Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 14:06

‘Mövcud qanunvericilik seçkilərin demokratik keçirilməsinə təminat yarada bilir’


Hikmət Babaoğlu
Hikmət Babaoğlu

“Azərbaycanda insanların seçki hüquqlarını tənzimləyən sistem mövcuddur. Seçki haqqında qanunvericilik qəbul olunub və bu zamana qədər təcrübə göstərib ki, bu qanunlar məhz hüquqa əsaslanan demokratik seçkilər keçirmək üçün kifayətdir”.

Bunu Hakim Yeni Azərbaycan Partiyasının təmsilçisi, deputat
Hikmət Babaoğlu
deyib. ​

Seçki qanunvericiliyinə dəyişiklik gözlənilirmi?

O, “ bu il dekabrda bələdiyyə, gələn il isə parlament seçkiləri keçiriləcək. Seçki qanunvericiliyində hər hansı təkmilləşmə, dəyişiklik gözlənilirmi” sualına cavab verərəkən belə söyləyib.

Deputat daha sonra əlavə edib:

“Azərbaycanda insanların seçki hüquqlarını tənzimləyən sistem mövcuddur. Seçki haqqında qanunvericilik qəbul olunub və bu zamana qədər təcrübə göstərib ki, bu qanunlar məhz hüquqa əsaslanan, məhz demokratik seçkilər keçirmək üçün kifayətdir. Ona görə düşünmürəm ki, hansısa qanunvericilikdə dəyişikliyə ehtiyac var. Seçkilər də indiyə qədər olduğu kimi seçicilərin iradəsini əks etdirəcək formada baş tutacaq”.

“ Müstəqil ekspertlər, müxalif partiyalar Venetsiya Komisiyasının tövsiyələrini və Azərbaycanın Avropa Şurası qarşısındakı öhdəliklərini xatırladaraq seçki qanunvericiliyinin yenidən işlənməsininin vacibliyini bildirirlər. Bu barədə nə deyə bilərsiniz” sualına da H. Babaoğlu belə cavab verib.

“Bilirsiniz, Azərbaycanda demokratik cəmiyyət var və insanlar fərqli düşünə bilərlər. Hər halda mən belə hesab edirəm ki, mövcud qanunvericilik seçkilərin demokratik əsaslarda keçirilməsinə təminat yarada bilir”.

Avropa Birliyi ilə saziş nə vaxta qaldı?

“ Bir müddət əvvəl cəmiyyətdə rəsmi Bakının Avropa Birliyi ilə tərəfdaşlıq haqqında saziş imzalayacağı barədə müzakirələr aparıldı. Milli Məclisin spikeri sənədin imzalanacağını söyləsə də, Xarici İşlər Nazirliyi təkzib etdi. İndi sual olunur, sazişin imzalanacağı nə vaxta qaldı” sualına da cavabda H. Babağlu söyləyib ki, saziş mühüm bir sənəddir:

“Biz Avropa Birliyinə üzv ölkələrin Azərbaycanla yaxşı münasibətlərinin olduğunu və başqa regional təşkilatları ilə çoxtərəfli münasibətlərin yarandığını bilirik. İmzalanması nəzərdə tutulan saziş Avropa Birliyinin üzv ölkələrinin Azərbaycanla münasibətlərini keyfiyyətcə yeni mərhələyə qaldıracaq. Çünki sənəddə Azərbaycan üçün həssas olan məsələlərin hamısı nəzərə alınıb. Məsələn, dövlətimizin ərazi bütövlüyü. Eyni zamanda, Azərbaycanın həyata keçirdiyi layihələr iqtisadi dinamizmi də yeni mərhələyə gətirib. Bakı-Tbilisi-Qars dəmiryolunun çəkilib başa çatdırılması, Ələtdə “Azərticarət” bölgəsinin yaradılması kimi məsələlələr Azərbaycanı Avropa Birliyinin üzv ölkələri üçün iqtisadi məkana çevirir. Ona görə də sazişin imzalanması əhəmiyyətlidir. Ancaq bunun nə zaman imzalanacağı haqda məlumatım olmadığından bir şey deyə bilməyəcəm”.

Azərbaycanla Avropa Birliyi arasında tərfdaşlıq sazişinin imzalanması ilə bağlı danışıqlar 2017-ci ilin fevralında başlayıb. Sazişin mətni ictimaiyyətə açıqlanmayıb.

Xatırlatma

Bu il sentyabrın 6-da Müsavat Partiyasının ofisində bir sıra müxalif partiyaların seçkilərlə bağlı toplantısı keçirilib.Orada seçkilərlə aid bir sıra təkliflərin yer aldığı layihə müzakirə edilib.

Sənəddə qeyd edilib ki, azad və ədalətli seçkilər yalnız seçkiqabağı demokratik mühit, bərabərhüquqlu siyasi rəqabət şəraitində mümkündür.

“Zəruri seçki islahatları məqsədi ilə Ümumxalq Referendumu keçirilsin. Proporsional ( namizədlərin partiya siyahısı ilə verilməsi) seçki sistemi bərpa olunsun. Parlament üzvlərinin sayı yarısı proporsional, yarısı mojaritar ( namizədlər fərdi qaydada verilir) dairələrdən seçilməklə 201 nəfərədək artırılsın…” deyə sənəddə yazılıb.

Layihə müəllifləri habelə hesab edirlər ki, seçki komissiyalarının tərkibi paritet əsaslarla formalaşdırılmalıdır.

XS
SM
MD
LG