gözlənilir.
Vergi daxilolmaları artmalıdır
Gələn ilin büdcə layihələrində də, bu il olduğu kimi, vergi yığımlarının artacağı görünür: "2027-ci ildə Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmalar dövlət büdcəsi gəlirlərinin 47 faizini və ya 18 milyard 430 milyon manat təşkil edəcək. Bu da cari ilin təsdiq olunmuş göstəricisindən 1 milyard 520 milyon manat (9 faiz), 2025-ci ilin icra göstəricisindən isə 2 milyard 74.8 milyon manat (12.7 faiz) çoxdur. Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmaların 80.6 faizi (14 milyard 850 milyon manat) qeyri-neft-qaz sektorunun, 19.4 faizi (3 milyard 580 milyon manat) neft-qaz sektorunun payına düşür".
Bu ildən Azərbaycanda özəl sektorda 7 illik güzəşt müddəti başa çatıb və bu sahədə çalışanların əməkhaqları yenidən gəlir vergisinə cəlb olunub. Üstəlik, bu vergi 2027–2028-ci illərdə mərhələli şəkildə artacaq.
Neftin büdcə qiyməti dəyişməz qaldı
Gələn ilin icmal və dövlət büdcəsi layihələrində "Azeri Light" markalı neftin bir barelinin qiyməti, ötən il olduğu kimi, 65 ABŞ dolları səviyyəsində saxlanılıb. Müqayisə üçün, bu ilin birinci yarısında ölkənin ixrac etdiyi neftin real orta qiyməti proqnozlaşdırılandan xeyli yüksək – 94.5 ABŞ dolları olub.
Bu il qlobal bazarda neftin bahalaşması bir sıra münaqişələrin gərginləşməsi və Hörmüz boğazının bağlanması ilə izah olunur. Qiymətlərin yüksəlməsinin əksinə olaraq, son illərdə Azərbaycanda neft hasilatı davamlı şəkildə aşağı düşür. 2009-cu ildə ölkədə 50 milyon ton neft hasil edildiyi halda, ötən il bu göstərici 28 milyon tona qədər geriləyib.