Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:11

‘Bu qərar kartofun bahalaşmasına xidmət edəcək’ -media icmalı


Kartof
Kartof

Valideynlərin yeni dərs ili ilə bağlı qayğıları, idxal edilən kartofa tətbiq olunan gömrük rüsumunun iki qat artırılması, hemofiliyalı xəstələrin dərman çatışmazlığı və başqa məsələlər medianın aparıcı mövzularındandır...

İSTEHSALÇININ YOXSA HÖKUMƏTİN MARAĞI?

“Novoye Vremya” qəzetində “Kartof rüsumları: kim udacaq?” sualı gündəmə daşınır.

Müəllif Nazirlər Kabinetinin bu günlərdə ölkəyə idxal olunan kartofa tətbiq edilən gömrük rüsumunu 15 fazidən 30 qaldırmasını müzakirəyə çıxarıb:

“Təbii ki, bu qərardan irəli gələrək sadə istehlakçını ilk düşündürən hökumətin bu ikiqat rüsum artımı qərarının kartofun bütünlükdə bahalaşmasına səbəb olub olmayacağıdır”.

Nazirlər Kabinetinin binası, Bakı
Nazirlər Kabinetinin binası, Bakı

​Müəllif vurğulayıb ki, bu il ölkədə yaxşı kartof yetişib, təklif tələbi üstələyir.Yazıda vurğulandığına görə, hətta satış qiyməti o qədər aşağı olub ki, istehsala çəkilən xərcləri ödənməyib.

Müəllifin qeyd etməsinə görə, elə buna görə, idxal edilən kartofa ikiqat rüsm tətbiq etməklə bazarda yerli məhsula tələbi artırmaq istəyirlər.

Yazıda bildirilir ki, rublun dəyərdən düşməsi ilə indi Rusiyaya ixrac əlverişli görünür.

Müəllif hesab edir ki, bu üzdən hökumətin idxal olunan kartofa ikiqat rüsum tətbiqinə yerli istehsalçının maraqlarını qorumaq kimi də baxmaq olar. Amma müəllifi bir sual da düşündürür.

“Bəlkə rüsumu artırmaqla hökumət dövlət büdcəsinə əlavələr etmək istəyir?”:

“Ölkədə istehsal edilən bir çox meyvə-tərəvəz, o cümlədən kartof da idxal məhsulları ilə müqayisədə daha baha olur və satıcılar bunu yerli məhsulun yüksək keyfiyyəti ilə izah edirlər. Beləliklə, rəqabətin məhdudlaşdırılması və rüsumların artırılması yəqin ki, yerli bazarda kartofun kəskin bahalaşmasına xidmət edəcək”.

Müəllifin iddasına görə, Azərbaycan özünü kartofla qismən təmin edir...

HEMOFİLİYALI XƏSTƏLƏRİN DƏRMAN PROBLEMİ

“Trend.az” saytında “Azərbaycanda hemofiliyalı xəstələrin dərmanlarla təminatında problemlər yaranıb” sərlövhəli yazı oxumaq olar.

Yazıda mövzu ilə bağlı Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının rəhbəri Gülnarə Hüseynova-nın düşüncələrinə yer verilib.

Illustrasiya
Illustrasiya

G.Hüseynova deyib ki, Azərbaycanda hemofiliyalı xəstələrin ( hemofiliya qanınlaxtalanma xüsusiyyətinin pozulması ilə xarakterizə olunan irsi xəstəlik-R) dərman preparatları ilə təminatında problemlər yaranıb.Onun vurğulamasına görə, bu problem özünü bu ilin əvvəlindən göstərməyə başlayıb:
“Bu problem indiyədək həllini tapmadığından xəstələrin dərmanla təminatı məsələsi indi daha da çətinləşib. Xəstələrə verilən dərmanların həcmi getdikcə azalır. Bu isə xəstələrin sağlamlığı üçün ciddi təhlükə yaradır”.

Assosiasiya rəhbəri bildirib ki, hemofiliyalı xəstəyə qanaxma olmadan həmin preparat vurulmalıdır ki, o, əlilliklə üzləşməsin. Yazıda qeyd edilir ki, Nazirlər Kabineti-nin təsdiqlədiyi “2016-2020-ci illər üçün hemofiliya xəstəliyi üzrə Tədbirlər Proqramı”nda da belə problemlərin yaranmamasından ötrü profilaktik tədbirlərin icrasına geniş yer verilib.

Assosiasiya rəhbəri əlavə edib ki, məsələ ilə əlaqədar bu günlərdə Səhiyyə Nazirliyində aidiyyatı qurum rəhbərləri ilə görüşüb. G.Hüseynova deyir ki, görüşdə hemofiliyalı xəstələrin dərman preparatları - faktor konsentratları ilə təchizatı, fizioterapiya xidmətinin yaxşılaşması və regionlarda bu sahə üzrə tibbi kadrların təkmilləşməsinə dair müzakirələr aparılıb.

Assosiasiya rəhbərinin deməsinə görə, nazirlik təmsilçisi son vaxtlar faktor konsentratlarının çatışmazlığını tələbatın çoxalması ilə əlaqələndirib.

G.Hüseynova əlavə edib ki, nazirlik nümayəndəsi hemofiliyalı xəstələr üzərində edilən cərrahi əməliyyatlarda profilaktik müalicədən ötrü sərf olunan faktor konsentratlarının həcminin azalmasını da məhz bu amil ilə izah edib.

“MƏKTƏB BAZARLIĞI”

“Azərbaycan” qəzetində isə “Məktəb bazarlığı və valideyn həyəcanı” sərlövhəli yazı dərc edilib.
Yazıda artıq, başlanmasına sayılı günlər qalmış yeni tədris ili ilə bağlı valideynlərin məktəb hazırlığı qayğıları gündəmə daşınır.

Məktəb bazarlığı
Məktəb bazarlığı

Müəllif eyni zamanda yeni dərs ilinə hazırlığı bəzi ailə büdcələri konteksində dəyərləndirir:

“... Elə ailələr də var ki, yeni tədris ilində iki və daha artıq uşağı məktəbə yollanacaq. Bu halda valideynlər elə etməlidirlər ki, həm bütün dərs ləvazimatlarını alsınlar, həm də bu, onların büdcələrinə uyğun olsun. Bəs, görəsən, bu ərəfədə bir uşağın məktəb xərci neçəyə başa gəlir?”.

Müəllif yazmasına görə, həm məktəb ləvazimatları satılan bəzi mağazalara, həm də Bakı Şəhər İcra Hakimiyyətinin Ticarət və Xidmət Departamentinin metro stansiyaları qarşısında təşkil etdiyi məktəb ləvazimatları yarmarkalarına baş çəkib.

Yazıda qeyd edilməsinə görə, yarmarkadakı qiymətlər mağazadakılardan az da olsa ucuzluğu ilə fərqlənir.

Üstəlik, müəllif bildirir ki, mağazaların özündə də qiymətlər fərqlidir. Yazıda qiymətləri qeyd edilən əşyalardan biri də məktəbli çantaları olir. Müəllif vurğulayıb ki, məktəbli çantaları keyfiyyətindən asılı olaraq 15 manatdan 100 manatadək dəyişir.
Yazının sonunda da müəllif yekun hesablamalarını təqdim edir:

“Apardığımız kiçik araşdırma zamanı məlum oldu ki, bir şagirdin məktəbə yola salınması üçün, orta hesabla, təxminən 150-200 manat xərcləmək lazım gəlir”

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG