Keçid linkləri

2024, 15 May, çərşənbə, Bakı vaxtı 23:16

'Bu vergi absurddur'


Əkrəm Həsənov
Əkrəm Həsənov

Rusiyanın İqtisadi İnkişaf və Maliyyə nazirlikləri əmək haqlarının nağd şəkildə verilməsinin məhdudlaşdırılmasını nəzərdən keçirir. Bu barədə «Vedomosti» qəzetinə hökumətdəki mənbə bildirib.

Bununla yanaşı, hökumət irihəcmli satınalmaların nağd qaydada aparılmasını məhdudlaşdırmaq niyyətindədir. Bildirilir ki, hələlik, məsələ hökumət səviyyəsində müzakirə olunmayıb. «Söhbət avtomobil, mənzil və bahalı əşyaların alqı-satqısının nağdsız şəkildə aparılmasından gedir», – deyə mənbə bildirib.

AZƏRBAYCAN TƏCRÜBƏSİ

Qəzet Azərbaycan praktikası üzərində xüsusi dayanıb. Nəşr qeyd edir ki, 2017-ci ilin aprelindən Azərbaycanda nağdsız ödənişlər barədə yeni qanun işə düşür. Sənədə əsasən, ƏDV ödəyicisi olan və illik dövriyyəsi 200 min manatı ötən ticarət və iaşə obyektləri ay ərzində yalnız 30 min manatadək məbləğdə əməliyyatları nağd şəkildə apara bilər. Digər vergi ödəyiciləri üçün bu limit 15 min manat təşkil edir. İllik dövriyyəsi 200 min manatı ötən vergi ödəyiciləri əmək haqlarını yalnız nağdsız şəkildə köçürə bilər.

Qanun həmçinin, nağdlaşdırma şərtlərini də sərtləşdirir: banklar və poçt operatoru, hüquqi şəxslər və sahibkarlardan nağdlaşdırma əməliyyatı zamanı 1% həcmində sadələşdirilmiş vergi tutacaq.

Hüquqşünas Əkrəm Həsənov AzadlıqRadiosuna müsahibəsində Rusiyada nağdsız ödənişlərin yayılması üçün görülən işlərdən, Azərbaycanda bundan ötrü tətbiq olunan mexanizmlərdən danışıb:

– Rusiya ola bilər ki, bizim təcrübədən də yararlansın. Amma qismən. Məsələn, sahibkarlar və hüquqi şəxslər arasındakı nağdsız hesablaşmaların maksimal həddinin müəyyən edilməsində. Lakin bu, sırf Azərbaycan təcrübəsi deyil, Ukraynada və digər ölkələrdə bizdən əvvəl də olub. Əsasən isə, Rusiya məhdudiyyətlər yolu ilə deyil, stimullaşdırıcı metodlarla buna nail olmaq istəyir. Məsələn, nağdsız hesablaşma zamanı ƏDV dərəcəsini azaltmaqla. Təbii, bu, daha uzaqgörən və ağlabatandır. Rusiyada qanunlar elmi araşdırmalar nəticəsində yenilənir. Bizdəki kimi hansısa məmurun gecə gördüyü yuxusu əsasında yox!

– Ötən il siqaret, spirtli içki satışında nağdsız satış tətbiq edildi. Nəticədə bu sektorlarda iflic durum yarandı...

– Bəli, elə təhlükə də odur ki, məhdudlaşdırıcı tədbirlər bəzi sahələri iflic edə bilər. Təcrübəmiz də var. Bəzi mallara qıtlıq artıq yaranır.

– Azərbaycanda bank hesablarında nağdlaşdırmaya görə 1% vergi tətbiq edilir. Bunun iqtisadi, hüquqi əsası varmı?

– Bu vergi, ümumiyyətlə, absurddur. Bildiyim qədər, bir Hindistanda var, bir də bizdə. Hər hansı vergi ya gəlirdən, ya xərcdən, ya da əmlakdan tutula bilər. Hesabdan pulun nağdlaşdırılması bunların heç birinə aid deyil. Digər tərəfdən, Vergi Məcəlləsinin ümumi normalarına ziddir bu vergi. Ən azı vergitutma bazası haqda tələblərə ziddir. Bu baxımdan, sırf qanun baxımdan vergi müəyyən edilməmiş sayılmalıdır.

– Həm də, bu, ikiqat vergitutmadır...

– Bəli, bu, ikiqat vergitutmadır. Əvvəla, dövlət onsuz da banklara Mərkəzi Bank vasitəsilə nağd pul verəndə haqq tutur. Banklar da komisyon haqq şəklində onu müştərilərə yükləyir. İndi belə çıxır ki, dövlət nağd pula görə əhalidən iki dəfə vergi tutur. Digər tərəfdən, sadələşdirilmiş vergi ödəyiciləri bu vergini ödəməklə gəlirdən iki dəfə eyni vergi ödəmiş olurlar. Mənfəət vergisi ödəyiciləri isə, ümumiyyətlə, mənfəət vergisindən yayınma imkanı əldə etmiş olur, çünki sadələşdirilmiş vergi ödəyicisi mənfəət vergisini ödəməməlidir. 1 faiz vergisi isə məhz sadələşdirilmiş vergi kimi təsbit edilib. Absurd vəziyyət yaranıb!

– Əslində, hökumət nağdsızlaşmanı genişləndirmək üçün hansı addımlar atmalıdır?

– Stimullaşdırıcı addımlar atılmalıdır. İlk növbədə, elə ƏDV dərəcəsindən başlamaq olar. Məsələn, dükandan mal alanda bizdən 18% ƏDV də tutulur. Nağdsız, yəni kartla ödəniş edəndə həmin verginin dərəcəsini, məsələn, 10% etsinlər. İnanın ki, əksəriyyət nağdsız hesablaşmaya üz tutacaq. Hamı buna alışandan sonra vergi dərəcəsini yenidən artırmaq olar.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG