Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 17:22

Budapeştin mərkəzində ‘Uyğur şəhidləri’ küçəsi


‘Uyğur şəhidləri’ küçəsi
‘Uyğur şəhidləri’ küçəsi

Budapeştin mərkəzində diqqəti Çinin siyasi problemlərinə çəkən yeni küçə adları peyda olub.

İndi Macarıstan paytaxtının Ferentsvaroş rayonunda “Uyğur şəhidləri”, “Azad Honqkonq”, Dalay Lama və Çin dissidenti yepiskop Se Şiquanın adlarını daşıyan küçələr var.

Bu barədə məlumatı AzadlıqRadiosunun Macar xidməti verib.

Xəbərdə deyilir ki, yeni küçə adlarının peyda olduğu rayonda Çinin əsas ali təhsil müəssisələrindən biri olan Fudan Universitetinin şəhərciyi salınmalıdır.

Küçələrin yeni adlarının açılış mərasimində Ferentvaroş və Budapeştin merləri Krisztina BarayiGergeli Karaçoni iştirak ediblər.

Dalay Lama küçəsi
Dalay Lama küçəsi

Xanım Barayi deyib ki, rayon və şəhər yeni küçə adları ilə hökumətin burada universitet yerləşdirmək qərarına etiraz bildirir.

Budapeştin mərkəzində Fudan Universiteti filialının tikintisi qərarı artıq aylardır ki, müxalifət tərəfindən kəskin tənqid olunur.

Müxalifət bildirir ki, hökumət bu ərazidən abadlaşdırma işləri üçün istifadə etməli idi. Tənqidçilər deyirlər ki, filial əslində Çin Kommunist Partiyasının Budapeştdəki nümayəndəliyinə çevriləcək.

Karaçoninin ixtiyarında olan rəy sorğusu nəticələrinə görə şəhər əhalisinin 90 faizi bu layihənin əleyhinədir.

Sorosun universitetini qovan hökumətə etiraz

Müxalifət filial tikintisi məsələsini referenduma çıxarmağı planlaşdırırdı, amma belə görünür, bu, pandemiyaya görə baş tutmayacaq.

Vəziyyəti qəlizləşdirən həm də budur ki, hökumət Amerika maliyyəçisi Corc Sorosun yaratdığı Avropa Universitetini başqa ölkəyə köçməyə məcbur edib.

“Uyğur şəhidləri” küçəsinin adı Çində uyğur azlığın təqib olunması ilə bağlıdır. ABŞ və Qərb Pekini uyğur və başqa müsəlman azlıqlara qarşı soyqırımında ittiham edir.

Küçələrdən biri də Tibet buddizminin ruhani lideri və Tibetin sürgündəki başçısı XIV Dalay Lamanın adını daşıyacaq.

Onun tərəfdarları Çin tərəfindən 1950-ci ildə ilhaq edilmiş Tibetin azadlığını tələb edirlər.

“Azad Honqkonq” küçəsi 2020-ci ildə bu şəhərdə vətəndaş etirazlarının amansızlıqla yatırılmasına etiraz ehtiva edir.

Katolıik yepiskopu Se Şiquan isə hökumətin din üzərində nəzarətinə etiraz etdiyinə görə ömrünün 28 ilini məhbəsdə keçirib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG