Keçid linkləri

2024, 03 Noyabr, bazar, Bakı vaxtı 07:22

‘Bu, KİV üzərində nəzarət xarakteri daşıyır və senzuradır’


Baş prokurorluq
Baş prokurorluq

Baş Prokurorluq iyulun 10-da kütləvi informasiya vasitələrinə həqiqətə uyğun olmayan və dəqiqləşdirilməmiş informasiyaların yayılmaması barədə xəbərdarlıq edib.

Baş Prokurorluq iyulun 10-da kütləvi informasiya vasitələrinə həqiqətə uyğun olmayan və dəqiqləşdirilməmiş informasiyaların yayılmaması barədə xəbərdarlıq edib.

Qurum bu xəbərdarlığı hərbi xidmətdə olarkən vəfat etmiş əsgər Fərdi Yarəliyev haqqında mediada gedən xəbərlərə görə edib:

"Bəzi kütləvi informasiya vasitələri və sosial media səhifələrində hərbi xidmətdə olarkən Alazan çayında suda batması nəticəsində vəfat etmiş Quba rayonu Üçgün kənd sakini Fərdi Yarəliyev-in meyiti üzərində guya zorakılıq əlamətlərinin aşkar olunması barədə yalan məlumatlar yayılmışdır".

Prokurorluq media orqanlarında gedən məlumatları təkzib edib, süni ajiotaj yaratmaq məqsədilə yayıldığını bildirib.

Samirə Ağayeva, 4 iyul 2017
Samirə Ağayeva, 4 iyul 2017

Hüquqşünas Samira Ağayeva hesab edir ki, istintaq orqanları, o cümlədən prokurorluq media qurumlarına xəbərdarlıq edə bilməz, “bu, KİV üzərində nəzarət xarakteri daşıyır və senzuradır".

"Jurnalistlərin vəzifəsi məhz məlumatı toplayıb əməkdaşlıq etdiyi media orqanı vasitəsilə onu işıqlandırmaqdır. Buna heç bir orqan qarışa bilməz və bu baş verirsə, artıq senzuraya oxşayır. Bu, həm "KİV haqqında" qanunun, həm də "İnformasiya əldə etmək haqqında" qanunun, o cümlədən Azərbaycan Respublikasının Konstitusiyasının və Avropa İnsan Hüquqları Konvensiyanın 10-cu maddəsinin pozulması deməkdir", - hüquqşünas deyir.

Onun söylədiyinə görə, KİV nöqsana yol veribsə prokurorluq araşdırma aparmalıdır və qanun pozuntusu aşkar olunarsa jurnalist məsuliyyətə cəlb edilməlidir.

Arqument.az saytının baş redaktoru Şəmşad Ağa-nın sözlərinə görə, prokurorluğun jurnalistə hansısa mövzuda qadağa qoyması hüquqaziddir.

Onun sözlərinə görə, ilk dəfə deyil ki, prokurorluq jurnalistlərə xərdarlıq edir.

Şəmşad Ağa, arxiv foto
Şəmşad Ağa, arxiv foto

“Bu, ənənəvi haldır və hökümətin informasiyanı məhdudlaşdırmaq üçün atdığı addımlardan biridir. Bir müddət əvvəl jurnalist Əvəz Zeynallını prokurorluğa Turan İnformasiya Agentliyin direktoru Mehman Əliyevə verdiyi suala görə prokurorluğa çağırmışdılar. Bu da böyük qalmaqala səbəb oldu".

Redaktor əlavə edib ki, məlumatı əldə etmək və yaymaq jurnalistin hüququdur və bu, qanunvericilikdə təsbit olunub. "Konstitusiyanın 50-ci maddəsində məlumatı əldə etmək hüququ var. Əgər ölən əsgərin valideynləri hesab edir ki, onların oğlu öldürülüb və bundan şikayətçidirsə, jurnalistin bunu araşdırmaq, yaymaq hüququ var. Yaxşı olar ki, dövlət orqanları mətbuatı susdurmaqdansa istintaqı duzgün aparsınlar və bu barədə ictimaiyyəti məlumatlandırsınlar".

Ş.Ağa əlavə edib ki, heç bir dövlət orqanı mətbuatla təhdid dilində danışmamalıdır.

Azərbaycan rəsmiləri ölkədə senzura olmadığını, onun 1998-ci ildə ləğv edildiyini, ölkədə söz və ifadə azadlığının tam təmin olunduğunu, çox sayda qəzet, sayt, televiziya və radioların fıəaliyyət göstərdiyini bildirirlər. Eyni zamanda KİV-lərə dövlət səviyyəsində yardım edildiyini, mənzillə təmin olunduğunu vurğulayırlar.

Xatırlatma

Fərdi Yarəliyev, arxiv foto
Fərdi Yarəliyev, arxiv foto

Baş Prokurorluğun yaydığı məlumatda Dövlət Sərhəd xidmətinin əsgəri Fərdi Yarəliyevin çayda bataraq öldüyü deyilir. Eyni zamanda mərhumun bədənində xəsarət aşkar edilmədiyi qeyd olunur.

Zaqatala hərbi prokurorluğunda Cinayət Məcəlləsinin 342.1-1-ci (qulluğa səhlənkar yanaşma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.

Əsgərin AzadlıqRadiosuna danışan yaxınları isə onun başından yaralanaraq öldürüldüyünü, baş nahiyəsində 10 sm dərinliyində yara olduğunu bildirirlər.

XS
SM
MD
LG