Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 08:32

Bu türk romanının 1 milyon nüsxəsi satılıb


«Xəz paltolu Madonna»
«Xəz paltolu Madonna»

Raif Əfəndi büroda işləyən ən adi, heç nəylə seçilməyən katibdir. O, Ankaradakı bir büroda sənədlərin türkcədən alman dilinə və əksinə tərcüməsi ilə məşğuldur. Ancaq öz bloknotunda inanılmaz, lakin ehtiraslı bir sevgi hekayəsini cızma-qara edir. Hekayə onun illər öncə Berlində bir yəhudi qadınla yaşadığı eşq macərası haqdadır.

Türk yazıçısı Səbahəddin Əlinin «Xəz paltolu Madonna» kitabında oxucunu gözləyən ən böyük sürpriz də qəfildən bu adi insanın qeyri-adi keçmişini kəşf etməsidir. «The Washington Post» qəzetində çıxan yazıda müəllif Çarlz Leyn bu kitabı «sevgi və itki üzərində meditasiya» adlandırır.

Kitab bir qədər etiraf təsiri bağışlayır. O, ilk dəfə 1943-cü ildə S.Əlinin vətəni Türkiyədə çap olunub. Günümüzdə isə kitab ikinci məşhurluq dövrünü yaşayır. 80 milyon əhalisi olan Türkiyədə son 3 il ərzində «Xəz paltolu Madonna»nın 1 milyondan çox nüsxəsi satılıb.

«Heç kim səbəbini bilmir»

«Bu kitab bütün yaşlardan olan kişi və qadınlar, ancaq daha çox gənclər tərəfindən oxunur, sevilir və üzərində göz yaşları axıdılır. Heç kim də səbəbini izah edə bilmir», – kitabı ingiliscəyə tərcümə edən Morin Frili deyir. Onunla birlikdə bu tərcümə üzərində Aleksandr Dou da çalışıb. Kitab bu yaxınlarda ABŞ-da satışa çıxacaq.

Bir ehtimala görə, S.Əlinin bu romanı hazırda prezident Rəcəb Tayyib Ərdoğanın rejimindən əziyyət çəkən yeni nəslin ürəyindən xəbər verir. Müəllif öz dövrünün avtoritar rejimi tərəfindən dəfələrlə həbs edilmiş kommunist idi. Onun 1948-ci ildə öldürülməsini də siyasi baxışları ilə əlaqələndirirlər.

Bundan başqa, nakam sevgi hekayələri həmişə sevilib. Əlbəttə, kitabın verdiyi mesaj bir o qədər də siyasi deyil. Kitabın əsas qəhrəmanı, gənc Raif və sevgilisi Mariya Puder I Dünya müharibəsində məğlub olmuş iki imperiyanın gənc vətəndaşlarıdır. S.Əliyə görə, 1923-cü ilin Berlini öz kabare, mehmanxana, park və incəsənət qalereyaları ilə bu əbədi mövzuya – nakam kor ehtiras mövzusuna uyğun fondur.

Raif atasının tapşırığını yerinə yetirmək – alman mütəxəssislərdən sabunbişirmə işini öyrənmək üçün Berlinə gəlir. Mariya isə qəlbini incəsənətə verib. Ancaq gündəlik dolanışıq üçün gecə klublarında oxuyur. Onların birləşməsi sehrli bir təsadüfə bağlıdır. Əslində işlə məşğul olmalı olan Raif incəsənət qalereyalarını gəzərkən xəz palto geymiş bir gənc qadının avtoportretini görür və ona heyran olur. Həmin an portretin real qəhrəmanı Mariya yolu keçir.

Müasir dövrə bağlılıq

70 il öncə cinsi əxlaqın yetərincə sərt olduğu ölkədə yaşamasına baxmayaraq, müəllif sevgililərin münasibətlərini inanılmaz dərəcədə müasir tərzdə təsvir edir. Mariya vəziyyətə nəzarət edir. O, Raifdənsə qadına aşiq olacağını deyəndə Raif dəhşətə gəlir. Mariya Raifi onun sözünü kəsməyən ilk kişi olduğuna görə təqdir edir.

Raif həm marağından, həm də qadının diqqətini cəlb edəcəyinə ümid etdiyindən Mariyanın bu cəsarətli söhbətini sakitcə dinləmək istəyir. «Mənim can yoldaşına necə də çox ehtiyacım var», – o deyir. Görünür, onun fiziki sevgidən çox qəlb sirdaşına ehtiyacı var.

Bu sevgi macərasından sonra Türkiyəyə qayıdan Raif evlənir, övladlarını böyüdür və işləyir. Ancaq Berlindən qalan peşmançılıq və üstü açılmamış sirlər onu «keyləşdirir». «İstər dünyəvi xoşbəxtlik olsun, istərsə də maddi sərvət, dəyərli bir şeyi itirməyin ağrısı zamanla unudula bilər. Ancaq itirilmiş imkanlarımız heç vaxt bizi tərk etmir, bizi hər zaman izləyir və ağrıdır», – o deyir.

Qismən avtobioqrafik sayılan «Xəz paltolu Madonna» romanı 1920-ci illərdə müəllifin özünün Berlində keçirdiyi vaxtdan qaynaqlanır. Əsəri müasir dövrlə bağlayan daha bir məqam region gənclərinin müharibə və iqtisadi çətinliklər səbəbindən dolanışıq üçün Berlinə getməsidir. Onlar da Raif kimi, bu ultramüasir şəhərə heyrandırlar. Onlar da vətən həsrəti çəkirlər.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG